Avqustun 23-də saat 16:00-da ADP qərargahında “Ağ Blok”un təqdimatı keçiriləcək. Qarşıdan gələn parlament seçkiləri ilə bağlı yaradılmış, əsasən gənclərdən təşkil olunmuş qurum tədbirdə deputatlığa namizədlərini də cəmiyyətə təqdim edəcək. Xarici ölkə səfirlikləri, media nümayəndələri, digər siyasi qurumlar da tədbirə dəvət olunacaq.
Blokun parlament seçkiləri və ondan sonrakı dönəmdəki hədəfləri açıqlanacaq.
Təqdimat barədə “Yeni Müsavat”a danışan “Ağ Blok”un təmsilçilərindən olan Tural Abbaslı tədbirin məqsədi, formatı barədə geniş məlumat verdi:“Məqsədimiz blokun namizədlərinin cəmiyyətə, mətbuata və siyasi arenaya təqdim etməkdir. Təkcə namizədlərimizin yox, ”Ağ Blok"un özünün də ictimai təqdimatı nəzərdə tutulub. Əsasən tədbirdə gənclərin kütləvi şəkildə iştiraklarını gözləyirik. Mesajlarımızı verəcəyik.
Namizədlərimizin dairələri elan olunacaq. Onların qısa çıxışları olacaq. Diqqətçəkən, hər kəs tərəfindən rəğbətlə qarşılanacaq tədbir keçirmək niyyətindəyik. Seçki ilidir, prosesləri sürətləndirməliyik. Bildiyimiz kimi, seçkiyə start verilməsinə 10 gün qalıb. Amma hələ də prosesləri başladan qurum yoxdur. Ümumiyyətlə, seçki mühiti hiss olunmur. Hamımız yaxşı bilirik ki, seçkidən başqa heç bir yolla dəyişiklik etmək mümkün deyil. Seçkiləri xalq və siyasi arena üçün maraqlı etməliyik. Buna məcburuq. Seçkilərə qatılmaq lazımdır ki, saxtalaşdırma az olsun. Bu proses insanların həyatlarına nə qədər təsir etsə, bir o qədər müsbət olar. Tədbirimiz bu missiyanı üzərinə götürüb, həyata keçirmiş olacaq. Təki bizdən sonra da digər qurumlar bu tərzdə tədbirlər keçirsinlər. Xalq qarşıdan gələn seçkilərin önəmini hiss etməlidir".
“Ağ Blok” təmsilçisi siyasi proseslərin olmamasından şikayətləndi: “Təəssüflər olsun ki, Azərbaycanda indiyədək aparılan yanlış siyasət nəticəsində xalqın siyasi proseslərə inamı qırıldı. Bu sirr deyil. Müxalifət olaraq, mövqelərimiz hakimiyyət qarşısında xeyli zəifləyib. Seçkilərdəki uğursuzluqlar, partiyalararası davalar müxalifəti proseslərdən kənar qoyub. İndiki vaxtda kütləvi aksiyaların təşkili qəliz məsələdir. Son illərdəki aksiyalar dediklərimin sübutudur. Belə vəziyyətdə gənclərdən təşkil olunmuş blok olaraq, kütləvi tədbirin keçirilməsi bizim üçün risklidir. Əminəm ki, öhdəsindən gələcəyik. Əsasən, gənclərdən ibarət kollektivi ora yığmaq niyyətindəyik. Hər kəs dəvətlidir. Bu istiqamətdə işlərimiz gedir. Sosial şəbəkələrdə event yaradılıb. Dəvətlərin bir qismi artıq göndərilib. Kütləviliyin təşkil olunması istiqamətində səylə çalışırıq. Texniki məsələləri artıq həll etmişik. İnanıram ki, hazırda siyasi arenada olan partiyaların əksəriyyətindən fərqli olaraq, möhtəşəm bir tədbir keçirəcəyik”.
Tural Abbaslı gəncliyə müraciət etdi: “Yeniliyə meylli olan ölkə gənclərinə müraciət edirəm. Hər kəsi bu tədbirdə iştiraka səsləyirəm. İstənilən sualları verə bilərlər. Güc birlikdədir. Tədbirə gələn insanlardan imkan daxilində xahiş edirəm ki, ağ köynəklərlə gəlsinlər. Bu həm də bizə rəmzi dəstək olar. Güman edirəm ki, məqsədlərimizin reallaşması üçün dəstəkçilər çox olacaq”.
Cia.az
