Qərb-Rusiya savaşının plasdarmı Ukraynada gördüklərimiz
Ötən il mayın 25-də prezident seçkisi keçiriləndən sonra Ukraynada çox şey dəyişib. Qısaca özətləsək, ölkə sürətlə Rusiyanın təsir dairəsindən çıxaraq Qərbə yaxınlaşmağa başlayıb və bu proses cəmiyyətə bir sıra müsbət tendensiyalar gətirib.
Təbii, itkilər də var və onları kiçik saymaq olmaz. Krım Rusiyanın işğalı altındadır, mərkəzi hökumət Donetsk və Luqansk vilayətlərinin 40 faizinə nəzarəti itirib, Ukraynadakı bütün statuslarından məhrum edilən keçmiş prezident Viktor Yanukoviçin ölkə büdcəsini sözün hərfi mənasında Rusiyaya daşıması, ardınca hərbi əməliyyatların büdcəyə ciddi ziyan vurması, Rusiya-Qərb savaşının Ukraynanın əsas sənaye müəssisələri yerləşən bölgələrində getməsi iqtisadiyyatı ciddi şəkildə zəiflədib.
İlk baxışdan bu qədər ciddi problemlər burulğanına düşən ölkənin həm də inkişaf etdiyini söyləmək qəribə görünə bilər. Ancaq bu gün Ukrayna cəmiyyətində elə müsbət dəyişikliklər baş verir ki, yaxın illərdə sadalanan problemlərin arxada qalacağına şübhə yeri qalmır.
Avromaydan hərəkatı ilə hakimiyyətə gələn iqtidar ilk dönəmi çox çətin keçirdi - yeni hökumətin qurulması, antiterror əməliyyatları, Qərbin israrla tələb etdiyi islahatlar eyni zamanda həyata keçirilməli idi. Aradan keçən qısa müddətdə baş verən dəyişiklikləri gözə alaraq demək olar ki, Ukrayna bir sıra ölkələrin on illərlə keçə bilmədiyi yolu 15 ayda keçə bilib. Təbii, söhbət cəmiyyət həyatını köklü dəyişə bilən islahatlardan gedir.
Heç kəsə sirr deyil, bu gün Rusiya əslində Ukrayna ilə deyil Qərblə savaşır. Ukrayna bu savaşın plasdarmıdır. O da sirr deyil ki, Qərb Ukraynanın ərazi bütövlüyünü bərpa etmək, onu Rusiyanın cəngindən birdəfəlik qoparmaq və öz məkanına dönüşü olmayan proseslə daxil etmək üçün qlobal siyasətdə çox radikal addımlar atır.
Ukrayna politoloqları dünya siyasətində son zamanlar baş verən bir sıra dəyişiklikləri, o sıradan Qərb-İran yaxınlaşmasını bu açıdan dəyərləndirərək bildirirlər ki, İrana qarşı embarqoların götürülməsi dolayısı ilə Kreml-Tehran tandemini zəiflətmək, Rusiyanın Ukraynadan çıxmasını sürətləndirmək məqsədi daşıyır. Ehtimal edilir ki, İranın Qərblə yaxınlaşması ölkə üçün iqtisadi sahədə geniş imkanlar açacaq, beləliklə də Rusiya İran üçün öncəki əhəmiyyətini nisbətən itirəcək. Sözsüz, bu uzunmüddətli prosesdir və qısa zamanda beynəlxalq siyasi müstəvidə ortaq addımlar atan iki gücün bir-birində tam uzaqlaşacağını düşünmək yersizdir. Ancaq İranın Qərbə açılmasının postsovet məkanında bir sıra “qara iş”lərdə əlbir olan bu tandemi zəiflədəcəyi şübhəsizdir. Həmin “qara iş”lər haqqında Azərbaycanda çox yaxşı təsəvvür olduğu üçün bu məsələ üzərində ciddi dayanmırıq.
Qərbin cızdığı yol xəritəsi üzrə demokratik cəmiyyət qurmaqda davam edən Ukraynada hesab edirlər ki, ölkənin ərazi itkilərini geri qaytarmağın yolu əsasən Rusiyanın iqtisadi cəhətdən çökdürülməsindədir. Qərbin iqtisadi sanksiyalarından sonra Rusiya böyük maliyyə itkiləri yaşayıb. Prosesi şərqdəki tərəfdaşları - Çin, Hindistan və digər ölkələrlə münasibətlərin genişləndirilməsi ilə kompensasiya etmək istəyən Moskvanın bu cəhdlərinin nəticə vermədiyini indidən söyləmək olar.
