“Türkiyəni savaşa sürükləmək istəyirlər”; “Kürd xalqının böyük bir kəsimi PKK-ya qarşı Türkiyə dövlətinin apardığı əməliyyatları dəstəkləməkdədir”
“Türkiyənin milli birlik və bütünlüyünə ən çox ehtiyac olduğu bir dönəmdə partiyaların siyasi hesablarla hərəkət etmələri açıq xəyanətdir”
Türkiyənin ünlü qəzetçilərindən olan, “Kanaltürk” TV-nin keçmiş xəbər müdiri, “Ergenekon” əməliyyatında 6 ıl 3 ay həbs cəzası alan, siyasi gündəmin dəyişməsi ilə 2014-cü il mayın 10-da azadlığa çıxan Adnan Bulut “Yeni Müsavat” qəzetinin suallarını cavablandırıb.
- Adnan bəy, Qərb mediası bir müddətdir Türkiyənin iç savaşa sürükləndiyini yazır. Bu təbliğatdırmı, yoxsa, bu iddiaların gerçək səbəbləri var?
- Görünən odur ki, Böyük Hərb yaxınlaşmaqdadır. Birinci Dünya Savaşından artıq 100 il keçir. Dünyadakı və bölgəmizdəki tabloya baxdıqda, yeni bir dünya savaşının getdikcə yaxınlaşdığını aydın görmək mümkündür. Yüz ildir dünyanın müstəmləkəçi güclərinin “səadət zənciri” adı altında qurduqları maliyyə sistemi çökmək üzrədir. İndiki müstəmləkə düzəni artıq onların doyurmur. Ona görə də daha vəhşi bir düzənə keçmək hazırlıqları başladıblar. Məqsədləri dünyadakı bütün qaynaqları öz nəzarətləri altına alıb xalqları kölə halına gətirməkdir. Onların bu cəhdlərinə qarşı çıxmaq qabiliyyəti olan hər sistemi, hər insanı aradan götürmək, həzm etmək üçün çox ciddi çalışırlar. Türkiyədə son 10 ildə həyata keçirdikləri “Ergenekon” və “Balyoz” əməliyyatları ilə məqsədlərinə çatdıqlarını ehtimal edirdilər ki, türk milləti oyandı və ortaya tam başqa bir mənzərə çıxdı. Millət artıq qoynunda ilan bəslədiyinin fərqindədir. Bugünlər Türkiyə bu oyunu pozmaq məsələsindəki qərarlılığını ortaya qoyub. Türk millətinə ən böyük xəyanətləri həyata keçirən ilanlar isə indi qaçmağa dəlik axtarır. Təbii, Qərb bu duruma seyrçi qalmaq fikrində deyil. Bu qədər “zəhmət”inin hədər getməməsi üçün yeni planlar üzərində işləyir. Batılı “dostlarımız” bir müddətdir kənarda gözlətdikləri xəyanət çəmbərini dövriyyəyə buraxıb. Onlara elə gəlirdi ki, “Ergenekon” və “Balyoz” əməliyyatlarında yıpratdıqları türk əsgəri və polisi terror qruplaşması PKK-nın qarşısında pərən-pərən düşəcək. Ancaq bu xəyallarında yanılırlar. Türkiyənin təhlükəsizlik güclərinin canları bahasına verdikləri Vətən mücadiləsi Batının bu oyununu mütləq pozacaqdır. Buna heç kimin şübhəsi olmasın. Batı mediasının Türkiyədə bir iç savaş görmək istədiyi ortadadır. Ancaq onlar unudub ki, PKK-nın kürd xalqı üzərindəki hakimiyyəti xalqın iradəsinə deyil, zora arxalanıb. Ona görə də kürd xalqının böyük bir kəsimi PKK-ya qarşı Türkiyə dövlətinin apardığı əməliyyatları dəstəkləməkdədir.
- 7 iyun seçkisindən sonra hökumət qurulması hələ ki mümkün olmayıb. Avqustun 23-dək hökumət qurulmasa, yeni seçki keçirilməlidir. Erkən seçkilərdən ən çox PKK-nın siyasi qanadı olan HDP-nin zərərli çıxacağı bildirilir. Daha dəqiqi, son iki ayda PKK-nin güney və güney-doğuda Türkiyə Silahlı Qüvvələrinə qarşı əməliyyatlarının HDP-nin parlamentə düşmək üçün 10 faizlik həddi aşmayacağına gətirəcəyi söylənir. Siz yaxın gələcəkdə Türkiyə siyasi səhnəsini necə görürsünüz?
