|
Beynəlxalq aləmdən Yunusların həbsinə sərt təpki gəldi

ABŞ Dövlət Departamenti və nüfuzlu qurumlar onların dərhal azadlığa buraxılmasını tələb etdilər 

ABŞ Dövlət Departamenti Leyla və Arif Yunusların barəsində çıxarılan hökmlə bağlı bəyanat verib. Qurum onların azadlığa buraxılmasını tələb edib: “ABŞ Azərbaycan məhkəməsinin hüquq müdafiəçiləri Leyla və Arif Yunusların 8 il yarım və 7 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qərarından çox narahatdır. 

Görünür, ittihamlar onların hüquq-müdafiə fəaliyyəti, regionda gərginliyi aradan qaldırmaq və inam körpüsünü yaratmaq məqsədilə sülhməramlı proqramlarda iştirakları ilə bağlıdır. Biz məhkəmə prosesində pozuntuların olması, xüsusən onların səhhəti barədə məlumatlardan narahatıq, hakimiyyəti humanitar səbəblərdən onları azadlığa buraxmağa çağırırıq. Bu, vətəndaşların əsas  hüquq və azadlıqlarının təmin olunması üzrə öz beynəlxalq öhdəliklərini yerinə yetirməsi baxımından Azərbaycanın da marağındadır. Bu, çiçıklənən və stabil gələcəyə nail olmaq yolunda mühüm addımdır”.
Avropa Parlamentinin insan hüquqları üzrə alt komitəsi də Yunusların dərhal azadlığa buraxılmasını tələb  edib.
Yelena Valençianonun alt komitənin adından verdiyi bəyanatda Leyla və Arif Yunusların barəsində sərt hökm çıxarılmasını dərin narahatlıqla pislənilib. Qurum hakimiyyəti Yunuslar cütlüyünü dərhal azadlığa buraxmağa çağırıb: “Çünki belə  hökm onlar üçün ölüm hökmünə bərabərdir”.
İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı da Leyla və Arif Yunusların barəsində hökmə qəti etirazını bildirib. 300-dən çox beynəlxalq hüquq-müdafiə strukturunu birləşdirən İşgəncələr Əleyhinə Ümundünya Təşkilatı bildirib ki, bu “sərt cəza” Azərbaycanın ədalətli məhkəmə standartlarına məhəl qoymamasından xəbər verir.
“Yunusların məhkəməsinin belə sürətlə keçirilməsi dəhşət doğurur və prosesin keyfiyyəti haqda aydın təəssürat yaradır”, - təşkilatın bəyanatında deyilir.
“Turan”-ın xəbərinə görə qurumun baş katibi Gerald Steyberk bildirib ki, Bakıda keçirilən  məhkəmə prosesi ədalətli məhkəmə üzrə beynəlxalq hüquq standartlarının pozulduğunu nümayiş etdirib.
 
ABŞ-ın BMT yanında daimi nümayəndəsi Samanat Pauer Twitter-dəki mikrobloqunda Yunuslar cütlüyünün barəsində çıxarılan hökmü “xəstə ər-arvada qarşı dəhşətli ədalətsizlik” adlandırıb.
 
 
ABŞ Helsinki Komitəsinin sədri Kristofer Smit də Leyla və Arif Yunusların barəsində hökmü kəskin pisləyib. O, bəyanatında yazıb: “Mən siyasi özgəfikirliliyə görə hakimiyyətin repressiyalarına məruz qalan Leyla və Arif Yunusların barəsində amansız hökmü pisləyirəm.
 
Leyla və Arif çox xəstədir və bir ildir ki, həbsdədirlər. Onların azadlıqdan məhrum edilməsi barədə hökm ölüm hökmünə bərabərdir.
 
Avropa Şurasının baş katibi Torbörn Yanqlandın bəyanatında isə Azərbaycan hakimiyyətindən onların məhkəməsi və irəli sürülən ittihamlar üzrə sübutlara dair tam məlumat verilməsi tələb edilir. Azərbaycanın məhkəmə sistemində məlum s nöqsanlar və ölkədə hüquq müdafəçilərinin, jurnalistlərin təqib olunması hallarının artması ilə bağlı həyəcanlı tendensiya və bunun da öz növbəsində söz azadlığına mənfi təsir göstərməsi səbəbindən Yanqland hesab edir ki, “hökmə Avropa İnsan Hüquqları Məhkəməsində baxılmalıdır”.
 
 
Yunuslar cütlüyünün barəsində çıxarılan hökmü AŞPA prezidenti Ann Brasser də pisləyib: “Mən Leyla və Arif Yunusların 8,5 və 7 il müddətinə azadlıqdan məhrum edilmələri barədə hökmdən sarsılmışam və hiddətlənmişəm”: “Avropa Şurası dəfələrlə hakimiyyəti vətəndaş cəmiyyətinin sıxışdırılmasına, hüquq müdafiəçilərinə,  müstəqil mətbuat nümayəndələrinə qarşı repressiyalara son qoymağa, insan hüquqları sahəsində problemləri həll etməyə çağırıb. Bu çağırışlara baxmayaraq, vəziyyət yaxşılaşmayıb, əksinə pisləşib”.
 
Avropa İttifaqının insan haqları üzrə komissar Nils Muyjnieks də Leyla və Arif Yunusların barəsində hökmü pisləyib. O, məhkəmənin qərarını repressiyalara daha bir sübut kimi qiymətləndirib.
 
“Azərbaycan hakimiyyəti ölkədə müstəqil vətəndaş cəmiyyətinə təzyiq göstərmək üçün mümkün olan hər şeyi edir”. Bunu isə Human Rights House Foundation (İnsan Hüquqları Evi Fondu) təşkilatının nümayəndəsi Ane Tusvik Bunde Leyla və Arif Yunusun barəsində ittiham hökmünü şərh edərkən bildirib.
 
O, beynəlxalq birliyi Azərbaycanda həbs olunan hüquq müdafiəçilərinə, “repressiya mühitində” fəaliyyət göstərən həmkarlarına və qohumlarına dəstək olmağa çağırıb: “Bütün siyasi liderlər və institutlar vətəndaş cəmiyyətinin liderlərinin dərhal və şərtsiz azad edilməsinə çağırmalıdır”.
 
Öz növbəsində “Human Rights Watch” təşkilatının nümayəndəsi, hökmün çıxarılması zamanı prosesdə iştirak edən  Tatyana Lokşina bildirib ki, Arif və Leyla Yunusların səhhəti bu cəzanı çəkməyə imkan vermir: “Bu cəza onlar üçün ölüm hökmü deməkdir”. 
 
“Freedom Now” hüquq-müdafiə təşkilatı da Yunulsarın azad edilməsinə çağırıb. Qurumun icraçı direktoru Maran Turner hökmü “sarsıdıcı və biabırçı” adlandırıb: “Leyla və Arif Yunuslar öz həyatlarının böyük hissəsini insan hüquqlarının müdafiəsinə, Ermənistanla Azərbaycan arasında münaqişənin həllinə həsr ediblər. Onların səhhətini nəzərə alsaq çıxarılan hökm ölüm hökmünə bərabərdir”.
Cia.az