|
“Hakimiyyətin məni parlamentə buraxmayacağına əminəm”

“Hesab eləmirəm ki, hakimiyyətin İsa Qəmbərə olan münasibəti mənə olan münasibətindən fərqlidir, hətta bəzi hallarda hakimiyyətin mənə münasibəti daha sərt, daha aqressiv olub”

Azərbaycandakı siyasi partiyalarda 1 noyabr parlament seçkilərinə hazırlıq prosesi gedir. Ölkənin aparıcı müxalifət təşkilatı olan Müsavat Partiyası da seçkiyə hazırlıq istiqamətində işlərini intensivləşdirib. Müsavat Partiyasının başqanı Arif Hacılı ilə müsahibəmizdə də parlament seçkiləri ilə bağlı aktuallıq daşıyan suallara aydınlıq gətirməyə çalışdıq.

 
- Arif bəy, seçki kampaniyasının başlanmasına az vaxt qalıb. Ölkədəki hazırkı seçki mühiti, müxalifətin vəziyyəti və hakimiyyətin davranışları 1 noyabr parlament seçkiləri ilə bağlı nə vəd edir?
 
- Təəssüf ki, hakimiyyətin uzun illər apardığı siyasət nəticəsində Azərbaycan cəmiyyətində seçkilərə maraq demək olar tükənib. Seçkiqabağı demokratik şəraitin, demokratik seçkilər keçirmək üçün müvafiq qanunvericilik bazasının yoxluğu, eyni zamanda seçkilər nəticəsində insanların səs verdiyi hər hansı şəxsin millət vəkili mandatı alacağına ümidin sıfıra yaxın olması insanlarda seçki prosesinə etimadı azaldıb. 
 
Ona görə Azərbaycan cəmiyyəti seçkilərə əvvəlki kimi maraq göstərmir. 1 noyabr parlament seçkiləri ərəfəsində hansısa ciddi dəyişiklik baş verməsə, cəmiyyətin bu seçkiyə marağının əvvəlki seçkilərdən daha yüksək olacağına inanmıram.
 
- Müsavat seçkidə iştirak etmək qərarı verib. Sizin dediyiniz kimi bir durum olduğu halda seçkiyə getmək nə üçündür?
 
- Belə bəyanatlar verilir ki, guya hansısa siyasi qüvvələr seçkiləri boykot edir. Əslində ölkədə indi elə bir şərait mövcuddur ki, seçkilərdə iştirak edərək siyasi prosesə qoşulmaq seçkiləri boykot etməkdən daha səmərəlidir. Çünki boykot siyasəti faktiki olaraq hər hansı bir siyasi qüvvənin və ya siyasi xadimin özünü siyasi prosesindən kənarlaşdırması ilə nəticələnir. Seçkilərin boykot edilməsi əslində seçki prosesini dayandırmaq və daha demokratik seçkilər keçirilməsinə nail olmaq uğrunda mübarizə anlamına gəlməlidir. 
 
Təəssüf ki, Azərbaycanda seçkiləri boykot faktiki olaraq boykot edən tərəfin özünü prosesdən kənarda qoyması ilə bitir. Biz 1998-ci ildə və 2008-ci ildə keçirilən prezident seçkilərini boykot etmişik. Hesab edirəm ki, Azərbaycan müxalifətinin bu seçkiləri boykot etməsi nə müxalifətin, nə də cəmiyyətin mənafelərinə uyğun olmadı. Ona görə də biz seçki prosesində iştirak edərək müəyyən dəyişikliklərə nail olmaq, öz fikirlərimizi cəmiyyətə çatdırmaq, ən azı seçki prosesində olan qüsurları, saxtakarlıqları aşkara çıxararaq onlara qarşı mübarizə aparmaq istiqamətindəki fəaliyyəti daha səmərəli, daha düzgün sayırıq.
 
