|
Partiyalar “toqquşan dairələr”də güzəştə gedəcəkmi...

Elman Fəttah: “Nüfuzlu namizədlərin ümumi müdafiə olunması məsələsi prinsiplərimizdən biridir”; İqbal Ağazadə: “Heç bir siyasi qurumun namizədinə güzəştə getməyəcəyik” 

Mirmahmud Mirəlioğlu: “Onlara güzəştə getmək vətəndaşlarımızın haqqını yeməkdir” 

Noyabrın 1-də keçiriləcək parlament seçkiləri yaxınlaşır. Artıq siyasi qurumlar namizədlərini elan etməyə başlayıblar. Seçkilərlə bağlı hələ ki, iki blok yaradılıb. Bunlar “Azadlıq-2015" seçki bloku və ”Ağ Blok" dur. 

Müxalifət partiyalarının bu seçkilərdə bir-birilərinə güzəştə gedib-getməyəcəkləri maraq doğurur. İndiyə qədər dəfələrlə bunun şahidi olmuşuq ki, demokratik düşərgə bloklar şəklində seçkilərdə iştirak ediblər. Nəticədə namizədlərin toqquşması halları bir o qədər də müşahidə olunmayıb. Amma hazırda gedən proseslər onu göstərir ki, bu il tam əksi olacaq. Çünki bəzi qurumların namizəd siyahıları artıq məlumdur. Ümid, VHP partiyaları və “Azadlıq-2015" seçki bloku bu silsilədəndir. 
 
 
Müsavat başqanının müavini Elman Fəttah indiyə qədər hər hansı bir namizədin müdafiə olunması ilə bağlı partiyaya müraciət daxil olmadığını bildirdi: “Demokratik düşərgənin ən nüfuzlu namizədlərinin ümumi müdafiə olunması məsələsi bizim siyasi xəttimiz və prinsiplərimizdən biridir. Amma indiyə qədər Müsavat Partiyasına namizədliyinin müdafiəsi ilə bağlı müraciət edən nə siyasi partiya, nə də şəxslər var. Bu məsələlər namizədlərin elan olunması və qeydiyyat zamanında intensiv hal alacaq. Həmin dövrdə namizədlər öz təşəbbüsləri ilə danışıqlar apararlar. Demokratik düşərgənin namizədlərinin bir-birilərinin əleyhinə kampaniya aparmamaları, seçki dövründə mübarizələrinin ümumiləşdirilməsi, o cümlədən, seçkilərdə qanun pozuntuları ilə bağlı hesabatların hazırlanması istiqamətində müəyyən əməkdaşlıqlar olmalıdır. 
 
Bu yöndə işlərimizi davam etdirəcəyik. Müsavat seçkilərə partiya şəklində gedir. Hər hansı bir blokda təmsil olunmaq fikri yoxdur. Seçkilərə öz namizədlərimizlə gedəcəyik. Hər hansı bir siyasi nüfuzu olan namizəd müdafiəsi ilə bağlı partiyamıza müraciət edərsə, təbii ki, bu məsələni müzakirə edərik. İndiyə qədər güzəştlərlə bağlı müzakirələr partiyada olmayıb. Mən özüm bunun partiyada müzakirəyə çıxarılmasını istəmirəm”.
 
 
Ümid Partiyasının sədri İqbal Ağazadə heç bir siyasi qurumun namizədinə güzəştə getməyəcəklərini kəsinliklə qeyd etdi: “Heç bir siyasi qurumun namizədinə güzəştə getməyəcəyimiz birmənalıdır. Sadəcə ayrı-ayrı şəxslər var ki, tərəfimizdən dəstəklənəcəyi halda, onların məsələsinə baxacağıq. Blok yaratmaqda qərarlıyıq. Bu istiqamətdə danışıqlarımız gedir. Blok yaradılarsa, bir-birilərimizə güzəştə gedəcəyik”.
 
 
“Azadlıq-2015" seçki blokunda təmsil olunan partiyalardan KXCP sədri Mirmahmud Mirəlioğlu bu məsələ barədə indidən danışmağın tez olduğunu qeyd etdi: ”Konkret zamanında bu məsələdən danışmaq olar. Ümumiyyətlə, indidən bunu düşünmək bizim üçün yoxdur. Hazırda blok olaraq, yalnız “Azadlıq-2015" var. Başqa bir kimsəni görmürük. Olarsa, o zaman baxarıq. Mənə elə gəlir ki, tanınmışlar, partiya liderləri kimi məsələlər zamanında həll olunacaq. Kim nə dərəcədə tanınmışdır, bunları müəyyənləşdirmək lazımdır. Elə tanınmış şəxslər var ki, onlara heç zaman güzəştə getmək olmaz. Onlara güzəştə getmək əslində qalsa, vətəndaşlarımızın haqqını yemək deməkdir. Amma elə adamlar da var ki, onlara güzəştə getməsən, qəbul etməsən, haqsızlıq olar. Ona görə də, hər kəsi fərdi şəkildə zamanında dəyərləndirmək lazımdır. Əsas məsələlərdən biri də odur ki, tanınmış dediyimiz şəxslər namizədliklərini irəli sürməyiblər. Biz onların əvəzindən niyə danışmalıyıq?”
Cia.az