|
Xədicə İsmayılın məhkəməsində şahidlər dindirildi

Avqustun 11-də Ağır Cinayətlər Məhkəməsində araşdırmaçı jurnalist Xədicə İsmayılın məhkəmə prosesi davam etdirildi. Əvvəllər olduğu kimi, yenə də proses yarımqapalı keçirilirdi. Xarici səfirliklərin nümayəndələri və jurnalistin qohumlarından başqa heç kəs məhkəmə zalına daxil ola bilmədi. Mətbuat orqanlarından isə yalnız 3-4 jurnalistin prosesdə iştirakına şərait yaradıldı. 

11:00-da məhkəmə başlayan kimi fasilə yarandı. Buna səbəb müdafiə tərəfinin vəkillərinin prosesə gəlməməsi oldu. 
Fasilə zamanı X.İsmayılın anası Elmira İsmayılova jurnalistlərə açıqlama verdi: “Zala daxil olan kimi fasilə elan olundu. Çıxmağa məcbur olduq. Qızımı doyunca görə bilmədim. Vəziyyəti yaxşı görünürdü. Vəkilin gəlməməsinə görə fasilə oldu. Zalda tanımadığım çoxlu sayda adam var idi. Onların kimliyini soruşdum. Nəvəm dedi ki, onların adamlarıdır. Xədicə məhkəməyə dedi ki, agentləri yenə də doldurmusunuz zala. Öz adamlarının zala daxil ola bilməmələrindən qızım çox narahatdır. Bu məhkəmə deyil, bir teatrdır. Pis artist və pis  oyunçulardan ibarətdir. Mən bunu məhkəmə adlandırmıram”.
Fasilə gözlənildiyindən uzun çəkdi. Günün ikinci yarısında vəkil Cavad Cavadovun prosesə gəldi. İclas Xədicə İsmayılın Bakı Şəhər Prokurorluğundan MTN-ə ünvanlanmış məktubun surətini istəməsi vəsatəti ilə davam etdi. Lakin vəsatət təmin olunmadı. Proses şahidlərin ifadələri ilə davam etdirildi. 
İlk olaraq Tural Mustafayevin keçmiş qayınanası Fərqanə Rəsulova ifadə verdi. O, ifadəsində göstərdi ki, Turalla Xədicə arasında hər hansı münasibətdən xəbəri olmayıb: “Xədicəni tanımıram. Adını belə eşitməmişəm. Turalla olan münasibətlərini bilmirəm”.
Prokurorun qızının ailəsinin dağılmasında kimi günahkar görməsi ilə bağlı sualına şahid belə cavab verdi:“Qızım mənə deyirdi ki, ailəm dağılmaq üzrədir. Tural onu boşanmağa vadar edirmiş. Onun həyatında Rövşanə adlı qadın olub. Turalın qızımla ayrılmasına səbəb Rövşanə olub”.
 
Şahidin istintaqa verdiyi ifadəsi elan olundu. Lakin o, həmin ifadəni təsdiq etmədi.
Daha sonra Rövşanə Rəhimlinin anası Zemfira Əliyeva ifadə verdi. O, T.Mustafayevin içkiyə meylli olduğunu, sərxoş olarkən özünü idarə edə bilmədiyini, qızına dəfələrlə əl qaldırdığını, hətta bir dəfə kirayə yaşadığı evdə özünü asmaq üçün ilgək düzəldərək şəklini Rövşanəyə göndərdiyini söylədi: “Tural içkiyə meylli adam olub. Bir gün xəbər verdi ki, intihar edirəm. Qaça-qaça getdik, gördük stolun üstündə araq, yemək, özü də eyvanda oturub. Dedim ki, ayıb deyil, bizi bu cür qorxudursan?
 
Bu adam axır vaxtlar əlində zəhər küçələri gəzirdi. Valideynlərinə zəng vurdum, dedim gəlin yiyə durun, heç kim yaxın durmadı. Turalın qeyri-adekvatlığı qızımın nişanı qaytarmasına səbəb oldu".
 
