|
Hakimiyyət-Qərb konfliktinin əsas səbəbi;

Hikmət Hacızadə: “İqtidar Qərbin gətirdiyi demokratiyadan və rəngli inqilabdan qorxur”; Fəzail Ağamalı: “Moskvanın 20-25 il qabaqkı hərəkətləri az qala bunların yanında hörmətə layiq hərəkətlər idi” 

Azərbaycan hakimiyyəti ilə Qərb dairələri arasındakı münasibətlərdə hökm sürən konfrantasiya şəraiti davam edir. Rəsmi Bakıya QHT rəhbərləri, eyni zamanda jurnalistlərin həbsi ilə bağlı verilən reaksiyalar gərginliyin səngimək əvəzinə artdığını təsdiqləyir.Ancaq diqqətçəkən bir məsələ var ki, Azərbaycan hakimiyyəti də Qərb dairələri ilə münasibətlərə yenidən baxmağa maraqlı görünmür. 

Bəzi müşahidəçilərin fikrincə, əgər hakimiyyət bir neçə siyasi məhbusun azadlığına qərar verərsə, münasibətlərdə kəskin dönüş yaranar və gərginliklərin yerini normal əlaqələr tuta bilər. Odur ki, ortaya sual çıxır, hakimiyyət Qərblə niyə anlaşa bilmir? Belə konfrantasiya vəziyyəti ona sərf edir, yoxsa ortada Rusiya amili var deyə, Bakı ehtiyat edir?
 
Politoloq Hikmət Hacızadə deyir ki, burada iki səbəb var: “Birincisi, hakimiyyət Rusiyadan qorxur və Qarabağ məsələsinin həllində Moskvadan kömək gözləyir. Bu köməyi qazanmaq üçünsə Qərbi söymək lazım gəlir. İkincisi, iqtidar Qərbin gətirdiyi demokratiyadan və rəngli inqilabdan qorxur. Buna görə də Qərbin bütün demokratik proqramlarını bağlayır”. Bəs, bu durum, münasibətlərdəki gərginlik nə vaxta qədər davam edə bilər? H.Hacızadənin cavabı konkret oldu: “Qərb Rusiyanı çökdürənə qədər”.

 
Ancaq bu da var ki, Rusiya imperiyasının çöküşü barədə gözləntilər reallaşmaya da bilər. Yaxud ABŞ və Avropa İranla anlaşdığı kimi, günün  birində Rusiya ilə də ortaq dil tapa, keçmişdə olanları unuda bilər. Yaxud Rusiyanı çöküşü uzun illərdən sonra reallaşa bilər. O zamana qədər isə Bakı ilə Qərb paytaxtları arasındakı gərginlik hansısa ciddi fəsadlar verə bilər. Bakının dirənişinin qarşılığında Qərb Azərbaycan hakimiyyətinə qarşı sanksiya-filan tətbiq edə, yaxud onu dəyişmək barədə düşünə bilərmi? Politoloq bunu düşünmür: “İş burasındadır ki, hökumətimiz ancaq demokratik proyektləri bağlayır. Qərbin biznes və ya strateji proqramlarına isə toxunmur. Qərb biznesinə toxunsa, məsələn, bp-ni və s. ölkədən qovsa, onda sanksiyalarla rastlaşa bilər”.

 
AVP sədri, deputat Fəzail Ağamalı isə fərqli düşünür: “Qərb uzun müddətdir ki, Azərbaycana təzyiq etməkdədir və bu anlaşılmazlığın günahını mən Azərbaycan hakimiyyətində görmürəm. Bunun üçün əlimizdə kifayət qədər faktlar, arqumentlər var. Qərb Avrovision mahnı festivalı ərəfəsində, onun gedişi dövründə belə, mahnı festivalını siyasəlişdirməyə cəhdlər göstərdi, özünün resurslarını işə salaraq Azərbaycana qarşı daha çox siyasilərin və bir sıra dövlətlərin ixtiyarında olan, onların nəzarəti altında hərəkət edən QHT-ləri, medianı Azərbaycana qarşı yönəltdi. Eyni situasiya daha geniş şəbəkədə idman oyunları ərəfəsində və oyunların gedişində baş verdi. Hətta bununla bağlı Avropa Olimpiya Komitəsi sədrinin çox kəskin bəyanatı oldu. 
 
Əgər Azərbaycan dinamik inkişaf edən, sabit, öz portnyor öhdəliyini bütün bəndləri ilə yerinə yetirən bir ölkədirsə, əgər o, Qərbin Azərbaycanın maraqlarına zərbə vuran layihələrində - İran və ya Rusiyaya qarşı - iştirak etmirsə, üstəlik, rəsmi Bakı müstəqil, öz dövlətinin, xalqının maraqlarına uyğun xətti həyata keçirirsə, müstəqil siyasət aparırsa, bu isə Qərbin, bir sıra beynəlxalq təşkilatları idarə edən Qərb dövlətlərinin xoşuna gəlmirsə, onların maraqları Azərbaycanda təmin olunmursa, onda Azərbaycana qarşı ən müxtəlif şəkildə təhdidlər həyata keçirirlər. Eyni zamanda Azərbaycanda Leyla Yunus, Xədicə İsmayıl kimi ”beşinci kolon"un nümayəndələrini işə salırlar, onların haqqında aparılan araşdırmaların obyektiv şəkildə getməsinə mane olurlar və Azərbaycana təzyiq edirlər, anoloqu olmayan bir şəkildə ki, “məhkəmənin qərarı olmadan onlar dərhal azad edilsin”. 
 
Bununla da Azərbaycana alçaldıcı münasibət bəsləyirlər". F.Ağamalı qeyd etdi ki, Azərbaycan dövləri bütün bunları qəbul etməməklə tamamilə düz edir: “Çünki biz müstəqil dövlətik, onların koloniyası deyilik. Mən kommunist hakimiyyəti dövründə, nifrət etdiyim rejimdə də yaşamışam, ona qarşı mübarizə aparan insanlardan biri kimi onun məhdudiyyətlərinin, qadağalarının şahidi olmuşam. Moskva bu cür hərəkət etməyib. Moskva bu dərəcədə həyasızlıqla, biabırçılıqla etdiyi hərəkət etmirdi. Moskvanın 20-25 il qabaqkı hərəkətləri az qala bunların yanında hörmətə layiq hərəkətlər idi. Bunlar artıq bütün hədləri aşaraq Azərbaycan qarşı alçaldıcı hərəkətlərə yol verirlər ki, Azərbaycan dövləti də bunu heç zaman qəbul etməyəcək. Azərbaycan müstəqil dövlətdir, onun prezidentinin xətti doğrudur, bu, onun milli və dövlət maraqlarına tam xidmət edir və xalqımızın iradəsini özündə əks etdirir. Bütün bu yaranmış vəziyyətin günahı isə Qərb dairələri və orada kök salan erməni lobbisindədir
Cia.az