- Seçkini boykot etmək mövqeyində hələ ki yalnız Milli Şura və AXCP çıxış edir. Milli Şuranın rəhbərliyi bəyan edir ki, ölkədəki hazırkı durumda seçkiyə getmək hakimiyyətin seçki oyununda iştirak eləmək olar. Sizcə, seçkiyə getmək doğrudanmı hakimiyyətin oyununda iştirak eləməkdir.
 

“Müxalifət qüvvələrinin seçkilərdə iştirakı hazırda hakimiyyətin maraqlarına uyğun deyil”

 
- Hər hansı ciddi siyasi qüvvə hələlik seçkiləri boykot edəcəyi barədə birmənalı qərar qəbul etməyib. Ona görə də bu mövzuda geniş şərhlər vermək istəməzdim. Hakimiyyətin oyununda iştirakla bağlı deyilən fikirlərin heç bir əsası yoxdur. 2008-ci ildə biz prezident seçkilərində iştirak etmədik və hesab edirəm ki, Azərbaycan hakimiyyəti üçün ən asan, ən uğurlu, ən az tənqid olunan seçkilər də məhz 2008-ci il prezident seçkiləri oldu. 2013-cü ilin prezident seçkiləri ərəfəsi ölkədə olan siyasi vəziyyət heç də 2008-ci il prezident seçkiləri ərəfəsində ölkədə olan siyasi vəziyyətdən fərqlənmirdi, yəni daha yaxşı bir siyasi şərait mövcud deyildi. 
 
Ancaq Azərbaycan müxalifəti 2013-cü il seçkilərində iştirak etdi. Mən hesab etmirəm ki, biz 2013-cü ildə hakimiyyətin oyununda iştirak edirdik. Hər halda ciddi siyasi kampaniya təşkil edərək hakimiyyətin oyununu pozmağa çalışdıq və bunun nəticəsində bütün dünyanın diqqəti Azərbaycandakı seçki prosesinə yönəldi, cəmiyyətdə seçki prosesinə müəyyən maraq yarandı, demokratik qüvvələrin ideyaları, zəruri hesab etdiyi mesajları xalqa çatdırıldı. Bugünki hakimiyyətin heç də xalq arasında iddia etdikləri kimi nüfuza malik olmadığı aşkara çıxarildı. Biz indikindən ciddi fərqlənməyən siyasi şəraitdə, 2013-cü il prezident seçkilərində iştirak etmişik. Bu düzgün qərar idi. İndi də müxalifət qüvvələrinin seçkilərdə iştirakı hakimiyyətin maraqlarına uyğun deyil. Bunun əksini iddia etmək isə qərəzli mövqedir.
 
- Bunun əksini iddia edib seçkini boykot etmək, hər kəsi də buna çağırmaq hakimiyyətin çörəyinin üstünə yağ çəkmək deyilmi?
 
- Mən belə uzağa gedən nəticələr çıxarmaq istəməzdim. Hərənin, hər siyasi təşkilatın öz siyasi taktikası var. Təbii ki, indiki siyasi şəraitdə seçkilərdə iştirak etmək həddən artıq çətindir. Çünki Azərbaycan hakimiyyəti müxalifətin resurslarını mümkün qədər məhdudlaşdırıb. Seçkilərdə iştirak həddən artıq enerji, maliyyə vəsaiti, müəyyən riskli fəaliyyət tələb edir. Hesab edirəm ki, indiki şəraitdə yalnız boykot yolu ilə ölkədə demokratik inkişafa ümid bəsləmək sadəlövhlük olardı. Müsavat Partiyası seçki prosesində iştirak edərək qeyd olunan nöqsanlara qarşı mübarizə aparacaq. Hesab edirəm ki, istənilən halda bu, baykotla müqayisədə daha effektli nəticələr verəcək. Bir daha deyirəm 1998-ci il prezident seçkiləri ilə 2003-cü il prezident seçkilərini, 2008-ci il prezident seçkiləri ilə 2013-cü il prezident seçkilərini müqayisə etmək kifayətdir ki, seçkilərdə iştirakın daha səmərəli olduğu görünsün.
 
