Qurban bayramında əfv veriləcəyi deyilir; Mirvari Qəhrəmanlı: “Əfvin verilməsi üçün şərait yaranmalıdır”
Son aylarda Azərbaycanda siyasi fəalların məhkəmələri çox sürətlə aparıldı. Leyla və Arif Yunusların məhkəməsi cəmi bir ay çəkdi. Xədicə İsmayılın isə məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Hakimlər tələm-tələsik hökm oxumağa çalışdılar.
Bütün bunlardan sonra bir versiya ortaya atıldı ki, hakimiyyət Qurban bayramında əfv sərəncamı verəcək və həbsdə olan məşhur siyasilərin əksəriyyətini azad edəcək. Bu səbəbdən də prosesləri tez bir zamanda yekunlaşdırırlar. “Yeni Müsavat” da öncəki saylarında bu barədə məlumat vermişdi.
Nəzərə çatdıraq ki, iki il öncə Qurban bayramında əfv verilmiş və nəticədə Fərhad və Rafiq Əliyev qardaşları azad olunmuşdu. Builki bayramda - sentyabrın 25-də də bu tərzdə əfvin veriləcəyi barədə söz-söhbətlər gəzir.
İnsan Haqları üzrə Birgə İşçi Qrupunun üzvü Mirvari Qəhrəmanlı yayılan xəbərlərin real olacağına inanmır:“Ramazan bayramında da dedim ki, əfv verilməyəcək. Bu bayrama da inanmıram. Şəxsi fikrimdir. Bəlkə prezident başqa cür düşünür. Ola bilsin ki, prezident Ramazanda verilmədiyi üçün indi əfv imzalasın. Hesab edirəm ki, Əfv Komissiyasının tərkibinə yenidən baxılmalıdır. Bu komissiyanın tərkibində aktiv insanlar olmalıdır. Onların aktivliyindən çox şey asılıdır. Bu proseslərdə 3-4 nəfərin əziyyətini görürəm. Beynəlxalq qurumlar siyasi məhbusların azad olunması istiqamətində strategiyalarında dəyişikliklər etməlidirlər. Çağırışlarına, bəyanatlarına diqqət yetirməlidilər.
Hamımız 28 May Respublika Günündə əfv gözləyirdik. Təəssüf edirəm ki, həmin ərəfədə kəskin bir bəyanat verildi. Belə bəyanatlar olanda, Azərbaycandan ona qarşı tədbirlər görülür. Düşünürəm ki, 28 mayda məhz bu bəyanata görə əfv verilmədi. İqtidarın siyasətinin tam əksinə oldu. Beynəlxalq təşkilatlardan xahiş edirəm ki, övladları həbsdə olan analar, qardaş yolu gözləyən bacılar, nişanlısını yaxud həyat yoldaşını gözləyən insanları nəzərə alsınlar. Çox diqqətli olmaq lazımdır. Bu ilin sonuna qədər əfvin verilməsi üçün şərait yaranmalıdır. Seçkilər öncəsi əfv veriləcəyinə, açığı, ümid etmirəm. Hazırkı deputatlar zaman-zaman Milli Məclisdə məhbusların məsələsini qaldırmalı idilər”.
Cia.az
