Onlarla türk generalını “terrorçu” kimi həbsxanaya dolduran Zəkəriyyə Öz və Cəlal Qaranın işğalçı ölkədə gizləndiyi deyilir...
Türkiyə gündəmini PKK və İŞİD məsələsi ilə bağlı son günlər daha bir mövzu zəbt edib - haqqında cinayət işi qaldırılan prokurorlar Zəkəriyyə Öz və Cəlal Qaranın ölkəni gizlicə tərk eləməsi və harada olması.
Fətullah Gülən hərəkatını dəstəkləməkdə, qeyri-qanuni quldur dəstələrinin təşkili və hökuməti devirməyə yönəlik cəhdlərdə suçlanan prokurorların az sonra Ermənistanda gizləndiyi haqda məlumatlar yayılıb.
Bu haqda Türkiyənin Artvin vilayətinin valisi Kamal Cirit bildirib.
Valinin sözlərinə görə, Öz və Qara srağagün Gürcüstan ərazisindən Ermənistana keçib və hazırda da orada gizlənirlər. Zəkəriyyə Öz yerli vaxtla saat 03:46-da, Celal Kara isə 04:19-da Sarp sərhəd-keçid məntəqəsindən Gürcüstanın Batumi şəhərinə keçib. Türkiyə tərəfi Gürcüstan polisini prokurorların bu ölkəyə qaçdığı haqda məlumatlandırıb. Bundan sonra bəlli olub ki, prokurorlar Gürcüstandan Ermənistana adlayıblar.

Xatırladaq ki, Zəkəriyyə Öz bir vaxtlar baş nazir Rəcəb Tayyib Ərdoğan tərəfindən silahlı qüvvələrin yüksək rütbəli mənsublarını kütləvi həbs edərək “Ergenekon terrorçusu” adı altında həbsxanaya doldurmağa sanksiya verdiyinə görə zirehli avtomobillə mükafatlandırılmışdı. Virtualaz.org xəbər verir ki, avqustun 10-da prokurorluq Zəkəriyyə Özün, habelə qalmaqallı “Ergenekon” işinin digər prokuroru Cəlal Karanın barəsində mütəşəkkil cinayətkar qruplaşma formalaşdırmaq və hökuməti devirməyə cəhd göstərmək ittihamı ilə həbs sanksiyası verib. Lakin məlum olub ki, sanksiyanın çıxarılmasına az qalmış onlar Gürcüstana qaçıblar.
Zəkəriyyə Öz yaxın keçmişə qədər Türkiyənin siyasi sistemində hakim mövqeyə malik olan Fətullah Gülənin (Gülən camaatının lideri) ən sadiq əsgərlərindən idi. “Ergenekon” adlı mifik terror təşkilatı barədə cinayət işi qaldıran, bu cinayət işi çərçivəsində əvvəlcə Türkiyə Silahlı Qüvvələrinin istefada olan generallarını, digər yüksək rütbəli zabitlərini, Atatürkçü ziyalıları, jurnalistləri, daha sonra həbsləri Türkiyə ordusunun xidmət başında olan komandanları barədə sanksiyalar çıxarmaqla davam etdirən məhz Öz olub.
Zəkəriyyə Öz ordu generalları, əksər qoşun növlərinin komandanları, o cümlədən silahlı qüvvələrin Baş qərargah rəisi İlkər Başbuğ barəsində “terror təşkilatı qurmaq və ona başçılıq etmək” kimi ağır ittihamla cinayət işi qaldırıb onları bir-birinin ardınca Silivri həbsxanasına göndərirdi. Silivri həbsxanası Özün həbs etdirdiyi generallarla, ziyalı və jurnalistlərlə doldurulmuşdu, onların əksəriyyətini ömürlük həbs cəzası gözləyirdi. Və “Ergenekon” məhbusları üzərində qurulan məhkəmə proseslərində onların əksəriyyətinin barəsində belə hökmlər çıxarılmışdı.
Zəkəriyyə Özün Fətullah Gülənin Türkiyədə təriqət dövləti qurmaq planlarına mane ola biləcək hər kəsi “terrorçu” adı altında həbsxanalara doldurması 2013-cü ilə - Ərdoğanla Gülən arasında münasibətlərin pozulmasınadək davam etdi. 2013-cü ilin dekabrında Gülənin ordusu - Türkiyənin polis və ədliyyə sistemində kök salmış fətullahçılar bu dəfə Ərdoğanın özünü devirmək üçün hərəkətə keçdilər. Onun hökumətinin nazirlərinin korrupsiya əməlləri ortaya çıxdı, ilk həbslər aparıldı və hətta Ərdoğanın oğlu Bilal barəsində həbs sanksiyası çıxarıldı. Ancaq Ərdoğan əks-hücuma keçərək Türkiyənin polis və ədliyyə sistemində fətullahçıları kütləvi şəkildə işdən azad etməyə başladı. Bir vaxtlar Ərdoğanın hakimiyyət müttəfiqi olan Fətullah Gülənin şəbəkəsi “paralel dövlət” adı alaraq zəiflədildi.
Ərdoğanla Gülən arasındakı qarşıdurma “Ergenekon” məhbusları üçün də həbsxana qapılarını açdı. Onlara qarşı ittihamların saxta olduğu etiraf edildi. İstanbul Cümhuriyyət prokuroru işləyən Zəkəriyyə Özü ucqar rayonlardan birinə prokuror təyin etdilər, səlahiyyətlərini əlindən aldılar. Öz isə yeni iş yerinə getmədi, Ərdoğanın hakimiyyətinə qarşı ara-sıra çıxışlar etdi.
İndi onun özü bir vaxtlar Türkiyə ordusunu ciddi şəkildə zəiflədən həbs əməliyyatları zamanı istifadə edilmiş ittihamla - hökuməti devirməyə cəhd və mütəşəkkil qruplaşma yaratmaq ittihamları ilə üzləşib. Və prokuror Öz həbs sanksiyası barədə əvvəlcədən məlumat alaraq Ermənistana qaçıb. Niyə məhz Ermənistana qaçıb, bu haqda hələ ətraflı məlumat yoxdur.
Ancaq bir vaxtlar NATO-nun ikinci ən güclü ordusu hesab edilən türk ordusunun komandanlarını “terrorçu” kimi həbs edən birinin Ermənistana qaçması olduqca ibrətamiz görünür...
* * *
Əlavə edək ki, Ermənistan tərəfi qaçış faktı hələ təsdiqləməyib. O da maraqlıdır ki, əgər həqiqətən belə bir hal varsa, işğalçı ölkə prokurorları Türkiyəyə təhvil verərmi - tutaq ki, özü haqda sivil dövlət imici yaratmaq üçün və ya Ərdoğan iqtidarından nəsə qoparmaq qarşılığında?
Cia.az