- Müsavat Partiyası builki seçkilərə nə ilə gedir? Resurslar, imkanlar, hazırlıqlar nə yerdədir?
 
- Müsavat Partiyasının əsas resurslarından biri partiyanın strukturlarıdır. Müsavat Partiyası yeganə partiyadır ki, respublikanın hər yerində ərazi təşkilatları var. Bizim əsas resurslarımızdan biri də cəmiyyətdə olan nüfuzumuzdur. Biz əminik ki, minimum demokratik seçki şəraitində Müsavat Partiyası istər parlament, istər prezident seçkilərində qələbə çalmağa qadir olan partiyadır. Mən tam əminliklə deyirəm ki, Müsavat Partiyasının deputatlığa namizədlər siyahısı bütün digər siyasi qurumların namizədlər siyahısından daha cəlbedici olacaq. Bu siyahıda daha təcrübəli siyasətçilər, Azərbaycan cəmiyyətində nüfuzu daha çox olan siyasi-ictimai xadimlər, jurnalistlər, ziyalılar, mütəxəssislər təmsil olunacaq. Bu resurslardan istifadə edərək biz ölkədə ümumi siyasi ab-havanı dəyişdirməyə çalışacağıq.
 
Eyni zamanda, hesab edirəm ki, Müsavat Partiyası seçki kampaniyasının hər bir mərhələsində fəal iştirak etmək yolu ilə baş verən ümumi proseslərin mənzərəsini həm Azərbaycan ictimaiyyətinə, həm beynəlxalq ictimaiyyətə çatdırmağa nail olacaq. Bunun üçün bizim resurslarımız kifayət qədərdir. Müsavat Partiyasında heç bir haqqı ödənilmədən könüllü olaraq fəaliyyət göstərən minlərlə fəal var və onların əksəriyyəti bu illər ərzində çox ciddi seçki mütəxəssislərinə çevriliblər. Bu mütəxəssislər Azərbaycan hakimiyyətinin bu seçki kampaniyasını da asanlıqla və sakitliklə yola verərək yekunlaşdırmasına imkan verməməyi bacaracaqlar.
 
- İndiyə Müsavatın neçə dairədən deputatlığa namizədi bəllidir? Bütün dairələr əhatə olunacaq? Siyahıda ancaq Müsavatın üzvləridir, yoxsa partiyanın üzvü olmayan şəxslər də yer alır?
 

“Boykot siyasəti faktiki olaraq hər hansı bir siyasi qüvvənin və ya siyasi xadimin özünü siyasi prosesdən kənarlaşdırması ilə nəticələnir”

 
- 80-ə yaxın dairə üzrə namizədlər ilkin olaraq müəyyənləşib.Avqustun 29-da Müsavat Məclisinin növbədənkənar sessiyasında namizədlərin siyahısı təsdiq olunacaq. 
Hələlik Müsavat Partiyasının üzvlərinin namizədliyi məsələsi müzakirə olunur. Ancaq digər siyasi partiyalara mənsub olan, heç bir siyasi partiyanın üzvü olmayan şəxslərin də namizədliyinin müdafiə edilməsi istisna deyil. Müsavat Partiyasının Məclisinin qəbul etdiyi sənədlərə görə Müsavat Partiyasının ümumi ideoloji siyasi xəttinə uyğun fəaliyyət göstərəcəyi barədə öhdəlik götürən istənilən şəxsin namizədliyi partiya Məclinin müzakirəsinə çıxarıla bilər.
 
- İsa Qəmbərin və sizin hansı dairədən namizəd olacağınız bəllidirmi?
 
