Avqustun əvvəlində Göygöl qoruğuna əhalinin və turistlərin girişinə icazə verildi. Minlərlə insan bura gəldi, ətraf mühitin gözəlliyini seyr etdir. Lakin 10 gün ərzində insanlar ərazini zibillədilər. Gəzintiyə gələnlər əllərindəki zibilləri zibil qutularına deyil, hara gəldi atdiblar.
Qeyd edək ki, Göygölün uzun illər insanların üzünə qapalı olmasının səbəbi ekologiyanın qorunması ilə bağlı olub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bioloji müxtəlifliyin qorunması və xüsusi mühafizə olunan təbiət ərazilərinin inkişafı departamentinin direktor müavini Hikmət Əlizadə bir neçə gün öncə qəzetimizə verdiyi açıqlamasında bu illər ərzində Göygöl ərazisindən 700 maşından artıq zibil daşınıldığını bildirmiş və insanları ətraf mühiti çirkləndirməməyə çağırmışdı. Ancaq görünür, bu çağırışlara məhəl qoyan olmayıb.
Ümumiyyətlə, Azərbaycanda insanlar zibili müvafiq qutularına deyil, yerə atmağı bir növ vərdiş halına gətiriblər. Binaların, küçələrin arxasında zibilxanalar, zibil qabları olsa da, adamlar əllərindəki əşyaları, zibili hara gəldi atırlar. Kimisi siqaret kötüyünü, kimisi su şüşəsini, kimisi də yediyi qidanın qabını, qalığını küçələrə atır. Hətta çoxmərtəbəli binadan zibili, istifadə edilmiş pampersi yerə atanlar da var.
Bu cür insanlara irad bildirəndə isə elə davranırlar ki, sanki bu belə də olmalıdır. və onlar düz edirlər. Yaxud da zibil qutularının az olmasını səbəb kimi göstərirlər. Bu cür davranışlar da şəhərin küçələrində qalaq-qalaq zibillərin toplanmasına səbəb olur.
İnsanlarımız başa düşmək istəmir ki, zibili, tullantıları müvafiq yerlərə qoymaq, ətrafı təmiz saxlamaq bir mədəniyyətdir. Bu mədəniyyət uzun illər öncədən xarici ölkələrdə ciddi şəkildə formalaşıb...
Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov küçəyə, parklara, yaşıllıq ərazilərə zibil atan insanların yüksək məbləğdə cərimələnməsinin tərəfdarı olduğunu bildirdi: “Sovet dövründə hər məhəllədə dəmir parçası, metallar, kağız, qəzet qəbul edən məntəqələr var idi. Əlvan metalların, dəmirin, kağızın qiyməti bir-birindən fərqli idi. Kağıza pul vermirdilər. Ancaq talon verirdilər. Bu talonla istədiyin kitabı gedib ala bilərdin. O zaman camaat maraqlı idi. Heç kim kağızları zibilliyə atmırdı. Zibil qutularında ancaq yeyinti məhsulları idi. O dövrdə Balaxanı zibil yandırma zavodunun yerinə başqa zibil yandırma zavodu var idi. Zibil qutuları da azdır. Həm də vaxtı-vaxtında zibil qablarını boşaltmırlar. Əgər kimsə 9-cu mərtəbədən zibili atırsa, onları yüksək məbləğdə cərimələmək lazımdır ki, bir də o işi etməsinlər. Bəzən də görürük ki, kimsə maşınla gedəndə evindən götürdüyü zibili zibil qabına atmaq əvəzinə maşının pəncərəsindən yolun kənarına atır. Bu cür insanları yüksək məbləğdə cərimələmək lazımdır. Çünki başqa əlacımız yoxdur. Küçələri zibilləyənlər anlamalıdır ki, bura onların öz vətəni, öz torpağıdır. Əgər evini çirkləndirmirsənsə, niyə küçəni çirkləndirirsən?! Axı sənin övladların orada gəzir, oynayır”.
Psixoloq Dəyanət Rzayev bildirdi ki, ictimai qınaqla zibilliklərin qarşısını almaq mümkün deyil: “Xarici ölkələrdə zibil qutuları zibilin növlərinə görə bölünür. Azərbaycanda isə zibil qutuları ümumiyyətlə azdır. Bəzən deyilir ki, bizdən mədəni xalq yoxdur. Amma zibillə davranmağın özü də mədəniyyətdən xəbər verir. Telekanallarda bunu təbliğ etmək və insanlara daimi xatırlatmaq lazımdır ki, şəhəri, küçələri zibilləmək olmaz. Birdə zibil qutularının sayını çoxaltsalar mənə elə gəlir ki, hər şey düzələcək. Bu kimi neqativ halların qarısını almaq üçün təbliğat aparmaq, cəza və cərimə üsulları tətbiq etmək lazımdır. Bəzən görürük ki, kimsə yol gedə-gedə siqareti çəkib yola atır. Siz Almaniyada yolda siqaret çəkən adam ümumiyyətlə görə bilməzsiniz. İctimai qınaqla bunun qarşısını almaq mümkün deyil. Balkondan zibil atan adama kim ictimai qınaq edəcək? Bütün bunların qarşısını almaq üçün ciddi qanunlar və cərimə üsulu tətbiq etmək lazımdır”.
Cia.az
