Müşahidələr göstərir ki, səbəb təkcə texnoloji inkişafla bağlı deyil
Son illər paytaxt Bakıda yeni kinoteatr zallarının açılıb fəaliyyət göstərməsi sevindirici haldır. Əhalinin bu sahəyə marağını artırmaq üçün bir neçə iri alış-veriş mərkəzlərində yeni kino salonları yaradılır, köhnə kinoteatrlar təmir edilib müasir formada tamaşaçıların ixtiyarına verilir.
Lakin müşahidələr onu göstərir ki, əksər insanlar, xüsusilə də gənclər daha çox evdə kompüter arxasında əyləşib internet vasitəsi ilə kino izləməyə üstünlük verir.
Səbəblər müxtəlif olsa da insanların əksəriyyəti bunu əlavə xərc çəkməmək və yaxud da vaxtını əbəs yerə itirməmək üçün etdiklərini bildirirlər. Bu baxımdan bir maraqlı məqam yada düşür ki, dünyada teatrlar yarananda kimlərsə bunu kitabın ölümü, kino kəşf olunanda bunu teatrların sonu, XX əsrin sonlarına yaxın yeni texniki imkanlar ortaya çıxanda isə bir sıra mütəxəssislər bunu kinoteatrların sonunun yaxınlaşması kimi qiymətləndirirdilər.
Bəs görəsən yeni texniki imkanların yaranması, o cümlədən internet üzərindən kino izləmək insanların kinoteatrlara olan marağına nə dərəcədə təsir göstərə bilib?
Bununla əlaqədar olaraq paytaxtın bir neçə kino zallarına üz tutduq. Şəhərin mərkəzindəki “Park Bulvar” ticarət mərkəzində yerləşən “Park Cinema”dakı müşahidələrimizdən aydın oldu ki, burda daha çox xarici filmlər nümayiş olunur. Əvvəllər türk filmləri tez-tez göstərilsə də, hazırda təqdim edilən filmlər arasında rus və amerika kinematoqrafçılarını istehsal etdiyi dedektiv filmlər çoxluq təşkil edir.
Kinoteatrın Aynurə adlı əməkdaşı bizimlə söhbətdə bildirdi ki, tamaşaçılar son vaxtlar daha çox detektiv filmlərə üstünlük verir: “Ailəvi və toplum şəkildə gələn tamaşaçılar detektiv kinolara baxmağı daha çox sevirlər. Hazırda yeni bir türk filmimiz var ki, gənclər o kinoya da maraq göstərir”.
Qeyd edək ki, adı çəlkilən məkanda uşaqlar üçün də müxtəlif 2 və 3 D formasında filmlər təqdim edilir, lakin nədənsə yerli filmə rast gəlmədik. Seanslar üzrə biletlərin qiymətləri isə standart və münasibdir: səhər saatlarından 12:00-dək olan filmlər 4 manat, 12-00-dan 18-00-dək olanlar 6 manat, gec saatlarda başlayan filmlər üçün isə 8 manat ödəmək lazım gəlir. Günorta saatları olmasına baxmayaraq məkanda kifayət qədər insan filmlərə baxmaq üçün bilet almağa tələsirdi, xüsusilə də övladları ilə gələn valideynlər.
Bilet alan Mədinə adlı xanımla söhbətləşdik. Bildirdi ki, vaxt tapan kimi rəfiqələri ilə birlikdə kinoteatra gəlib kino izləməyi çox sevir: “Bundan böyük həzz alırıq. Xüsusilə də yeni filmləri ilk olaraq izləmək çox zövqlüdür. Evdə əyləşib kinoya baxmaq bu qədər maraqlı olmur. Ümumiyyətlə isə çox az hallarda internet üzərindən film izləyirəm”.
Film izləyib kinosalonu tərk edən tamaşaçıların biri, Elnur adlı gəncə yaxınlaşıb təəssüratlarını öyrənməyə çalışdıq. O, xarici filmlərin Azərbaycan dilində verilməməsindən şikayətləndi: “Hazırda gənclərin əksəriyyəti rus dilində yaxşı anlamır. Xarici filmlərin də demək olar ki, hamısı rus dilindədir. Bu problem aradan qaldırılsa inanıram ki, daha çox izləyici kino salonlara axışar”.
Elnurdan bilet qiymətlərindən razı qalıb-qalmamasını da soruşduq: “Qiymətlər deyərdim ki, münasibdir. Lakin yerli filmlər də bu siyahıda yer alsaydı, daha yaxşı olardı” deyə gənc öz fikrini bildirdi.

