“İnterpol” tərəfindən axtarışda olan Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyinin keçmiş rəhbəri Arif Məmmədovun avqustun 15-də “Ağ Marş” keçirilməsi ilə bağlı müraciəti uğursuzluğa düçar oldu. Həmin gün Bakıda aksiyanın heç bir əlaməti müşahidə olunmadı.
Amma keçmiş səfir fərqli düşünür. O iddia edir ki, avqustun 15-də paytaxtda onun çağırışına qoşulan şəxslər əllərində ağ qərənfil və ağ çiçəklərlə küçələrə çıxıblar. Nə qədər uyğunsuz görünsə də, avqustun 16-da A.Məmmədov hətta sosial şəbəkələrdə status da paylaşıb: “Artıq məlumatlar alıram ki, dünən gün ərzində bəziləriniz ağ geyimlərdə və ağ qərənfillərlə şəhərin müxtəlif hissələrində gəzintiyə çıxmışdınız və polisin hansısa müdaxiləsi də olmamışdı. Bu, çox vacib məsələdir. İnanın, bu aksiya 10 dənə motodromda ya da stadionlarda keçirilən tədbirlərdən önəmlidir. Xahiş edirəm ki, bu gün də aksiyanı, gəzintiləri davam edəsiniz. Uğurlar arzulayıram. Bir çiçəklə bahar olmaz, amma hər bahar bir çiçəklə başlar”.
Keçmiş səfirin aksiyanın baş tutması ilə bağlı statusunun həqiqiliyini yoxlamaq üçün internet istifadəçiləri arasında kiçik bir sorğu apardıq. Hər kəs aksiyanın keçirilməsindən xəbərsiz olduqlarını bildirdi.
Müsavat başqanının müavini Elman Fəttah “Ağ Marş” aksiyanın keçirilməsi barədə məlumata heç yerdə rast gəlmədiklərini bildirdi: “Heç bir informasiya bülletenində və media orqanında belə bir siyasi aksiyanın keçirilməsi xəbərinə rast gəlməmişəm. Hazırda ölkənin siyasi vəziyyətində elə də aktivlik müşahidə olunmur. Heç bir siyasi qurumu olmayan şəxslərin aksiya çağırışları qeyri-ciddi addımdır. Ona görə də vətəndaşlar bu cür çağırışlara reaksiya vermirlər. Müxalifətin iş-gücü kiminsə müraciətinə qoşulmaq deyil. Hər bir siyasi qurumun öz taktikası var. Buna uyğun planlarını qurur”.
KXCP sədrinin müavini Xəzər Teyyublu da aksiya keçirilməsi xəbərini yalanladı: “Ölkədə ”Ağ Marş" keçirildiyi barədə məlumatım yoxdur. Subyektiv fikrimdir ki, Azərbaycanda siyasi dəyişikliklər birlikdən keçir.
Hər bir fikrə hörmətlə yanaşıram. Amma xaricdə oturmaqla burada hansısa siyasi dəyişikliyə nail olmaq mümkün deyil. Belə məsələlər nəzərə alınmalıdır. Bu, ölkə xaricindən səslənmiş bir təklifdir. Arif bəydən başqa da bu cür təkliflər irəli sürən mühacirlərimiz indiyə qədər olub. Ölkədə siyasi mühitin dəyişməsini istəyən lider mütləq xalqın içərisində olmalıdır. Xalq gedən proseslərin nəticəsində öz liderini müəyyən etməlidir. Arif bəyin müxalifət barədə dedikləri normal qarşılanmalıdır. Çünki gözlədiyini almadı. Düşünürdü ki, müraciətinə dəstək veriləcək. Amma tamam əksini gördü".
VHP İcra Aparatının rəhbəri Samir Əsədli A.Məmmədovun arzularla yaşadığını qeyd etdi: “Arif Məmmədov niyyət edib. Hesab edir ki, niyyəti baş tutub. Ola bilsin ki, o, xəyal, arzularla yaşayır. Bütün bunlar onun şəxsi işidir. Biri gedib Avropada yaşayır, müəyyən vəzifədə çalışır, sonra isə xalqın lideri olmaq iddiasına düşür. Ölkədə repressiya, qanun pozuntuları var. Amma Avropada oturub, hakimiyyətə müxalif olmaq siyasəti doğru deyil. Lider daxildə olmalıdır. Müxalifət partiyalarının rəhbərləri bu xalqın liderləridir. Onların qərarı daim önəmli olur. Dəyişiklik, demokratiya bu ölkənin içərisində xalqın dəstəyi ilə olacaq. Müxalif liderlərinin iştirakı ilə”.
Emil Bağırov
