Narazılıq bu kartların üstündəki sözlərin Azərbaycan dilinin qaydalarına uyğun olmamasından yanadır; Firudin Cəlilov: “Bir dövlət idarəsində dövlət dili düzgün işlədilmirsə, bu artıq ayıbdır...”
Avqustun 8-dən etibarən Bakı Metropoliteni stansiyasına daxil olmaq üçün vahid ödəniş kartı kimi BakıKart və “BakıKart Məhdud istifadə üçün” kartların istifadəsinə başlanılıb. Avqustun 15-dən sentyabrın 30-dək “Metrokart”ın girov dəyəri, sadəcə, gediş haqqı kimi istifadə olunacaq və metropolitendə “Metrokart” və “Bakıkart”ın birgə istifadəsi həyata keçiriləcək. Sentyabrın 30-dan etibarən “Metrokart”ın istifadəsi dayandırılacaq.
İlkin mərhələdə “BakıKart” və “BakıKart Məhdud istifadə üçün” kartlarından “Baku Bus” MMC-yə məxsus avtobuslarda və Bakı Metropolitenində gediş haqqının ödənişi üçün istifadə ediləcək. “Bakı Kart”ın (plastik kart) qiyməti 2 manatdır və 1 gediş haqqının qiyməti də 0,20 manatdır. Terminallarda kartın balansını artırmaq mümkündür.
“BakıKart Məhdud istifadə üçün” kart isə paytaxtın qonaqları üçün nəzərdə tutulub və qiyməti 20 qəpikdir. Bu növ karta yalnız satın alınarkən 1,2,3 və ya 4 gediş yükləmək mümkündür. 1 gediş haqqının dəyəri 20 qəpikdir. Terminallarda bu növ kartların balansını artırmaq mümkün deyil. Hər iki növ kart heç bir halda geri qaytarılmır.
“Metrokartın” yeni kartla dəyişdirilməsi məsələsinə gəlincə isə bu, avqustun 15-dək mümkün idi. Artıq sərnişinlər “Metrokartı” “Bakıkart” ilə dəyişə bilməyəcəklər. Onu da qeyd edək ki, “Metrokart”ın girov dəyəri “Bakıkart”a gediş haqqı olaraq yüklənir.
Əgər avqustun 15-dək “Metrokart”ın girov dəyəri və balansında olan məbləğ “BakıKart”a köçürmək istəyən sərnişinlər yeni terminal vasitəsilə “Bakıkart”ı alıb istifadədə olan “Metrokart”ı ilə birlikdə stansiyanın xəzinədarına təqdim edərək bir ədəd “Metrokart”ın girov dəyərini və ona yüklənmiş məbləği yalnız bir ədəd “Bakıkart”a transfer edə bilirdilərsə, indi “Metrokart”ın girov dəyəri, sadəcə, gediş haqqı kimi istifadə olunacaq. Sentyabrın 30-dan etibarən “Metrokart”ın istifadəsi dayandırılacaq.
Metroda apardığımız müşahidələrdən bəlli oldu ki metro istifadəçiləri hələ ki, yeni karta öyrəşə bilməyiblər. Daha doğrusu, onu necə əldə edəcəklərini bilmir və nəzarətçi polislərə yaxınlaşırlar. Nəzarətçi polislərin də çox vaxt onlara kobud cavab verdiyini və başlarından etdiyini deyirlər. Mirzə Əliyev adlı metro istifadəçisi yeni kart almaq istəsə də, başı çıxmadığını deyirdi: “Bu terminalların yanına biz sərnişinlərə kömək edəcək, başa salacaq bir nəfər qoysaydılar yaxşı olardı. Ən azından insanlar öyrənənə qədər kömək edərdilər”.

Digər sakin Əkbər Quliyev isə Bakıda müvəqqəti qonaq olduğu üçün “Bakıkart məhdud istifadə üçün” olan kartı aldığını dedi: “Yeni dəyişiklik bizim kimi bir neçə günlük Bakıya gələnlər üçün yaxşıdır. Bəzən elə vaxt olurdu ki , iki manat karta verməyə pulumuz olmurdu. Həm sonra o kartı qaytaranda da götürməmək üçün deyirdilər ki, əzilib, üstü soyulub və sairə. Bu yaxşı oldu”.
Digər istifadəçi Leyla Əhmədova da yeni kartları bəyəndiyini dedi: “Kartımız evdə qalanda artıq kimdənsə bizi keçirməsi üçün xahiş etmək məcburiyyətində qalmayacağıq. 20 qəpik verib müvəqqəti kart alacağıq, sonra da atacağıq”.
Qeyd edək ki, son günlər yeni metro kartlarında yazılan sözlərin Azərbaycan dilinin orfoqrafiyasına uyğun olmaması haqda söz-söhbətlər və müzakirələr səngimək bilmir. Müzakirələrdə kartın üzərində “alınız”, “istifadə ediniz”, “zədələməyiniz” kimi ifadələrin Azərbaycan dilinin normasını və orfoqrafik qaydalarını kobud şəkildə pozduğu bildirilir. Doğrudan da “BakıKart”n arxasındakı xəbərdarlıq yazılarında ədəbi dil normaları pozulub.

Dilçi alim, türkoloq Firudin Cəlilov bildirdi ki, dövlət idarələrində dövlət dilinin düzgün işlədilməməsi ayıbdır: “Buna görə tək onları yox, dövlət idarəsində işləyib dövlət dilini dəqiq bilməyən, dövlət dilində yaza, danışa bilməyən insanları qınayıram və onların dövlət idarələrində işləməyini düzgün hesab etmirəm. Mən hələ neçə il bundan qabaq təklif etmişdim ki, dövlət qulluğuna götürülən şəxslər ana dilindən imtahan verməlidir. Bir çox ölkələrdə bu tətbiq olunur. Bundan başqa, dövlət idarələrinin qabağındakı yazıları oxuyanda dəhşətə gəlirik. Xarici dildə düzgün yazsalar da, ana dilimizdə orfoqrafik səhvlərə yol verirlər. Bu kimi hallar çoxdur. Dükan və bazarlarda da biz bu cür səhvləri görürük. Dövlət dili dövlətin atributudur. Əgər onu düzgün işlətmirsənsə, elə bil ki, digər dövlət atributu olan bayrağın üç rəngi əvəzinə başqa bir rəng qoyursan. Dövlətin atributunu təhrif etmək olmaz”.
Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev də “Bakıkart”ın üzərindəki yazıların səhv olduğunu etiraf edib. O, APA-ya açıqlamasında səhvin aradan qaldırılacağını və növbəti kartın sifarişi zamanı bu səhvlər olmayacağını bildirib. Yeni kartları Türkiyə şirkəti istehsal edib və bu günə kimi 150 minə yaxın kart satılıb.
Cia.az
