“Türkiyədə çox həssas bir məqamda bir sıra siyasətçilər o qədər məsuliyyətsiz davrandılar ki...”
Türkiyə İŞİD və PKK ilə mübarizədə gərgin günlərini yaşayır. Qardaş ölkənin müxtəlif şəhər və bölgələrində hər gün terror aktları törədilir, terrorla mübarizədə hər gün türk əsgərləri şəhid olur. Türkiyə terror təşkilatlarına qarşı təkcə təhlükəsizlik xidmətlərinin imkanlarından istifadə etmir. Türk ordusu hazırda ciddi hərbi əməliyyatlar aparmaqdadır. Türkiyənin istər hərbi, istərsə də iqtisadi potensialı genişdir. Qardaş ölkə üzləşdiyi problemlərlə təkbaşına da bacara bilər.
Amma o da nəzərə alınmalıdır ki, Türkiyə ilə Azərbaycan 2011-ci ildə hərbi sahədə əməkdaşlığa dair çox mühüm sənəd imzalayıb. Həmin sənədə görə, tərəflər bir-birinə yardım etmək öhdəliyi götürür. Amma baş verənlərin fonunda nəzərə çarpan mühüm bir məqam odur ki, Azərbaycan Türkiyəyə terrora qarşı mübarizədə nəinki hərbi dəstək vermir, hətta rəsmi şəkildə siyasi dəstək verdiyini də bəyan etmir.
Azərbaycanın müvafiq hakimiyyət orqanları, rəsmi şəxsləri tərəfindən adi bir bəyanata belə rast gəlinmir. Türkiyədən həmişə qardaş ölkə olaraq dəstək uman və həlledici məqamlarda dəstək görən Azərbaycanın indi çətin günlər yaşayan qardaşına ən azından siyasi dəstəyi açıq şəkildə ortaya qoymaması, heç olmasa Türkiyə səfirliyinin önündə dəstək mitinqi təşkil edilməməsi təəccüb doğurmaqla yanaşı, ortaya suallar çıxarır.
Azərbaycan nə üçün PKK və İŞİD məsələsində Türkiyəyə açıq siyasi dəstək ifadə etmir?
BQP sədri, deputat Fazil Mustafa hesab edir ki, müşahidə olunan susqunluğun səbəbi başqadır. Azərbaycan hakimiyyəti Türkiyə hökumətinin istəyi ilə addımlar atılmasına daha çox önəm verir. Faktiki olaraq Azərbaycan Türkiyənin terrorizmə qarşı mübarizəsində və başqa məsələlərdə Ankaraya dəstək verir. Türkiyə hüquq-mühafizə orqanları ilə koordinasiyalı şəkildə iş aparılır: “İstər İŞİD terrorçularına, istər PKK terrorçularına qarşı mübarizədə hüquq-mühafizə orqanları birlikdə fəaliyyət göstərirlər. Təbii ki, bunun bir az deklorativ olaraq cəmiyyətə çatdırılması daha uyğun olardı. Hazırda Milli Məclis tətildə olduğu üçün bu məsələləri orada qaldırmaq imkanımız yoxdur. Amma siyasi partiya olaraq bizim və bir sıra partiyaların Türkiyəni dəstəkləmək barədə bəyanatları var”.
Deputat qeyd etdi ki, əsas problemlərdən biri Azərbaycanla bağlı deyil, bu gün Türkiyənin siyasi elitasında məsuliyyətsiz siyasətçilərin sayı ilə bağlıdır: “Bu qədər gərgin, ağır situasiyada şəxsən mən bütün siyasi ambisiyalarımdan geri çəkilərdim və hökumətin formalaşması üçün bütün addımları atardım. Elə məqamlar yaranır ki, həmin vaxt dövlətin maraqlarını qurban vermək olmaz. Türkiyədə çox həssas bir məqamda bir sıra siyasətçilər o qədər məsuliyyətsiz davrandılar ki, dövlətin maraqları təhlükə altına girdi, koalision hökumət qurulmadı. Hökumət qurulmayanda da işin koordinasiya olunması, onlara çağırışlar edilməsi və başqa mühüm məsələlərdə ciddi problemlər ortaya çıxır. Bizim umacağımız o idi ki, Türkiyədə koalision hökumətin qurulması ilə PKK-ya qarşı daha sərt və vahid hökumət modeli hücuma keçmək imkanları yaranardı. İndi bu baxımdan, məncə, Türkiyənin tələbi varsa, daha çox Azərbaycan ona öz mövqeyini indeksləşdirir və məmnuniyyətlə dəstək verər. Təbii ki, hamının məsələyə yanaşması eyni deyil. Müxalifətdə olan partiyaların yanaşması hakimiyyətin yanaşması ilə fərqli ola bilər. Belə görünür ki, hakimiyyət terror təşkilatları ilə bağlı mövqeyini Türkiyə ilə koordinasiya olunmuş şəkildə ifadə edir”.
Cia.az
