AXCP-nin qurultayının ləngiməsi Əli Kərimlinin sədr postundan uzaqlaşdırılması ilə nəticələnə bilər
AXCP sədrinin keçmiş müavini Razi Nurullayev və vaxtilə bu partiyanın üzvü olmuş bir sıra funksionerlər, o cümlədən də hazırda AXCP üzvü olan narazılar yeni təşkilat yaratmaq fikrindədirlər. Bu barədə musavat.com-a məlumatı R.Nurullayev verib.
Redaksiyaya daxil olan bildirişdə qeyd olunur: “Partiyadan zorakı uzaqlaşdırılan və ya istefaya vadar edilən, narazı olan cəbhəçilər AXCP-də daxili demokratiyanın boğulması, partiyanın bir şəxsin iradəsinə tabe edilməsi, əks və alternativ fikrin rədd edilməsi, üzvlərin təzyiqə məruz qalması, partiya sıralarından ləkələnərək uzaqlaşdırılmasına etiraz əlaməti olaraq bir araya gəlir və yeni təşkilatda birləşirlər”.
R.Nurulayev bildirişinin sonunda media mənsublarını 19 avqust 2015-ci il saat 12.00-da Beynəlxalq Mətbuat Mərkəzində yeni yaradılan siyasi təşkilatın təqdimatına dəvət edib.
Təşkilatın adı və yönümü haqda isə bildirişdə məlumat verilməyib.
Razi Nurullayevlə əlaqə saxlayıb elan edəcəyi təşkilatın siyasi partiya olub-olmayacağı, AXCP-dən istefa verən və çıxarılan şəxslərdən başqa da qoşulanların olub-olmadığını dəqiqləşdirmək istədik. R.Nurullayev bütün suallara geniş cavabın avqustun 19-dakı tədbirdə veriləcəyini dedi: “Qısa olaraq deyə bilərəm ki, hər şey mümkündür. Biz hər kəsin qəlbinə yatacaq və razı qalacağı bir format düşündük. Təbii ki, qoşulmaq istəyənlər kifayət qədərdir”.
“Yeni Müsavat”a daxil olan xəbərdə isə deyilir ki, R.Nurullayev siyasi partiya yaradacağı halda AXCP-dən ora qoşulanlar çox olacaq.
Onu da qeyd edək ki, AXCP sədrinin işini çətinə salan daha bir ciddi məsələ də gündəmə gələ bilər. AXCP-nin sonuncu qurultayı 2010-cu ilin 25 sentyabrında olub. Qurultay 4 ildən bir keçirilməlidir. AXCP 6-cı qurultayını 2014-cü ilin noyabrında keçirməli idi. Qurultay noyabra təyin edilmişdi, lakin hansısa səbəblərdən keçirilmədi. Bu günədək də qurultay reallaşmayıb.
5-ci qurultayın seçdiyi sədrin və seçkili orqanların səlahiyyət müddəti 2014-cü ilin 25 sentyabrında bitməli idi. Ancaq məlum olduğu kimi, 6-cı qurultay keçirilməyib və Əli Kərimli, eləcə də digər seçkili orqanlara seçilmiş şəxslər həmin postlarda qalırlar. Bu fakt bir ilə yaxındır AXCP-də sədr postunun qanunsuz zəbt olunması, digər seçkili orqanların da qanunsuz olması deməkdirmi?
Bu sualı da Razi Nurullayevə ünvanladıq. Cavabı belə oldu: “Əgər qurultay 4 ildən bir keçirilməlidirsə, o zaman təbii ki, qanunsuzdurlar”.
Onu da bildirək ki, R.Nurullayev 6 gün öncə-avqustun 13-də “sputnik” saytına açıqlamasında siyasi partiya yaradacağının anonsunu vermişdi: “AXCP-dən istefa verdikdən sonra bir sıra silsilə görüşlər keçirdim və şükürlər olsun ki, bu fəaliyyətim nəticəsiz olmadı. Müsbət nəticələr var və artıq onların cəmiyyətə çatdırılmasının vaxtı yetişib. İlkin mərhələdə ictimai birlik və ya hərəkat kimi ictimai-siyasi proseslərə qatılıb, sonradan siyasi təşkilata çevrilməyi planlaşdırırıq. Noyabrın 1-də keçiriləcək parlament seçkiləri bizim üçün bir sınaq və təcrübə mərhələsi olacaq. Bizimlə bir komandada olan insanlar siyasi proseslərin sınağından çıxmış insanlardır və biz bir komanda kimi seçkilərə qatılmaq istəyirik. Bu yolla öz sözümüzü deyəcəyik və komandamızı cəmiyyətə təqdim edəcəyik. Seçkidən sonra isə bu şəxsləri ölkənin ictimai-siyasi həyatında daha aktiv formada görə biləcəyik”.
Xatırladaq ki, Razi Nurullayev AXCP sədrinin müavini postundan və partiya üzvlüyündən 2015-ci ilin fevralında istefa verib. İstefasından sonra AXCP rəhbərliyi tərəfindən ona qarşı ittihamlar irəli sürülüb. R.Nurullayev də qarşılığında AXCP sədri Əli Kərimlinin səhv idarəçiliyi və fəaliyyəti haqqında kəskin açıqlamalar verib. İstefadan az sonra R. Nurullayev Yeni Demokratiya Hərəkatı adlı yeni qurum yaratdığını da elan etmişdi.
Cia.az
