Paytaxt Bakının yollarında vəziyyət acınacaqlıdır. Hər il büdcədən yollara külli miqdarda pul xərclənsə də bu, nəticəni dəyişmir. Bərbad yollarımız nəinki Avropa, heç bir standarta cavab vermir. Demək olar ki, tez-tez haradasa yolun dağıldığının, qazıldığının və ya çökdüyünün şahidi oluruq. Bəzən isə bu vəziyyətlə yeni təmirdən çıxmış yollarda rastlaşırıq. Bu hal istər paytaxtda, istərsə də rayon yollarında baş verir.
Daha bir yol çökməsi Xətai rayonu, Məhəmməd Hadi küçəsində, “Həzi Aslanov” metrostansiyasının yanında baş verib. Asfalt örtük 30-40 sm çöküb. Bu isə maşınların gediş-gəlişində ciddi problem yaradır. Yaxınlıqda dayanan avtobus və taksi sürücüləri də çökən yolun yaratdığı problemlərdən gileyləniblər. Onlar bildiriblər ki, çökən yerdən keçərkən maşının altı yerə dəyir və nəticədə avtomobil sıradan çıxır: “Burda az qala yarım metr çökək əmələ gəlib. Keçərkən maşının altı yerə dəyib parçalanır. Həm də elə yerdədir ki, ehtiyatla da keçmək risklidir. Gündəlik 5-10 manat pul qazanırıq, onu da aparıb ustalara veririk”.
“8-ci kilometr” bazarının qarşısı da pis vəziyyətdədir. Bura da “Həzi Aslanov” metrosundan Ukrayna dairəsinə qədər olan yoldan fərqlənmir. Bakının bəzi yolları kimi bura da demək olar tam nəzarətdən çıxıb. Çala-çuxur, baxımsız yolların nə vaxtsa düzələcəyi xəyal kimi görünür.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan “Azəryolservis” ASC-nin mətbuat katibi Anar Nəcəfli bildirdi ki, “Həzi Aslanov”dan “Neftçilər” metrostansiyasına qədər, yəni Qara Qarayev prospekti və Məhəmməd Hadi küçələrinin təmir-bərpa işləri ilə Bakı Şəhər İcra Hakimiyyəti məşğul olur.
Bu yollardakı vəziyyətə onlar cavabdehdir. Anar Nəcəfli həmçinin qeyd etdi ki, cari ildə yol təmirinə ölkə üzrə 290 milyon manatdan çox pul ayrılıb. A.Nəcəflinin sözlərinə görə, bu pul 7 mənbədən fonda daxil olur, elə yolların təmir və tikintisi üçün də xərclənir.
Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da sualımıza cavab vermək istəyən tapılmadı. Danışmaq üçün etdiyimiz bütün cəhdlər boşa çıxdı. Dəfələrlə zəng etməyimizə baxmayaraq, ya telefona cavab verən olmadı, ya da telefonu götürən şəxs məsələnin ona aid olmadığını dedi.
Cia.az