- Mən, güney və güney-doğuda vətəndaşlarımızın HDP-yə könüllü səs verdiyini düşünmürəm. Həmin ərazilərdə səslər PKK-lıların gücü ilə xalqdan zorla alınıb. Türkiyədə hər kəs bilir ki, PKK insanların HDP-dən başqa, hər hansı partiyaya səs verməsini yasaqlamışdı. Ancaq seçkidən sonra yaşananlar Türkiyə hökumətini bu məsələdə ciddi addımlar atmağa sövq etdi. Əgər erkən seçki olsa, HDP-nin 10 faizlik həddi keçməkdə çətinlik çəkəcəyi bir gerçəkdir. HDP sözünü tutmadı, sivil mübarizəyə keçəcəyi ilə bağlı verdiyi vədləri yerinə yetirmədi. Mən əminəm ki, bu sürəc Türkiyə dövlətinin xeyrinə irəliləyəcək və nəzarətin zəiflədiyi bütün ərazilər Türkiyə Silahlı Qüvvələrinin və təhlükəsizlik xidməti əməkdaşlarının səyi ilə yenidən hökumətin tam nəzarətinə keçəcək.
- Seçkidən sonra öncə MHP-nin, daha sonra isə CHP-nin AKP ilə iqtidar quracağı haqda çoxsaylı proqnozlar verildi, ancaq bu söylənənlərin heç biri doğrulmadı. Türkiyə üçün həssas bir məqamda partiyaların koalisiya çalışmalarına o qədər də həvəsli olmamasına, AKP ilə araya məsafə qoymasına sizin baxışınız necədir?
- Əslində bu, AKP-nin projesidir. 7 iyun seçkisindən sonra AKP çeşidli bəhanələrlə iqtidar gücünü paylaşmağı rədd edərək erkən seçkiyə getməyə hazırlaşır. Təbii, məqsədləri yenidən Türkiyədə tək hakimiyyət olaraq qalmaqdır. Türkiyənin milli birlik və bütünlüyünə ən çox ehtiyac olduğu bir dönəmdə partiyaların siyasi hesablarla hərəkət etmələri açıq xəyanətdir.
- Ölkə ciddi bir sınaqdan keçir. Bu dönəmdə Türkiyənin ən böyük itkisi nədir, sizcə? Millətin, dövlətin toparlanması üçün hansı addımların atılması gərəkdir?
- AKP-nin 12 illik iqtidarı dönəmində Türkiyə iqtisadiyyatı çox böyük bir borc bataqlığının içərisinə düşüb. Digər ölkələrə yatırım edənlər cəzalandırılıb, AKP-nin yarıtmaz siyasəti ilə Türkiyə samanı belə idxal edən ölkə halına gəlib. Daxildə iqtisadi çətinlikləri ölkənin xarici siyasətdəki saysız-hesabsız uğursuzluqları müşayiət edir. Türkiyə ətrafındakı və dünyadakı dostluqlarını itirərək yalqız bir ölkəyə çevrilib. Təhsil sistemi üzərində tez-tez edilən dəyişikliklər nəticəsində dünya ilə rəqabət edəcək keyfiyyətli bir nəsil yetişdirilməsinin qarşısı alınıb. Türk millətinin Yeni Dünya Düzəni adlandırılan yeni bir müstəmləkəçi sistem qurularkən etməli olduğu ən önəmli iş milli birlik və bütünlüyünü qorumaq üçün əlindən gələni etməkdir. Din, məzhəb, irq ayrımçılığı üzərindən qurulmaq istənən qütbləşmə və qarışıqlıqları tamamilə aradan qaldırmaq və bu keçid dönəmində bir-birimizə dəstək olmaq, sahib çıxmaq düşmənlərin oyununu pozacaq ən önəmli addımdır. Bununla birlikdə milli iqtisadiyyatın gücləndirilməsi üçün ciddi islahatlar keçirilməli, iqtisadiyyata yatırılmar artırılmalı, Ankaranın artıq alışqanlıq halına gətirdiyi israfçılığa son qoyulmalıdır. Bütün güclər əmin olsun ki, Türkiyə sürükləndiyi bu mücadilədən başarı ilə çıxmaq gücündədir.
Cia.az