Apardığımız araşdırmadan o da məlum oldu ki, “Park Bulvar” iri ticarət mərkəzi olduğundan gün ərzində kinoteatra 100-dən çox tamaşaçı təşrif buyurur. Həftəsonu istirahət günləri isə daha çox tamaşaçı film izləməyə gəlir.
Daha sonra isə yeni təmirdən çıxan Nizami Kino Mərkəzində olduq. Burda da filməri izlmək üçün gələn tamaşaçılar kifayət qədər idi. Lakin eyni vəziyyət hökm sürürdü, nədənsə burda da xarici filmlər nümayiş olunsa da, onlarla yanaşı yerli filmlər təqdim edilmirdi. Mərkəzin əməkdaşı ilə bu barədə söhbət etdik. Xanım əməkdaş bildirdi ki, bu yaxınlarda yeni istehsal edilən “Arzuların ardınca” Azərbaycan filminin təqdimatı bir neçə gün bundan əvvəl bitib: “Hazırda bir neçə türk və xarici filmlərimiz var, insanlar daha çox qeyd etdiyimiz filmlərə maraq göstərir”.

Müşahidələrimizdən o da məlum oldu ki, burdakı qiymətlər digər kinoteatrlarda olduğu kimidir, lakin, bir daha qeyd edək ki, nədənsə yerli filmlərin nümayişi ilə qarşılaşmadıq. Halbuki son vaxtlar Azərbaycanın bir-birinin ardınca müxtəlif filmləri, xüsusən də komediya janrında olan kinoları ərsəyə gəlib. Onlar arasında “My name iz İntiqam”,“Ay Brilliant” kimi filmləri göstərə bilərik. Yeni filmlərin ortaya çıxması onlar arasında olan rəqabəti də artırır, nəticədə daha yaxşı filmlərin istehsalı baş tutur.

Tanınmış rejissor Ayaz Salayev “Yeni Müsavat”a açıqlamasında insanların kinoteatrlara olan marağını qənaətbəxş hesab etdiyini bildirdi: “Bir vaxt bütün dünyada bir proses baş verdi, insanlar kinozallardan uzaqlaşdı. Lakin müəyyən vaxt keçdikdən sonra insanlar yenidən kinozallara axışmağa başladı. Ümumiyyətlə isə kinozallarda kino izləmək hamı ilə birlikdə kino izləyib emosiyaları paylaşmaq deməkdir. Mən özüm də həftəsonları ailəmlə kinoteatrlara gedib film izləməyi çox sevirəm və bunu əyləncə kimi qəbul edirəm. Bir sözlə, kinoteatrlara gedib kino izləmək ənənəsi mənim də həyatıma geri qayıdıb”.

Psixoloq Elnur Rüstəmov kinoteatrlarda insanlarla birlikdə kino izləməyin müsbət tərəflərini qeyd etdi:“Hər şeydən öncə onu deyim ki, evdə kinonu izləməklə kinoteatrda kino izləmək arasında fərq ondan ibarətdir ki, insanda özünü idarəetmə mövcud olur. Belə ki, evdə diqqət yayına bilir, lakin bu, kinoteatrlarda baş verə bilmir. İnsanlar birlikdə kino aləminə daxil olub eyni emosiyaları paylaşa bilir. Bu da insanlar üçün çox önəmlidir. Yəni sən insanlarla birgə eyni vaxtda gülə və ya duyğulana bilirsən. Bunun da sosial adaptasiya istiqamətində çox böyük təsiri var”.
Psixoloq ölkədə əhalinin kinoteatrlara olan marağının az olduğunu deyib: “Ümumən götürəndə əhalinin bu sahəyə olan marağını qənaətbəşx hesab etmək olmaz. Çox istədik ki, tələbələr, uşaqlar üçün endirimlər, güzəştlər olsun. Belə olan halda insanlarda motivasiya yaranacaq və hansısa asudə vaxtda gedib film izləməyə böyük həvəs göstərəcəklər. Bu təqdir olunmalıdır, çünki insanların canlı ünsiyyətə çox böyük ehtiyacı var”.
Cia.az
