|
“Zekeriyya Öz”ün memarları -

Türkiyənin itkin prokurorunun “parlaq” karyerasının ilginc məqamları

Haqqında həbs qərarı çıxandan bir neçə saat öncə Türkiyədən qaçan prokuror Zekeriyya Özün indi harada olduğu bilinməsə də, onun öncə Ermənistana, oradan isə Gürcüstana keçdiyi dəqiqdir. Bir sıra qaynaqlar iddia edir ki, o, Ermənistandan Almaniyaya qaçıb. Hələlik Almaniya hökuməti bu fakt nə təsdiq, nə də inkar edib. Özün Tiflisdən Ukraynaya getməsi xəbərləri də var. Ancaq bu məsələ də iddia səviyyəsindədir.

Türkiyənin “Sözcü” qəzeti yazır ki, “Ergenekon” və 17-25 dekabr istintaqlarının əsas ismi olan Zekeriyya Özdən ailəsi də üz çevirib: “Artvin üzərindən Ermənistana qaçan Zekeriyya Özün Bursada yaşayan əmisi oğlu Yusuf Öz onun bu addımını tənqid edib:” Qaçmamalıydı. Hansı güclər onu belə addım atmağa məcbur edib, o, belə bir hərəkət etməyə nəyə görə məcbur olub mən bunu anlaya bilmirəm. Bildiyim təkcə odur ki, Zəkəriyya Özü dünən qəhrəman edənlər bu gün xain elan edir".

Ailə üzvləri iddia edir ki, AKP hökuməti ondan istifadə edib, özlərinə mane olduğu məqamda isə cəzalandırmaq istəyib. Yusuf Özün sözlərinə görə, ailəsi bir neçə dəfə prokurora siyasi proseslərə qarışmamağı, yalnız prokuror vəzifəsini vicdanla icra etməyi məsləhət görüb, ancaq o, ailənin narahatlıqlarına məhəl qoymayıb: “Həmin günlərin baş naziri Rəcəb Tayyib Ərdoğan ona inanırdı. Ərdoğan Zekeriyyadan qəhrəman düzəltmişdi. Bu gün isə Ərdoğan onu vətən xaini elan edib. Səbəbi məni maraqlandırmır. Bilmək istədiyim Türkiyədə siyasətçilərin, rəsmilərin prokurorlarla hansı səbəblərdən bunca yaxınlaşmasıdır. O, qaçmamalı idi. Ancaq bunu Türkiyə məhkəmə sisteminə etibarının olmadığı üçün etdiyi aşkardır. İstər hərbi sistemdə, istər hökumət üzvləri arasında, istər PKK-da onu aradan götürmək istəyən şəxslər var. Görünür, o, həbs olunsa belə bu şəxslərdən yaxa qurtarmayacağını düşündüyü üçün ölkəni tərk edib”.
 
 
Yusuf Öz deyib ki, Zekeriyya Öz ailənin tək oğludur: “Valideynlərin çox üzgün olduğunu bilirəm. Hər halda, Fətullah Gülənə aid məktəblərdə təhsil alması, onlara minnət duyğusunun olması Zekeriyyanın camaatlar bərabər hərəkət etməsinə səbəb olub”.
Zekeriyya Özün Türkiyədən qaçışından sonra onun nə zaman kəşf edilməsi ilə bağlı media araşdırmalarına başlanıb. “Sözcü” yazır ki, onun adı ilk dəfə 2006-cı ildə o zamankı baş nazir  Abdullah Gülün dilindən eşidilib:"Hakimlər və Prokurorlar Yüksək Qurumunun 1-ci dairə başqanı İbrahim Okur deyir ki, 2013-cü il 17-25 dekabr əməliyyatından sonra Öz vəzifəsindən azad edildiyinə inanmırmış: “Mən ona İstanbulun baş prokuroru vəzifəsindən azad edildiyini bildirəndə məndən soruşdu ki, bunu prezident, yoxsa baş nazir istəyib? Onun özünə inamı son dərəcə yüksək idi. Hesab edirdi ki, nə olursa-olsun o, vəzifəsində qalacaq. Mən cavab verdim ki, buna mən qərar vermişəm. Dedi ki, siz qərar verə bilərsiniz, ancaq bunu sizdən kim istəyib - baş nazir, yoxsa prezident?”
 