Rusiya ekspertləri açıqca bildirir ki, 2016-17-ci illərdə Rusiya iqtisadiyyatını çox ağır itkilər gözləyir və ondan sonrakı 3-4 il həmin itkilərin aradan qaldırılmasın sərf ediləcək. Bu isə o deməkdir ki, 2016-cı ildə Rusiyanın 2014-15-ci illərdə olduğu kimi Ukraynada fəal hərbi əməliyyatlar aparması mümkün olmayacaq. Rusiyanın itkilərini azaltmaq və yeni itkilərdən yayınmaq üçün bircə çıxış yolu var - beynəlxalq birliyin sülh təşəbbüslərinə müsbət cavab verməklə qoşunlarını Ukraynadan çəkmək. Hələlik Rusiyanın şovinist və daim qoparmaq istədiyini əldə edə bilmiş hakimiyyəti sülh danışıqlarının tələblərinə barmaqarası baxır. Ötən il Ukraynada antiterror əməliyyatlarının dayandırılması ilə bağlı 2 anlaşmanın şərtlərini Rusiya hər gün dəfələrlə pozur. Ancaq qlobal siyasətdə baş verənlər göstərir ki, Rusiyanın bu dirənişi ona qələbə vəd etmir. Moskva dirəndikcə Qərb Ukraynaya dəstəyini artırır, eyni zamanda dünyadakı antirusiya ovqatı güclənir.
Ciddi dəstəyə baxmayaraq Qərbin Ukraynanın bütün problemlərinin çözümünü öz üzərinə götürdüyünü düşünmək də kökündən yanlışdır. Bu gün ABŞ və Avropa əsasən Ukraynanı öz daxili potensialından düzgün yararlanmaqla ayağa qaldırmağa çalışır və iqtisadi nəticələr göstərir ki, bu cəhdlər ilk müsbət nəticələrini verməkdədir. İqtisadiyyatın liberallaşdırılması, ölkədə investisiya mühitinin yaxşılaşdırılması xarici investorların ölkəyə marağını artırıb. Avropanın nəhəng investorları ilə yanaşı Çin, İran və digər ölkələrin yatırımçıları Ukraynaya ciddi maliyyə yatırımlarına hazırlaşırlar. Diqqət edin - Çin və İran. Söhbət Rusiyanın indiyə qədər beynəlxalq siyasi və iqtisadi məkanda ən ciddi, uzunmüddətli tərəfdaşlarından gedir.
İrana embarqo tətbiq edilənə qədər Ukrayna-İran iqtisadi münasibətləri yetərincə sıx olub.
İran istər neft-qaz, istər kənd təsərrüfatı sahələri üzrə Ukrayna ilə geniş ticarət əlaqələri yaradıb. Nəzərə alsaq ki, İranın adı çəkilən sahələri bütünlüklə sovet texnologiyası əsasında qurulub və sovetlər birliyi dönəmində həmin müəssisələrin çoxu Ukraynada yerləşib, iqtisadi münasibətlərin miqyasını təsəvvür etmək çətin olmaz. Embarqoya görə İran ötən 12 ildə bu sahələrə Qərbin texnoloji yeniliklərini gətirə bilməyib - sənaye SSRİ üsulu işləyir. Ancaq bu gün SSRİ yoxdur və neft-qaz sənayesində işlədilən kompressor sistemindən nasoslara, digər mədən qurğularına, kənd təsərrüfatı sahəsində işlədilən texnikalara qədər bir çox məhsul Ukraynada istehsal olunur. Ukraynanın Qərblə yaxınlaşması isə bu texnologiyaların daha da mükəmməlləşməsinə səbəb olub.
Ukrayna illərdir həm ağır, həm də yüngül sənayesini Almaniya modeli üzrə təkmilləşdirir. Buna görə də İran üçün daha yaxın məsafədən, öz tələblərinə daha uyğun texnologiyaları almaq çox sərfəlidir. Bundan başqa, İranlı iş adamları Ukraynanın əlvan metallurgiya sənayesi ilə ciddi şəkildə maraqlanır. İranın kaşı istehsalçıları Ukraynanın təbii daşlarını öz istehsallarını genişləndirmək üçün ciddi qaynaq olaraq görür. İran Ukrayna ilə həm hərbi, həm də mülki aviasiya sahəsi üzrə də iqtisadi münasibətləri genişlənirmək üzərində işləyir. Ukrayna dünyanın ikinci ən böyük bal istehsalçısıdır. Quru meyvələr, dənli bikilər, o sıradan buğda, günəbaxan istehsalına görə Ukrayna dünya liderləri sırasındadır. Bu ölkədə kənd təsərrüfatı müəssisələri qurmaq üçün perspektiv böyükdür.
