Axşam saatlarında paytaxtda Nəriman Nərimanov adına parkda gözündə qara eynəklə oturub əlindəki rəngarəng saplarla şərf toxuyan bir kişi diqqətimizi çəkdi. Yaxınlaşanda onun iki gözdən əlil olduğunu və dünya işığına həsrət qaldığını öyrəndik. Gözləri görməsə belə, sanki seçdiyi rəngarəng saplara toxunduqca onun rənglərini, işığını hiss edirdi və üzündə qəribə bir ifadə yaranırdı.
Görmədiyi halda toxuduğu gözəl naxışlı şərf, papaq, jaket və güllər insanı heyrətləndirməyə bilməzdi. Biz də bu heyrətimizi boğa bilməyib ona yaxınlaşdıq. Adının Elçin Abbasov olduğunu deyən bu şəxs 11 yaşından toxuculuqla məşğul olduğunu dedi. 6 yaşında ikən görmə qabiliyyətini itirdiyini deyən 32 yaşlı E.Abbasov həyatın onunla oynadığı acı oyuna baxmayaraq həyata nikbin yanaşmağa çalışırdı. O, bu həyatdan gözləntilərinin, istəklərinin olduğunu deyirdi.
Bunları danışdıqca üzündəki ifadədə ümidlə ümidsizliyin, kədərlə sevincin vəhdətini görürdük. “Kiçik yaşlarımdan gözlərim travma alıb. Amma 6 yaşıma kimi rəngləri seçə bilirdim. Sonradan əməliyyat olundum. Dedilər ki, Moskvada məni sağalda bilərlər. Ancaq maddi imkan olmadığı üçün ailəm məni Moskvaya apara bilmədi. Valideynlərim bir gözümü Bakıda əməliyyat etdirdilər. Dedilər ki, xeyri olsa, o biri gözümü də etdirəcəklər. Amma əməliyyatdan sonra evdə oynayan zaman yıxıldım və stolun tini əməliyyat olunan gözümə batdı. Ondan sonra həmin gözüm tam tutuldu. İllər keçdikcə, təzyiqdən gözümün görmə siniri sıradan çıxdı. İndi günün işığı da mənə qaranlıqdı”.
Danışarkən səsinin titrəməsinə baxmayaraq bir təbəssümlə “görməsəm də anam üçün lazım olanda iynəni də saplayıram” dedi və yanındakı iynə ilə sapı saplayaraq bunu bizə də göstərdi. O, sanki kədərli həyatını unutmaq, dünənə yox sabaha baxmaq istəyirdi.
Toxumaqla dərdlərini, problemlərini unutduğunu, qismən təskinlik tapdığını deyən E.Abbasov toxuduqlarının öz müştəriləri olduğunu və hamısını sata bildiyini dedi: “Mən 1994-cü ildən, 11 yaşımdan toxumağı öyrənmişəm. Amma 2007-ci ildən bəri artıq sərbəst toxumağa başlamışam. Toxuduqlarımı da satıram. Ramanada yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində xalçaçılıq kursuna getdim və toxuculuğu daha yaxşı öyrəndim. Həmin kursu bitirib sertifikat aldım. Demək olar ki, hər şey toxuya bilirəm. Hətta xırda muncuqlardan güllər də düzəldirəm. Onları burada parkda satıram. Hansısa mağazaya vermirəm, çünki mağazalar ucuz götürür. Papaqla şərfi dəst olaraq 15-20 manata satıram. Qışda daha çox alıcılarım olur. İndidən toxuyuram ki, qışadək çatdıra bilim. Bəzən gün ərzində 2-3, bəzən də bir dənə papaq, şərf sata bilirəm”.
|
“Hətta evimizə qonaq gələndə qaçıb gizlənirdim ki, məni görməsinlər, ailəm məndən utanmasın...” |
İlk dəfə 11 yaşında sapı az olduğu üçün kəmər toxuduğunu deyən müsahibim onu toxuya bildiyi zaman çox sevindiyini deyirdi. Kəməri toxuduğu gün sevincindən yemək yemədiyini deyən həmsöhbətim həmin kəməri dəfələrlə söküb yenidən toxuyub. Oturacaqda yanına qoyduğu sapın rəngarəngliyi və əsasən də açıq parlaq rənglər olması diqqətimizdən yayınmır və ondan bu sapların rəngini özünün istəyi ilə seçilib-seçilmədiyini soruşuruq.
