“Mənim müraciətim əsasında Rabitə və İnformasiya Nazirliyi ABŞ-a rəsmi sorğu göndərib”
Seçkilər yaxınlaşdıqca mediada, eyni zamanda sosial şəbəkələrdə ayrı-ayrı deputatların ötən illərdəki fəaliyyətinin təftişinə daha çox yer ayrılır. Bu mənada vaxtaşırı gündəmə gətirilən və tənqid edilən deputatlardan biri də Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblidir. Facebook-da yaradılmış səhifələrdən birində (“Lənkəran 2015") komitə sədri sərt şəkildə tənqid olunur.
Hadı Rəcəbli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, onunla bağlı kampaniya aparanların üzə çıxarılması üçün ciddi hərəkətə keçib: “Belə şey olar? Götürüb ağzına gələni yazırlar.
Sovet hökuməti anonim məktub yazmağı qadağan eləmişdi. İndi necə olur anonim sayt açılır, insanları təhqir edir, heç kim də ona heç nə edə bilmir?” Deputatın sözlərinə görə, artıq məsələ ilə bağlı müvafiq araşdırmalara başlanılıb: “Mənim müraciətim əsasında Rabitə və İnformasiya Nazirliyi ABŞ-a, facebook mərkəzinə rəsmi sorğu göndərib.
Bunlar məxfi məsələlərdir, ancaq Amerika nəsə edə bilər. Bizim günümüzə baxın ki, Amerika hər şeyimizə müdaxilə edib. Ola bilər ki, facebook səhifəsi açanlar elə burdadır, ancaq hələ ki konkret ünvan bəlli deyil. Buna baxmayaraq, məsələ ilə ciddi məşğuluq. Eyni zamanda Amerikadan cavab gözləyirik. Bütün hallarda bu, dəhşətli bir şeydir". H.Rəcəbli istisna etmir ki, bu səhifəni onun dairəsindən deputat seçilmək istəyən, yaxud onun imicinə zərbə vurmaq istəyən qüvvələr hazırlasın.
Cia.az
