|
Xarici diplomatlar Müsavat başqanı ilə nədən danışıb

Arif Hacılı: “Beynəlxalq birlik Azərbaycanda noyabr ayının 1-də keçiriləcək parlament seçkilərinə xüsusi önəm verir” 

Parlament seçkilər yaxınlaşdıqca Azərbaycanda fəaliyyət göstərən xarici diplomatik korpusun, bəzi beynəlxalq təşkilatların təmsilçilərinin müxalifət partiyaları ilə təmasları, müzakirələri intensivləşir. Təkcə keçən həftənin cümə günü bu cür bir neçə görüş keçirilib. Məsələn, Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq Müsavat Partiyasının qərargahında partiyanın başqanı Arif Hacılı ilə görüşüb. 
Elə həmin gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələri-Radovoji Grujic və Richard Lappin Müsavat Partiyasının başqanı Arif Hacılı, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, həmçinin Milli Şuranın təmsilçiləri, “REAL” Vətəndaş Hərəkatının təmsilçisi Natiq Cəfərli ilə görüşüb. 
Hər iki görüşlə bağlı yayılan xəbərlərdə müzakirə edilən məsələlər sırasında 1 noyabr parlament seçkilərinin əsas yer tutduğu bildirilib. 
 
Bəs görüşlərdə beynəlxalq təşkilatlar və diplomatik korpus təmsilçiləri müxalifət düşərgəsinə hansı mesajları verirlər? 
 
Bu barədə sualımıza Müsavat başqanı Arif Hacılı cavab verib. Arif Hacılı bildirdi ki, beynəlxalq birliyin, o cümlədən Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalara marağının artması təbiidir. Fərqli cəhət isə ondan ibarətdir ki, bu görüşlər son dövrlər çox intensiv xarakter alıb və hər şeydən görünür ki, beynəlxalq birlik Azərbaycanda noyabr ayının 1-də keçiriləcək parlament seçkilərinə xüsusi önəm verir, bu seçkilərdə siyasi partiyaların fəal iştirakında maraqlıdır.  

“Azərbaycanda seçkilərin demokratik keçiriləcəyinə diplomatik korpus təmsilçilərinin inamı varmı? Seçkilərin demokratik keçirilməsi üçün onlar tərəfindən Azərbaycan hakimiyyəti ilə iş aparılması gözlənilirmi” sualına A.Hacılı belə cavab verdi: “Beynəlxalq birlik Azərbaycandakı vəziyyətdən xəbərdardır. Ən azı son dövrlərdə keçirilən seçkilərdə yol verilən saxtakarlıqların miqyası elə ATƏT-in hesabatında 58 faiz olaraq göstərilib. Yəni bu baxımdan bizim onlara xüsusi məlumat verməyimizə ehtiyac yoxdur. Çünki istər dünyanın aparıcı ölkələrinin, istər Azərbaycanın daxil olduğu beynəlxalq qurumların Azərbaycandakı siyasi vəziyyət, qüvvələr nisbəti, seçkiqabağı şərait və digər məsələlər barədə kifayət qədər məlumatı var. Təbii ki, bəzi dəqiqləşdirmələr aparılır və beynəlxalq qurumların, o cümlədən Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələrini siyasi partiyaların 1 noyabr seçkiləri ilə əlaqədar mövqeyi maraqlandırır. Biz də ilk növbədə ölkədə seçkiqabağı demokratik şəraitin yaradılması istiqamətində atılacaq birinci addım kimi siyasi məhbusların azadlığa buraxılmasını qeyd edirik. Bununla yanaşı, ölkədə mətbuat üzərinə basqılara son qoyulması, televiziya kanallarında müxalifətə yer verilməsi, sərbəst toplaşma azadlığı hüququnun bərpa olunması və digər şərtlər təbii ki, ölkədə seçkiqabağı demokratik şəraitin yaradılmasına başlanğıc kimi dəyərləndirilə bilər. Eyni zamanda qanunvericilik sahəsində bir sıra dəyişiklikləri həyata keçirmək lazımdır. 
 
İlk növbədə seçki komissiyalarının tərkibi dəyişdirilməlidir. Seçki komissiyaları hakimiyyətin monopolyasından çıxarılmalıdır, seçki komissiyalarında iddiaçı tərəflərin bərabər təmsilçiliyi təmin olunmalıdır. Yalnız bu yolla keçirilən seçkilərdə səs saymanı düzgün həyata keçirmək mümkündür. Eyni zamanda seçkilərin azad və ədalətliliyini təmin eləyən başlıca məsələlərdən biri bərabərhüquqlu siyasi rəqabət şəraiti, həmçinin bərabərhüquqlu təbliğat imkanlarının təmin olunmasıdır ki, bu da hazırda Azərbaycanda mövcud deyil. Bütün bu məsələlər bizim həm beynəlxalq təşkilatlarla, həm də diplomatik korpusun nümayəndələri ilə söhbətlərimizdə müzakirə olunur”.

Bəzi beynəlxalq təşkilatlar parlament seçkilərinə müşahidə missiyası göndərməyəcəklərini bəyan ediblər. Məsələn, Avropa Parlamenti Bakı ilə münasibətlərinin soyuqlaşmasından sonra belə bir mövqeni bəyan edib. ATƏT-in seçkini müşahidə edib-etməyəcəyi barədə qurumun nümayəndələri ilə görüşünüzdən sonra bir aydınlıq yarandımı? Beynəlxalq təşkilatların seçkini müşahidə eləməsi, yoxsa hakimiyyətlə münasibətlərin pisləşməsi səbəbindən müşahidəçilikdən imtina etmələri demokratiyanın xeyrinədir?
 
Bu sualları isə Müsavat başqanı belə cavablandırdı: “Beynəlxalq qurumların, o cümlədən dünya birliyi dövlətlərinin Azərbaycanda demokratiyanın inkişafı istiqamətində fəaliyyətini durdurması Azərbaycanın maraqlarına uyğun deyil. Nümunə üçün ABŞ-ın Azərbaycanda fəaliyyət göstərən iki institutunun Azərbaycandan çıxarılması məsələsini diqqətə çatdırmaq istəyirəm. Biz burada həm Beynəlxalq Respublikaçılar İnstitutunun, eyni zamanda Beynəlxalq Demokratlar İnstitutunun fəaliyyətindən tam şəkildə razı deyildik. Ancaq müəyyən fəallıq var idi, siyasi partiyalar arasında müzakirələrin aparılması, seçki kampaniyası dövründə müəyyən tədbirlər həyata keçirilməsi, hər halda, ölkədə az da olsa demokratiya cücərtilərinin yaranmasına xidmət edirdi. Hazırda həmin institutlar Azərbaycanı tərk edib və hesab etmirəm ki, bununla Azərbaycanda demokratiyanın vəziyyəti daha da yaxşılaşıb. Eləcə də beynəlxalq qurumlar seçkiləri müşahidə etməsə, beynəlxalq müşahidəçilər gəlməsə, seçki prosesi diqqət mərkəzində saxlanmasa, hesab etmirəm ki, bu, avtomatik olaraq Azərbaycanda vəziyyətin dəyişməsi ilə nəticələnəcək”.
Cia.az