|
“Avropada hərtərəfli müdafiə altındayam”
Keçmiş səfir Arif Məmmədov Baş prokurorluq tərəfindən irəli sürülmüş ittihamlarla bağlı mövqeyini açıqlayıb. O, 2007-2012-ci illərdə Azərbaycanın Avropa Şurası nümayəndəliyinin rəhbəri olduğu müddətdə mənimsəmə və digər maliyyə sui-istifadələri ilə bağlı Baş Prokurorluğun ona qarşı irəli sürdüyü ittihamları rədd edib. Diplomat mövqeyini “Facebook” səhifəsində açıqlayıb: “Bu məsələlər Avropa İttifaqı qurumlarının gündəliyindədir. Avropa İttifaqı ölkələrinin Bakıdakı səfirlikləri Brüsseli bu məsələ ilə bağlı hər zaman məlumatlandırır. Azərbaycan hakimiyyəti yaxşı bilir ki, mən Avropada hərtərəfli müdafiə altındayam”. 
 
Qeyd edək ki, Baş prokurorluğun yaydığı məlumatda bildirilir ki, A.Məmmədovun mövcud qanunvericilik aktlarının tələblərini kobud surətdə pozaraq 2007-2012-ci illərdə dövlət büdcəsindən ayrılmış vəsaitlərin məqsədyönlü və təyinatı üzrə istifadəsini təmin etməyib, eləcə də həmin dövrdə 410 min 830 avro məbləğində büdcə vəsaitini təsdiqedici sənədlər olmadan xərcləyib. Aparılmış istintaqla A.Məmmədovun qulluq mövqeyindən istifadə etməklə külli miqdarda dövlət vəsaitini mənimsəmə və ya israf etməklə talamasında, rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməklə vəzifə saxtakarlığı və digər cinayətləri törətməsində şübhələr üçün əsaslar olduğundan ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və ya israf etmə külli miqdarda törədildikdə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) və 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri oğurlama, məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib. Hazırda onun tutulub istintaqa cəlb edilməsi üçün “İnterpol”un Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
 
Qeyd edək ki, A.Məmmədov İslam Konfransı Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndə heyətinin rəhbəri, bundan əvvəl isə Azərbaycanı 5 il Avropa Şurasında, 7 il Avropa İttifaqında təmsil edib. Mayın 19-da Bakıda binada yanğın baş verən zaman diplomat peşəsinin qaydalarına zidd olaraq hakimiyyətin ünvanına tənqidi çıxış etmişdi. “Facebook” profilində yazdığı statusdan sonra A.Məmmədov  iyun ayında İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı vəzifəsindən geri çağırılıb. Həmçinin onun paylaşdığı fikirləri dəstəkləyən  bir neçə diplomat da tutduqları vəzifələrdən azad olundular. 
 
A.Məmmədov 2013-cü ildə bu vəzifəyə təyin olunmuşdu. Daha əvvəl isə o, Azərbaycanın Brüsseldəki səfiri və Avropa İttifaqı yanında daimi nümayəndəliyinin rəhbəri vəzifələrində çalışıb. Hazırda Belçikada yaşayan keçmiş səfir Arif Məmmədov «Ağ Marşı» adlı yürüş keçirməyi təkilf edib. Ziyalılara, media nümayəndələrinə, müxalifət partiyalarına ünvanladığı müraciətdə Arif Məmmədov demokratiyanın müdafiəsi məqsədilə avqustun 15-də Şəhidlər Xiyabanından Bakı bulvarına kimi yürüş keçirməyi təklif edib, yürüşə qatılanların ağ geyimdə olub, ağ şarlar götürməyini istəyib.
Cia.az