- İsa Qəmbərə və mənə seçkilərdə hansı nəticələrə nail olmağımızdan asılı olmayaraq deputat mandatı verilməməsi görünür, Əliyevlər hakimiyyətinin ümumi idarəçilik prinsiplərinə daxil olan məsələlərdən biridir. Bu amili nəzərə alaraq bizim seçkilərdə iştirak etməməyimiz də mümkün ola bilərdi. Lakin biz bu seçkilərdə yalnız mandat uğrunda mübarizə aparmaq niyyətində deyilik. Eyni zamanda, Azərbaycanın avtoritar rejiminə ölkədə seçkiləri saxtalaşdırmaq yolu ilə yenidən parlament formalaşdırması işində maneçilik törətmək niyyətimiz var. Əlimizdən gələni edəcəyik ki, Azərbaycan cəmiyyətini ölkədə olan seçki prosesində yol verilən naqisliklərə qarşı mübarizəyə cəlb edək. Ona görə də seçkilərdə iştirak etmək niyyətindəyik. Həm İsa bəyə, həm mənə müxtəlif dairələrdən namizəd olmaq təklifləri verilib. Mənə konkret olaraq 9, 33, 34 və ya 110-111-ci seçki dairələrindən namizədliyimi irəli sürmək təklif olunub. Bu dairələrdən birindən namizədliyimi irəli sürəcəyim istisna deyil. İsa bəyə də müxtəlif dairələrdən namizəd olmaq təklifləri irəli sürülüb. Ancaq mən bilirəm ki, o, Bakı şəhərində olan seçki dairələrinin birindən namizədliyini irəli sürmək qərarındadır.

- İsa Qəmbərə və sizə seçkilərdə hansı nəticələrə nail olmağınızdan asılı olmayaraq deputat mandatı verilməməsini Əliyevlər hakimiyyətinin ümumi idarəçilik prinsiplərinə daxil olan məsələlərdən biri adlandırdınız. Belə fikirlər də var ki, hakimiyyət üçün əsas məsələ İsa Qəmbərin nə olur-olsun parlamentə düşməməsidir. İsa Qəmbərin namizədliyi Müsavatdan olmayacağı halda Müsavat parlamentə buraxıla bilər, özü də bu dəfə Arif Hacılının təmsilçiliyi ilə... Bunu nəzərə alaraq addımlar atılması mümkündürmü?
 
- Hesab eləmirəm ki, hakimiyyətin İsa Qəmbərə olan münasibəti mənə olan münasibətindən fərqlidir. Hətta bəzi hallarda, hakimiyyətin mənə münasibəti daha sərt, daha aqressiv olub. Bu illər ərzində hakimiyyətin mənə qarşı münasibətinin necə olduğu cəmiyyətə məlumdur. İkincisi, indi seçkilərdə iştirak etmək bir mükafat deyil. Seçkilərdə iştirak etmək həddən artıq çətindir. Hər kəs üçün böyük problemlər yaradır. Biz bəzi partiya üzvlərindən öz namizədliklərini irəli sürmələri üçün xahiş edirik. Yəni indiki ağır siyasi şəraitdə heç də hamı Azərbaycanda mövcud hakimiyyətin dəstəklədiyi qorxunc, mafioz namizədlərlə üz-üzə gəlmək istəmir. 
 
Belə olan şəraitdə bizim öz namizədliyimizi irəli sürməyərək kənarda dayanmağımız düzgün olmazdı. Bu baxımdan həm mən, həm də İsa bəy öz namizədliyimizi irəli sürmək niyyətindəyik. Xatırlayırsınızsa, 2010-cu ildə mən namizədliyimi irəli sürməməyimin mümkün olduğu barədə fikir səsləndirmişdim. Ancaq sonradan ümumi fikir belə oldu ki, əgər müxalifətin əsas namizədləri bu seçkilərdə iştirak etməyəcəklərsə, bu Azərbaycan cəmiyyətində ruh düşkünlüyü yarada bilər. İkincisi də, indi siyasi şərait o dövrdə olduğundan daha kəskindir. Şəxsən özüm üçün indiki şəraitdə seçki prosesindən kənarda durmağı mübarizənin ön cəbhəsindən çəkilmək kimi dəyərləndirirəm. Ancaq ciddi siyasi dəyişikliklər olmayacaqsa hakimiyyətin məni parlamentə buraxmayacağına əminəm.
Cia.az