Ardınca AzadlıqRadiosunun əməkdaşı Esmira Cavadova dindirildi. O, radiodakı fəaliyyəti ilə bağlı danışdı:“Mən 2010-cu ildən radioda işləməyə başlamışam. Xidməti müqaviləni radionun Azərbaycan nümayəndəliyinin kadrlar şöbəsinin müdiri ilə bağlamışam. İstintaqda müqaviləni Xədicə İsmayılla bağlamağım barədə yazılanlar doğru deyil. Mən istintaqda belə ifadə verməmişəm. Bizi qeyri-iş günü, ekstremal vəziyyətdə aparıb dindiriblər. Səhər saat 7-də 23-cü polis bölməsinin əməkdaşları həyətimizə tökülüşmüşdülər”.
 
Sonra əvvəllər AzadlıqRadiosunun əməkdaşı olmuş Fərəh Əliyeva dindirildi. O bildirdi ki, radioda “İnternews”un layihələri əsasında fəaliyyət göstərib və müqaviləni də bu qurumla bağlayıb.
 
Məhkəmədə sonuncu dindirilən şahid Meydan TV-nin əməkdaşı Cavid Abdullayev oldu. Onun ifadəsi ilə istintaqda dedikləri arasında təzad yarandı. Şahid istintaqdakı ifadəsindən imtina edərək, məhkəmədə söylədiklərinin doğru olduğunu qeyd etdi: “Bir ay Turalla bir yerdə qalmışıq. Meydan TV-də də birlikdə çalışmışıq. O, Xədicə İsmayıl ilə münasibətləri barədə mənə heç nə deməyib. Onun intihar həddinə çatdırılması ilə bağlı onu deyə bilərəm ki, buna səbəb Rövşanə Rəhimli ilə münasibətlərinin pisləşməsi nəticəsində onda psixoloji problemlərin yaranması idi. İstintaq materiallarında adımdan yazılanlar mənə aid deyil. Orada mənə dedilər ki, al bunu imzala, mən də imzaladım. Elə ittiham xarakterli ifadə verməmişəm”.
 
Cavid Abdullayevin istintaqdakı ifadəsi elan olundu. 
 
Şahidlərin ifadələri bitdikdən sonra təqsirləndirilən şəxs çıxış etdi. O, məhkəmə zamanı havasız yerdə saxlanılmasına etirazını bildirdi: “Mən həbsdə olsam da, gün ərzində iki saat hava almaq hüququm var. Amma bu gün saatlarla məhkəmə binasının pis qoxu verən zirzəmisində saxlanılmışam.  Həftədə iki dəfə telefon zəngindən istifadə etmək hüququm var. Ancaq buradan təcridxanaya aparılarkən istifadə edə bilmirəm. Başa düşürəm ki, iş vaxtı başa çatdığından telefon işlərinə baxan təcridxana əməkdaşı gedir. Təcridxanaya qayıtdığım vaxt gec olur. Ailəmlə görüşə bilmirəm. Həftənin şənbə və bazar günləri qadınlara görüş verilmir. Hər gün məhkəmə olanda ailəmlə görüşə bilmirəm. Xahiş edirəm ki, hər günə proses salmayın, məhkəməni də yarım gün keçirin. Heç olmasa, iki saat hava alım”.
 
X.İsmayılın çıxışından sonra hakim prosesin 12 avqust saat 15:00-a təxirə salındığını elan etdi. Növbəti məhkəmədə prokuror təqsirləndirilən şəxsə iş istəyə bilər.
 
Məhkəmədən sonra X.İsmayılın anası Elmira Süleymanova mətbuata bir daha açıqlama verdi: “Şahidlər verdikləri ifadələrdən imtina etdilər. Deyirlər ki, istintaqda özləri yazdılar, biz də qol çəkdik. Vəkil soruşdu ki, hansı ifadəniz düzdür, onlar da məhkəmədə verdikləri ifadələri təsdiq etdilər. Suallara məhkəmədə mane olurdular. Nə qədər çalışsalar da, şahidlər özlərini itirmədilər. Xədicənin günahının olmadığını bildirdilər”.
 
 
 
Cia.az