Müsavat “qarşıda xeyli zaman var” deyir, Ədalət Partiyasının siyahısı hazır deyil, Ümid isə yeni blok hazırlığındadır...
Yeni parlament seçkilərinə iki aydan bir qədər çox müddət qalsa da, YAP yekun siyahısını hələ də açıqlamayıb. Bu ləngiməni bəzi hakim partiya yetkililəri müxalifətin seçki siyahısını açıqlamasını gözləməklə izah edir. Bu variant qismən reallığı əks etdirir; çünki müxalifət nə qədər zəifləsə də, onun ayrı-ayrı liderləri hələ də YAP namizədləri üçün istənilən dairədə rəqabət yaratmaq gücündədir.
Bəs Azərbaycandakı siyasi partiyalar parlament seçkisində iştirak etmək üçün deputatlığa namizəd siyahılarını müəyyənləşdiribmi?
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov modern.az-a bildirib ki, zamanı gələndə bu barədə geniş məlumat veriləcək.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının müavini Fuad Qəhrəmanlı: “Seçkidə iştirakla bağlı yekun qərar verilmədiyinə görə belə bir siyahı məsələsi gündəmdə deyil”.

Müsavat Partiyasında isə seçki siyahısı hələ hazır deyil. Bu barədə danışan Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bildirib ki, hələ qarşıda xeyli müddət var. Partiya funksioneri bu müddət ərzində hər şeyin hazır olacağını deyib.
Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan isə seçki siyahıları ilə bağlı Modern.az-a açıqlamasında bildirib: “Seçkiyə gedəcəyimiz təqdirdə siyahı açıqlanacaq. Hələ ki seçkiyə gedib-getməyəcəyimiz bəlli deyil, ona görə də seçki siyahılarını müzakirə etmək niyyətində deyiləm”.
Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimlinin isə cavabı belə olub:
“Ədalət Partiyasında seçki siyahısı hələ hazır deyil. Çünki bir sıra prosedur həyata keçirilməlidir. İlkin olaraq partiya seçkilərdə iştirakla bağlı qərar verməlidir, amma hələlik belə bir rəsmi qərarımız yoxdur.
Partiyanın səlahiyyəti Ali Məclisin ixtiyarındadır. Düşünürük ki, avqustun sonlarında Ali Məclisin iclasını çağıraq və partiyanın seçkilərə münasibətini rəsmi olaraq bəyan edək. Amma bununla belə seçkilərdə iştirak etmək istəyində olan partiya üzvləri Mərkəzi Aparata müraciət edirlər və onların sayı 20-ə yaxındır.
Onu da qeyd edək ki, indi proporsional sistem olmadığından burada partiyanın siyahı təqdim etməsi də düzgün səslənmir, çünki namizədlər majoritar qaydada seçkilərə qoşulurlar. Burada yalnız ayrı-ayrı fərdlərin seçkiyə qoşulmasından söhbət gedə bilər. Amma bununla belə, Ədalət Partiyası ayın sonunda onun sıralarından nə qədər namizədin parlament seçkilərində iştirak edəcəyini dəqiqləşdirəcək".

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu isə bildirib ki, artıq partiyanın seçki siyahısının hazırdır.“Biz partiyadan nə qədər üzvün seçkidə iştirak edəcəyi demək olar ki, müəyyənləşib”.
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) baş katibi Arzuxan Əlizadənin sözlərinə görə seçki siyahısı demək olar ki, hazırdır."Amma bəzi dairələr üzrə namizədlər hələ tam dəqiqləşdirilməyib. Siyasi Şuranın iclasında bu məsələ müzakirə edilib, potensial namizədlər də iclasa dəvət olunub. Bir daha seçki məsələləri, kimlərin hansı dairələrdə daha şanslı olması məsələləri müzakirə olunub. Namizədlərin dairələr üzrə 90 faizi artıq müəyyən edilib, qalanları da müəyyən edildikdən sonra bu barədə mətbuata açıqlanma veriləcək".
Siyahısını açıqlayan Ümid Partiyası isə qarşıdan gələn parlament seçkilərində iştirakla bağlı bir sıra partiyalarla seçki bloku yaradılması istiqamətində danışıqlar aparır. Bunu moderator.az-a açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə deyib. Onun sözlərinə görə, hazırda partiyada seçkilərə ciddi hazırlıq işləri gedir. “Artıq dairələr üzrə namziədlər müəyyənləşdilib və bu istiqamətdə seçicilərlə iş gedir. Bundan əlavə olaraq bir siyasi partiya kimi üzərimizə düşən vəzifələrdən bir də seçki ərəfəsində əməkdaşlıq və bloklaşma ilə bağlı olan təklifləri dəyərləndiməklə məşğuluq”, - deyə İ.Ağazadə bildirdi.

“Qarabağ” bloku daxilində vahid namizəd məsələsində yarana biləcək problem məsləsinə gəldikdə isə İ.Ağazadə bildirdi ki, burada elə bir problem yoxdur və biz vahid namizəd məsələsində ümumi razılığa gələ biləcəyik".
Seçki ərəfəsində digər qüvvələrlə əməkdaşlıq etmək məsələsinə gəldikdə isə partiya sədri bildirib ki, hazırda ölkədəki müxtəlif siyasi partiya və qüvvələrlə bloklaşma və əməkdaşlıq istiqamətində danışıqlar gedir. “Ancaq bu hələ danışıqlar səviyyəsində olduğundan və əməkdaşlığın, bloklaşmanın konturları dəqiq bəlli olmadığında ictimiayyətə veriləcək bir məlumat yoxdur”, - deyən İ.Ağazdə əlavə edib ki, danışıqların gedişində asılı olaraq ola bilsin yeni seçki bloku yaransın.
Cia.az
