|
Rəşad Məcid

Hamımızın qarşısına eyni cür adamlar çıxır. Sadəcə, hamımız eyni adam deyilik. 

Həyatımın böyük bir üzüntüsünü yaşayırdım. Bilmirəm nə idim. Adını bilmədiyim haldaydım, ağlım ağrıyırdı. Dünya mənə həmişəkindən daha nəhəng və yırtıcı görünürdü. 

Zərbə dalınca zərbə enirdi göydən. 

Olur, hə, sizdə də olub, əminəm, bilmirsən, dünyanın harasından yapışasan. 

İş həyatım yarıda kəsildi, özəl həyatım...nəsə keçmişə qayıtmayaq. 

Kabinetinin qapısını döydüm. Səs gəlmədi, qapı öz-özünə açıldı. O idi, “gəlin” demədən durub qapını açmışdı. 

Sizsiz? Gülümsədi, - gəlin, gəlin, buyurun. Dinmədən oturdum göstərdiyi yerdə. Əlində yazılar vardı, oxuyurdu. Həvəslə müəlliflərdən danışdı. Hamısı gənc idi. Gördüm ki, maqqaşla istedadlı gənc yığır. Aralarında lap çox dəyər verdikləri də vardı. Bir şeir oxudu, bir hekayədən parça...Yaxşı mətnlər idi. Sərvət tapmış kimi sevinirdi. Bir neçə gənci təriflədi. Müzakirə etdik mətnləri. Mənim yazılarımdan da danışdı. “Bir gün də yazmaqdan vaz keçməyin. Özünüz də bilmirsiz yazıya necə can verirsiz” dedi. “Bir dəfə şeirlərinizi gətirmişdiz. Otaqda mən də var idim. Verin bizim qəzetdə də çap edək - dedim. Heç fikir vermədiz” Ara verib gülümsəyərək giley etdi: Burnunuz göylərdəydi. Bu haçan olub - incələməyə çalışmadım. İstədim düzəliş edim: “burnum yox, fikrim göylərdə olub”. Etmədim. 

Birdən soruşdu: 

- Yaxşısız? 

- Hə, yaxşıyam –dedim. 

Qayğılı-qayğılı baxdı və elə bil səsli düşündü: 

- Yox, yaxşı deyilsiz... 

Karyera həyatımı soruşdu - neçə yaşında işləməyə başladım, hansı TV də çalışdım, necə oldu, nə vaxtdan yazıram filan. Danışdım. Artıq təqaüdə çıxmalısız ki – dedi. Güldük. Beləcə dostlaşdıq. 

Əslində, hamımızın qarşısına yaxşı dost ola bilən adamlar çıxır. Sadəcə, hamımız onu öz dostumuza çevirə bilmirik. Zamanla gördüm ki, o, düşmənlərinin də dostudu. Bir dəfə kiminsə haqqında pis danışdığını eşitmədim. Ancaq güvəndiyi adamlardan namərdlik görəndə günlərlə özünə gəlmədiyini də görmüşəm. “Bunu necə edə bildi? Niyə etdi?” üzüntü içində bu sualı səsləndirər. O, məsələn, hansısa bir istedadlı oğlanı tanıtmağa çalışırdı. Adamlar deyirdilər ki, bir məqsədi var, özünü AYB sədrinin gözünə soxmaq istəyir. O, bir istedadlı qızı tanıtmağa çalışırdı. Adamlar deyirdilər ki... bildiz nə deyirdilər. Və bunu bezdirici, əlçəkməz şəkildə deyirdilər. Həm də elə adamlar ki, özləri içlərində paxıllıq qumbarası gəzdirirlər. Həyatları boyu bir insanı həqiqətən sevə bilməyənlər. 

Mənsə onun heç bir addımında alt qat, qara niyyət axtarmamışam. Ona görə də heç vaxt tapmamışam. 
Başqa cür dost ola bilməzdik. 

Dostlar bir-birinə nədəsə bənzəməlidi. Kimisə tanımaq istəyirsənsə başqalarının onun haqda yox, onun başqaları haqda dediklərinə bax. Başqalarının “yaxşı” dedikləri adamların insanlardan necə nifrətlə danışdığını az görmədik. Mən onun insanlara sevgisini sevdim. Ən ağır dönəmimdə yanımda olmasını heç vaxt unutmaram. Təkcə mənim yox. Çox adama əl uzadıb, kömək edib. Qəzetində tribuna verib, kitabını çap etdirib, tədbirlərə çağırıb, tanıtmağa çalışıb. Ancaq bunların içində ən çalışqanları, doğrudan da imza olmaq istəyənlər, gecə-gündüz külüng döyənlər üzə çıxıb, parlayıb. Türkiyəyə hər gedişində oxuduğum yazarların kitablarını alıb gətirərdi. Onun mənim kimi başqalarına da kitab hədiyyə etməsini, bu arxaikləşən ənənəni sakitcə davam etdirməsini izləyirdim. İstədiyimiz kitabı tapanda sevinirdi. İstedadlı adam haqda özünə qarşı nə edir etsin, “istedadlıdı” deyə bilməsi də bir ayrı aləmdi. Gündəlik "Yaz!” tələbi bəzən məni cana doydururdu. Ta o çağacan ki, artıq onun “yaz” deməsinə ehtiyac yox idi. 

Atam deyərdi ki, yaxşı dost əsl qazancdı. Başqa qazanca güvən yoxdu. 

Sevgili də bir gün tərk edə bilər, ata-ana da anlamaya bilər. Ancaq əsl dost... 

Bütün ilişkilərin açarıdı dostluq. Dostluq yoxdusa, heç nə yoxdu. 

İnsanların dostu olanların ölkəsində insanlıq hökm sürər. 
Mənim dostum sevməyi bacarır. Ancaq onun sevgisiz vaxtları da olur. Özü yazdığı kimi bu zaman üzü kimsəsiz evin eyvanına bənzəyir. Onun şeirilə yazımı yarımçıq qoyub doğum gününü kutlayıram! 

Bu şeirlər, bu yazılar canımdan, 
Səni hiss-hiss, duyğu-duyğu qoparır. 
Əllərini, tellərini astaca, 
Gözlərini qorxa-qorxa qoparır. 

Hələ çoxdur səndən məndə qalanlar 
Hələ nələr yazmalıyam mən, nələr... 
Ağrı dolu, əzab dolu romanlar, 
İnildəyən, sızıldayan şeirlər. 

Gərək hələ səni gün-gün itirib, 
Görüşləri bir-bir sayıb çıxarım. 
Hüceyrəmdən pinset ilə götürüb, 
Ürəyimdən qaşıqlayıb çıxarım. 

Son şeirimi yazdığım gün son səhər, 
Yaddaşımdan uzaqlaşıb itərsən. 
Son baxışın bədənimi titrədər, 
Gözümdəki son damlayla bitərsən.
 

Aysel ƏLİZADƏ, 

Cia.az