Avqustun 21-də Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün genişləndirilmiş müşavirə keçirilib. MSK sədri Məzahir Pənahov bildirib ki, Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün bütün şərait var. Demokratik seçkilərin keçirilməsi üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitlik olmalıdır. Azərbaycanda bu sahədə heç bir problem yoxdur.
M.Pənahov Azərbaycanın seçkiləri müşahidə etmək istəyən yerli və beynəlxalq müşahidəçilərə həmişə şərait yaratdığını da deyib. O qeyd edib ki, seçkilərin şəffaflığı üçün 1000-ə qədər seçki məntəqəsində kameralar quraşdırılıb, internet üzərindən dünyanın istənilən nöqtəsindən bu məntəqələrdə seçkiləri izləyə bilərlər. MSK sədri bütün dairə seçki komissiyalarının müasir standartlarda inşa olunan binalarda fəaliyyət göstərdiyini, seçki məntəqələrinin də müasir tələblərə cavab verən binalarda fəaliyyət göstərdiyini söyləyib.
M.Pənahov qeyd edib ki, seçki hüquqlarının qorunması ilə bağlı məsələlər də Seçki Məcəlləsində əksini tapıb: “Azərbaycan vətəndaşının ən yüksək məhkəmə instansiyasına müraciət edərək hüququnu təmin etməsi də qanunvericilikdə əksini tapıb”.
MSK sədri dairə seçki komissiyalarının sədrlərini bundan sonra da fəaliyyətlərində məsuliyyətli olmağa çağırıb.
Prezident Administrasiyası rəhbərinin müavini, Regional idarəetmə və yerli özünüidarəetmə orqanları il iş şöbəsinin müdiri Zeynal Nağdəliyev isə bildirib ki, səsvermədə qanun pozuntusuna yol verilməməsinin təmin edilməsi qarşıya qoyulan məqsədlərdəndir: “Prezidentin tələbi odur ki, seçkilərdə şəffaflıq təmin olunsun”.
Z.Nağdəliyev seçkilərdə bütün siyasi partiyalara bərabər şərait yaradılmalı olduğunu qeyd edib: “Dairənin hər birində təbliğat və təşviqat üçün açıq və qapalı yerlər var. Olmayan dairələrdə də təbliğat və təşviqat üçün belə yerlər ayrılacaq”.

Z.Nağdəliyev seçki siyahılarının dəqiqləşməsi sahəsində böyük iş görüldüyünü vurğulayıb: “Bizim seçici siyahıları bir çox ölkə üçün nümunədir. Hər bir vətəndaşın seçki hüququnun reallaşdırılması üçün şərait yaradılır. Seçki siyahılarının dəqiqləşməsi sahəsində iş hər gün davam etməli, mütləq seçici siyahıları ideal olmalıdır. Mən seçki məntəqələrində veb-kameraların quraşdırılmasını da xüsusi qeyd etmək istəyirəm. Veb-kameralar seçkilərin şəffaf keçirildiyini göstərmək üçündür. Hər bir şey etməliyik ki, bu sınaqdan da üzüağ çıxaq. Seçkidə xırda məsələ yoxdur, xırda olsa da, fəsadı böyükdür, ölkəmizin imicinə mənfi təsir edə bilər”.
Daxili işlər nazirinin müavini Oruc Zalov isə DİN-in MSK ilə birlikdə sentyabrdan başlayaraq seçkidə təhlükəsizliyi təmin edən polislər üçün treninqlər və tədbirlər keçirəcəyini açıqlayıb və seçki dövrü ilə bağlı xəbərdarlıq xarakterli mesajlar verib: “Polis orqanları hər bir seçən və seçilənin hüquqlarını qorumağa borcludur. Deputatlığa namizədlərin görüşlərində təhlükəsizlik tam təmin olunacaq və onların seçki kampaniyası aparması üçün təhlükəsiz şərait yaradılacaq. Əgər görüşlər zamanı kimsə qanunazidd hərəkət edərsə, polis bunun qarşısını qətiyyətlə alacaq. Yerli icra orqanları və seçki komissiyaları bu görüşlər barədə əvvəlcədən məlumatlandırılmalıdır ki, polis həmin görüşlər zamanı təhlükəsizliyi təmin etsin. Ancaq razılaşdırılmamış yerlərdə tədbirlər keçirilərsə, qanunazidd şüarlar səsləndirilərsə, polis bütün gücü ilə bu halların qarşısını alacaq. Ölkəmizdə mövcud olan sabitlik bundan sonra da qorunub saxlanacaq. Bizim əvvəlki illərdə qazandığımız təcrübə bu işi də uğurla başa vurmağa kömək edəcək.
Daxili İşlər Nazirliyi seçki zamanı baş verə biləcək qanun pozuntularının qarşısının alınması məqsədilə xüsusi tədbirlər planı hazırlayıb".
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov isə bildirib ki, seçkilərlə bağlı hələ çox şeylər öyrənilməlidir: “Bəzən bizə elə gəlir ki, hər şeyi bilirik. Elə deyil, yenə öyrənməliyik. Çünki yeni texnologiyalar, normalar meydana gəlir.
Seçki hüquqlarının həyata keçirilməsi Azərbaycan dövlətinin mahiyyətinə xas olan keyfiyyətdir. Azərbaycan demokratik, hüquqi dövlətdir və bu prinsiplər Konstitusiyada əksini tapıb. Seçki bu hüquqların reallaşdırılması baxımından çox mühümdür. Mən əminəm ki, bu günə qədər keçirilən seçkilər Azərbaycanın qoşulduğu bütün sənədlərin tələblərinə uyğun gəlir. Ancaq hər gün Seçki Məcəlləsinin tələblərini daha çox mənimsəməliyik ki, artıq söz-söhbətlərə ehtiyac qalmasın. Çalışmalıyıq ki, növbəti parlament seçkisində də Azərbaycan bir nümunə göstərsin. Seçkilər ən yüksək səviyyədə, şəffaf keçirilməlidir".
Cia.az