Kreml iranlı iş adamlarının Ukraynaya ciddi investisiya yatırmasını önləmək istəyir. Rusiya anlayır ki, iqtisadi münasibətlərin dərinləşməsi siyasi müstəvidə də özünü göstərəcək və İran Rusiyadan uzaqlaşacaq. Buna görə investisiyaları öz ərazisinə cəlb etməyə çalışır. İran isə 12 il bağlanan qapılardan sonra əldə etdiyi imkanları Rusiyanın maraqlarına görə istifadəsiz qoymaq fikrində deyil - son 1 ayda onlarla iranlı investorun “kəşfiyyat” üçün Ukraynaya ekspert göndərdiyi deyilir. Heç kim məğlubun tərəfində olmaq istəmir.
Azərbaycan da Ukraynanın neft-qaz sənaye müəssisələri ilə əməkdaşlığını davam etdirir. SOCAR avadanlıqların xeyli hissəsini Ukraynadan alır. Bundan başqa, ölkənin tikinti sektorunda Ukrayna məhsulları az deyil. Rəsmi Kiyev təmsilçilərinin öz çıxışlarında dünya investorlarına davamlı dəvət göndərməsinə baxmayaraq hələlik Azərbaycanın Ukraynaya böyük investisiya yatıracağı xəbərləri gözə dəymir. Ekspertlər bunu yalnız bir səbəblə izah edir. Ukrayna iqtisadiyyatı bütünlüklə Qərbin, özəlliklə ABŞ-ın nəzarətindədir və burada çirkli pulların yuyulması arzuedilən sayılmır. Azərbaycanda isə iri iş adamları yoxdur. İqtisadiyyatın demək olar bütün sahələrinə məmur-oliqarxlar nəzarət edir. Onların əllərindəki capital sağlam bizneslə deyil, rüşvət və korrupsiya ilə formalaşıb. Ona görə də indiki halda nə Ukrayna Azərbaycandan investor cəlb edilməsinə maraq göstərir, nə də Azərbaycan öz çirkli pullarının yuyulması üçün bu ölkəni münasib məkan sayır.
Avromaydanın qələbəsindən 1 ay sonra ABŞ Ukraynanın qaz sənayesini demək olar, tamamilə nəzarətə götürüb.
ABŞ vitse-prezidenti Co Baydenin oğlu və dövlət katibi Con Kerrinin oğulluğunun yaxın dostu Ukraynada qaz emal edən şirkətin direktorlar şurasının tərkibinə daxil olublar.
Co Baydenin oğlunun rəhbərlik etdiyi şirkət Ukraynanın qaz sənayesinin həm istehsal, hm də ixrac prosesini idarə edir.
Hələlik bu sektora investisiya cəlb edilməsi danışıqlar mərhələsindədir. Böyük maliyyə axınının 2016-cı ilin ilk 3 ayından sonra başlayacağı gözlənilir. Səbəb hələlik ölkədə investorları narahat edən bir sıra ciddi problemlərin qalmasıdır. Bunlardan ən əsası məhkəmə sistemində korrupsiyanın tamamilə aradan qaldırılmamasıdır. İslahatlara başlansa da məhkəmə sistemində rüşvət tam yığışdırılmayıb. Azad məhkəmə sisteminin olmaması investorların kabusudur - bu yatırılan vəsaitlərin heç bir təminatının olmaması deməkdir.
Qərbin tələbləri və yeni hökumətin planları üzrə ciddi məhkəmə islahatları payız aylarında gözlənilir. Yalnız həmin islahatlardan sonra Ukrayna indi olduğu kimi riskli investisiya mühitindən çıxaraq münbit investisiya mühiti olan ölkələr sırasına daxil ola biləcək. Ölkədə iqtisadi sıçrayışlarında məhz bundan sonra baş verəcəyi proqnozlaşdırılır. Ekspertlərin fikrincə, ölkəyə investisiya axını təxminən 1 il sonra milli valyutanın möhkəmlənməsinə xidmət etməyə başlayAcaq.
Əslində milli valyutanın möhkəmlənməsi prosesini başlamış saymaq olar. 8 qrivnadan 41 qrivnaya qədər bahalaşan 1 ABŞ dolları indi 22 qrivnaya enib və proses hər keçən gün irəliləyir. Bizim Ukraynada olduğumuz 1 həftədə qrivna 0,05 qəpik bahalaşdı. Bu kiçik rəqəm sayıla bilər, əsas odur ki, tendensiya dayanmadan davam edir. Hökumət bunun üçün ciddi cəhdlə çalışır.
Monopoliyanın aradan qaldırılması, iqtisadiyyatın liberallaşdırılması, daxili bazarın stimullaşdırılması, ölkəyə investorların cəlb edilməsi üçün kompleks tədbirlər görülür.
Maraqlıdır ki, Ukrayna vətəndaşları hökumətin ciddi işlədiyini bildirsələr də Yatsenyuk komandasını o qədər də uğurlu saymır. Yerində sayılmayan kadrlardan biri də daxili işlər naziri erməni-yəhudi əsilli daxili işlər naziri Arsen Avakovdur. Bu haqda gələn yazıda.
Cia.az