 
Qəzet yazır ki, Zekeriyya Özün özündən bu qədər arxayın olmasının səbəbi 2006-cı ildə baş verən “prokuror sui-qəsdində” gizlənir: “Sui-qəsd nəticəsində prokuror Mustafa Yücel Özbilgin ölmüş, 4 prokurorluq işçisi isə yaralanmışdı. Alparslan Arslan sui-qəsdi gerçəkləşdirəndən sonra qaçmaq istəsə də olay yerində yaxalamışdı. Bundan 3 saat sonra o zamankı baş nazir müavini Mehmet Ali Şahin Türkiyə Böyük Millət Məclisində belə demişdi: “Gözləyin və hazırlıqlı olun. Sürprizlərə şaşıracaqsınız. Qladio tipi bir qruplaşma aşkar edilib”.
Bunun ardınca baş nazir Rəcəb Tayyib Ərdoğan “bu hökumətimizə qarşı bir hücumdur” açıqlamasını vermişdi. Həmin günlərdə Abdullah Gül baş nazirin müavini və Terrorla Mübarizə Yüksək Qurumunun, təhlükəsizlik qüvvələrinin, o sıradan MİT-in rəhbərliyini toplamışdı. Həmin toplantıda Gülə sonradan Ergenekonun “qanunsuz silahlı birləşmə” bölümündəki insanların adı verilmişdi. Gül qərarlıydı, “təcili o prokuroru tapın, mənə dediklərinizi ona da bildirin, adı çəkilənlərin hamısını tapıb həbs eləsin” əmri vermişdi. Bu açıq təlimata baxmayaraq polisdə işlər gözləndiyi qədər sürətlə getmədi. Polis və prokurorluq Arslanın həyata keçirdiyi sui-qəsdlə Ergenekon arasında bağ yarada bilmirdilər. Sonra necə oldusa, polisə gələn “anonim” zənglə Ümraniyyədə bir evdə külli miqdarda silah-sursat “tapıldı”. Silahın sonradan Ergenekon istintaqında həbs edilən ünlü isimlərə aid olduğu “ortaya çıxdı”. “Ergenekon”çuların həbs qərarlarını prokuror Zekeriyya Öz imzaladı. Beləliklə də həmin silah-sursat  “tapılan” gündən - 2007-ci il iyunun 12-dən “Ergenekon” sürəci başladı".
 
 
Zekeriyya Özün Türkiyədən qaçması haqqında prezident Rəcəb Tayyib Ərdoğanın da açıqlamaları maraqlıdır. Ötən gün Ankarada prezident sarayında verdiyi açıqlamada Ərdoğan 100-dən artıq camaat mənsubunun ölkədən qaçdığını deyib: “Bir zamanlar çox acımasız qərarlar verənlər bu gün Gürcüstan üzərindən Ermənistana qaçır. Kim bilir oradan da hara qaçacaqlar. Bu da ayrı bir məsələdir. Türkiyə olaraq biz ölkəndən qaçanların izindəyik. Onlardan bir hissəsi Rumıniyada tapılıb. Son qaçanları da mütləq bir yerdə tapacaq, yaxalarıdan tutub ölkəyə gətirəcəyik ki, etdiklərinin hesabını versinlər”.
 
Keçmiş prokurorlar Zekeriyya Öz və Celal Kara haqqında həbs qərarı avqustun 10-da Bakırköy Ağır Cinayətlər Məhkəməsində çıxarılıb. Qərarın verilməsindən məhkəmə sistemindəki əlaltıları vasitəsilə xəbər tutan prokurorlar dərhal Ermənistana, oradan da Gürcüstana keçiblər.
Cia.az