|
Gözübağlı qadının faciəsi

- Dünyanın ən bədbəxt insanı, ən bədbəxt qadınıyam.

On ildir ki, gözübağlı yaşayıram. On ildir ki, gün işığına həsrətəm. On ildir ki, heç bir səs eşitmək istəmirəm. Çünki işıq və səs mənə dözülməz ağrılar verir. Əsl cəhənnəm ağrıları...

...Yeni Zelandiyada yaşayan Cina 43 yaşlı qadındır. O, 33 yaşından bəri gözübağlı həyat sürür. Evinin bir otağında, pəncərələrində qara pərdələr asılmış, heç bir səsin eşidilməməsi üçün divarlara, döşəməyə, tavana porolon vurulmuş məkanda.

Cina dünyada həddən ziyadə nadir rast gəlinən xəstəliyə mübtəladır. Onun orqanizmindəki genetik fəsad qadının gözlərinə, qulaqlarına, boğazına və oynaqlarına təsir edib.
Cina səs eşidəndə, işıqlı yerdə olanda ağrıdan qıvrılır. Ağrılar o qədər güclü olur ki, qadın huşunu itirmək həddinə çatır.  Qadın ailə üzvləri ilə yalnız sensor əlifba sistemi vasitəsilə təmas qurur.
Səs eşitmək, kimsəni görmək istəmədiyi üçün.

Gözləri bağlı, qulaqlarında səs eşitməmək üçün qulaqcıq olan Cina söyləyib: "Belə yaşamaq istəmirəm artıq. Tanrı da məndən üz döndərib. Ərimə dedim ki, evtanaziya istəyirəm, həyatıma son qoymağı arzulayıram. Ölkəmizdə evtanaziyaya icazə var. Qoy iynə vursunlar, ölüm, əzablardan qurtulum".

Cinanın yaşamı ilə bağlı "Loadings Docs" adlı sənədli film də çəkilib.

"Əzələlərim ağrıyır, vücudum incidir məni. Başımdan dabanlarımadək ağrı içindəyəm. Üstəlik, danışmağa da çətinlik çəkirəm. Zülmətdə, sükutda yaşayıram. Ailəmi sevirəm, sevdiyim insanlarla danışmaq, onları bağrıma basmaq istəyirəm. Amma edə bilmirəm. Çünki qollarımı qaldıran kimi oynaqlarımda dəhşətli ağrılar başlayır", - Cina ağlayaraq danışıb.

Cia.az