Sapların rəngini özünün seçdiyini deyən müsahibim sapa toxunanda onun yaxşı və ya pis sap olduğunu dərhal hiss etdiyini bildirdi: “Bu sapların rəngini özüm deyirəm. Satıcı da verir. Mən əl işlərimdən müğənni Elnarə Abdulayevaya, Kamran Həsənliyə, aparıcı Mətanət xanıma hədiyyə etmişəm. Ümumiyyətlə, bekar oturmağı sevmirəm. Bilirəm ki, əziyyətli olsa belə öz çörək pulumu toxumaqla çıxardıram və heç kimə möhtac deyiləm. Allah mənə bu sınağı veribsə, onun etdiyinə eyib demək olmaz. İnsan nəsə pis vərdiş qazanırsa, eyib, rüsvayçılıq odur və ondan utanmalıdır. Əgər kimlərsə məni ələ salır, yuxarıdan aşağı baxırsa düşünürəm ki, o insanlar normal insanlar deyil. Əvvəllər belə hallar mənə çox pis təsir edirdi. Amma sonradan düşündüm ki, əlilə yuxarıdan aşağı baxan, gülüş obyektinə çevirən insanların gözləri açıq olsa da qəlbləri kordur. Bəzən burada oturanda hiss edirəm ki, gənclər, eləcə də yaşlılar bəzən gəlib qarşımda dayanır və mənim görüb görməməyimi yoxlayır. Sonra da toxuduqlarıma baxıb gülürlər.
Bax, həmin insanlar dünyanın bütün rənglərini, işığını görsələr də qəlbləri, düşüncələri qaranlıq, bəsirətləri isə kordur. Həyatda heç sevmədiyim şey haqsızlıqdır. Amma heç vaxt deməmişəm ki, yaxşı ki, bu haqsızlıq edən insanları görmürəm. Çünki elə şeylər var ki, onu söz həll edir, göz həll edə bilmir. Elə şeylər də var ki, əksinə, söz yox, göz həll edir. Bu dünyanı - işıqları, rəngləri, ağacları görməyi çox istərdim. Amma heç vaxt özümü ümidə qapdırmamışam ki, mən nə vaxtsa görə bilərəm. Çünki həkimlər mənə demişdi ki, təzyiqdən gözlərimin görmə sinirləri sıradan çıxıb. Bunun da müalicəsi yoxdur. Bəlkə də xarici ölkələrdə bunun müalicəsi olar. Amma o ümidlə də yaşamaq istəmirəm. Çünki ümid edib o ümidin boşa çıxdığını görəndə adam ikinci tarvamanı yaşayır”.
E.Abbasovun valideynlərdən də bir istəyi var - əlil uşaqlarından utanmamaları, onları gizlətməmələri:“Valideynlər bəzən əlil olan uşaqlarını ictimaiyyətdən gizlədirlər. Onu harasa aparmağa, insan içinə çıxartmağa utanırlar. Ailəsinin ondan utandığını hiss etmək o uşaq üçün nə deməkdir bunu heç kim anlaya bilməz. Mən də bu hissləri yaşamışam. 13-15 yaşlarıma kimi hiss edirdim ki, valideynlərim məndən sıxılır. Hətta evimizə qonaq gələndə onlar mənə demədən özüm qaçıb gizlənirdim ki, məni görməsinlər, ailəm məndən utanmasın. Kiminsə gəldiyini hiss edəndə, yaxud küçədə yanımdan insan keçəndə sanki cinayət işləmiş biri kimi qaçıb gizlənirdim. Sonra düşündüm ki, bu cəmiyyətdən qaçmağım normal deyil. Əgər mən bu cəmiyyətdə yaşayıramsa, normal insan kimi yaşamalıyam.
Yox əgər belə qaçaraq yaşayacağamsa, o zaman heç yaşamağımın mənası yoxdur. Fikrimi ailəmə dedim. Amma onlar inkar etdilər və məndən heç vaxt sıxılmadıqlarını dedilər. Ancaq mən hər şeyi hiss edirdim və bu da məndə həyata qarşı küskünlük yaradırdı. Beləcə, fikrimi toxuculuğa verdim. İlk dəfə toxumağı bacılarımdan öyrəndim. Mənə maraqlı gəlirdi ki, bu sapı necə edirdilər ki, o, parça kimi alınırdı. Beləcə, yavaş-yavaş öyrəndim. Realibitasiya mərkəzində isə bu biliyimi daha da genişləndirdim. Özüm Lerik rayonunun Ərdəbil kəndindənəm. Amma artıq bir ildir ki, Bakıda qohumlarımla kirayədə qalıram. İstəyərəm ki, ailə qurum burada bir evim olsun. Gözdən əlillər üçün ev tikilir. Mən Bakı qeydiyyatına düşüb bu evdən almaq istəyirəm. Mən həyatımı normal insanlar kimi yaşamaq istəyirəm”.
Cia.az
