Kütləvi zəhərlənmə ilə əlaqədar hadisənin baş verdiyi obyekti hadisədən əvvəl 3 milyona almaq istəyirmişlər, amma...
Kütləvi zəhərlənmə ilə əlaqədar hadisənin baş verdiyi “Zəngəzur” şadlıq sarayı bağlanıb. Bu barədə mediaya Respublika Gigiyena Mərkəzinin Qidalanma gigiyenası şöbəsinin müdiri İmran Abdullayev məlumat verib. .
İ.Abdullayev bildirib ki, şadlıq evində baş vermiş kütləvi zəhərlənmə ilə əlaqədar hazırda laborator müayinələr davam etdirilir. Şöbə müdiri bildirib ki, ilkin müayinələr zamanı hazır qidalarla bişməmiş qidaların bir yerdə saxlanılması, hazırlandıqdan sonra çirklənməsi halları qeydə alınıb: “Məlum olub ki, şadlıq evində qidaların, hazırlanan yeməklərin saxlanılmasında gigiyenik və saxlanma qaydalarında kobud pozuntuya yol verilib”.

Xatırladaq ki, “Zəngəzur” şadlıq evində kütləvi zəhərlənmə baş verib. Avqustun 8-də Binəqədi rayonundakı“Zəngəzur” şadlıq evində keçirilən toy mərasimində baş vermiş zəhərlənmə hadisəsində 77 nəfər zəhərlənən, o cümlədən 15 uşaq tibbi yardım almaq tibb müəssisələrinə müraciət ediblər. Müraciət edənlər əsasən Kliniki Tibbi Mərkəzə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasına yerləşdiriliblər, onlara müvafiq tibbi yardım göstərilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova movqe.az-ın əməkdaşına bildirib ki, hazırda 36 nəfərin müalicəsi davam edir, onlardan bir neçəsi avqustun 11-də evə buraxılıb. Hazırda xəstəxanada müalicə alanlardan 15-i uşaqdır.
“Yeni Müsavat”ın əldə etdiyi məlumata görə, Zəngəzurun yaxınlığında onunla eyni tipli - yəni şadlıq sarayı, restoran və saunası olan kompleks tikilib. Məlumatda iddia olunur ki, həmin obyekt Azərbaycanın çox nüfuzlu generallarından birinindir. Həmin adam “Zəngəzur”un sahibindən kompleksi bağlamağı tələb edib. “Zəngəzur”un sahibinə hətta kompleksi satmaq təklif edilib.
Obyektə 7 milyon dollar qiymət qoyulsa da, generalın adamları yalnız 3 milyon verə biləcəklərini deyiblər. Anlaşma bu səbəbdən alınmayıb.
Obyektin bağlanması ilə generalın adamları arasında konfliktin nə dərəcədə əlaqəsi olub-olmadığını demək olmaz. Çünki ortada zəhərlənmə faktı var. Amma o da faktdır ki, “Zəngəzur” kimlərinsə biznesinə maneə olub və zəhərlənmə olayı rəqiblərin işinə yarayıb.
Cia.az
