|
Müsavatı çalxalayan agent kimdir?

Müsavat Partiyasında baş verənlər Azərbaycan siyasəti üçün yenilik deyil. Vaxtilə oxşar problemləri AXCP və AMİP-də yaşayıb.

Əbülfəz Elçibəyin ölümündən sonra Xalq Cəbhəsi, Etibar Məmmədovun sədrlikdən gedişindən sonra isə Milli İstiqlal Partiyası ciddi böhran yaşamalı oldu. Elçibəyin vəfatı AXCP-ni 3 hissəyə parçaladı. Partiya sədrinin vəfatına qədər artıq mobil komandaya malik olan Əli Kərimli tərəfdarları parçalanmadan daha az itki ilə çıxa bildilər. AXCP-də yalnız bu komandanın ciddi problemi yox idi, öz liderləri və partiyanın idarəçiliyinə tamamilə fərqli baxışı olan “islahatçılar” son illərə qədər onsuz da müstəqil fəaliyyət göstərirdilər və odur ki, sədr itkisi onlara o zaman elə də ciddi təsir göstərmədi.
“Klassiklər” isə Elçibəy komandasının önəmli hissəsinə sahiblənsələr də, ölkənin güclü bir təşkilatına çevrilə bilmədilər. Elçibəy sevdalıları yeni sədri onun qədər sevə bilmədilər və bu da tam anlaşılan idi. Onlar üçün yeganə və əbədi lider Əbülfəz Elçibəy olaraq qaldı. Türkiyədə Alp Arslan Türkeş Milliyyətçi Hərəkat Partiyası üçün nə idisə, Əbülfəz Elçibəy də cəbhəçilər üçün eyni dərəcədə mifik bir lider idi. Lider böhranı yaşayan KXCP-nin ciddi partiyaya çevrilə bilməməsinin səbəbi də elə bununla bağlı idi. Yaranmış vəziyyətdə Mirmahmud Mirəlioğlu imkanı daxilində bütün addımları atdı və təşkilatı qoruya bildi. Nə Əli Məsimov, nə Fazil Qəzənfəroğlu Əbülfəz Elçibəy qalasından bir kərpic belə apara bilmədilər. M.Mirəlioğlu isə Elçibəy komandasının son mogikanlarını öz bayrağı altına yığa bildi.

***
2004-cü ilin dekabrında AMİP sədrliyindən gedən Etibar Məmmədov vaxtilə öz adı ətrafında formalaşdırdığı təşkilatı faktiki olaraq itirdi. Belə ki, 2005-ci ilin martında AMİP-in yeni sədri olan Əli Əliyev qısa zamanda yeni idarəçiliyə keçdi. Sədrlikdən gedən, lakin lider postu ilə təşkilatdakı prosesi nəzarətdə saxlamaq istəyən E.Məmmədov Ə.Əliyevin müstəqil xəttinə qarşı çıxmaqla, faktiki olaraq partiyada söz sahibi olaraq qalmaq istədiyini nümayiş etdirdi və bu ambisiyanın nəticəsində təşkilat iki hissəyə bölündü. 2006-nın yanvarında, eyni gündə hər iki qanadın qurultayı oldu və Ayaz Rüstəmov E.Məmmədovun yaxın dəstəyi ilə partiyanın sədri seçildi. Digər qanada isə Ə.Əliyev sədr seçildi. Nəzərlər iqtidarda idi. Hakimiyyət hansı qanadı AMİP olaraq taniyacaqdı? 2006-nın aprelində Ədliyyə Nazirliyi Ayaz Rüstəmovun sədrliyini tanıdı və mayın 28-də Ə.Əliyevin rəhbərliyi ilə yeni partiya - VİP təsis olundu.

Bu gün oxşar proseslər Müsavatda cərəyan edir.
İsa Qəmbərin başqanlıqdan getməsi ilk baxışdan formal xarakter daşıyır. Çoxlarında belə təsəvvür yaranıb ki, Müsavatın lideri yenə də İsa Qəmbərdir. Bu gün partiyanın yeni başqanı Arif Hacılı eynilə Əli Əliyev kimi öz xəttini yeritmək istəyir. Uzun illər Müsavatda fəaliyyət göstərən Hikmət Hacızadə, Nəsib Nəsibli kimi simalar İsa Qəmbərdən başqasını lider kimi qəbul edə bilmirlər. Bu baxımdan, yeni başqan Arif Hacılı özünə yeni komanda yaratmaqda maraqlıdır və buna görə onu qınamaq da yanlış olardı. Yeni başqanın yanlışı birləşdirici simaya çevrilməməsi və komandasına daha çox “savaş partiyası”nı toplaması oldu. A.Hacılının vaxt udmaq və narazıları tədricən ram etmək, vaxtilə Əli Kərimlinin işlətdiyi uğurlu taktikanı təkrarlamaq niyyəti daha düzgün olardı. A.Hacılı başa düşməli idi ki, İ.Qəmbərdən sonra başqan olmaq elə də asan deyil və istər-istəməz narazılıqlar olacaq və bu, qarşısıalınmaz prosesdir. Müsavatın keçmiş başqanı İsa Qəmbərdən sonra partiyaya kimin rəhbərlik etməsindən asılı olmayaraq, bir boşluq yaşanmalı idi və hazırda bu proses baş verir. İsa Qəmbər partiyada şəksiz nüfuz sahibi olaraq qalır, ondan sonra heç bir kəs təşkilatda bu dərəcədə avtoritetə malik ola bilməyəcək. Odur ki, narazılarla dava eləmək yox, onlarla polemika açmaq və “verbovka” etmək lazım gəlir. Lakin bunun əvəzinə narazıları “it kimi qovmaq” çağırışları sosial şəbəkələrin əsas müzakirə predmetinə çevrildi. Bu müzakirələrdə yalnız Alya Yaqublunun rasional yanaşması olmasaydı, yəqin ki, proseslər daha sərt müstəviyə transfer edə bilərdi. Təcrübəli siyasi şərhçi polemikaları siyasi müstəviyə qaytarmağa cəhd elədi və əvəzində “qara piar”la üzləşməli oldu.

Müzakirələrin qızışmasında hakimiyyətin maraqlı olması da ilk gündən görünürdü. İsa Qəmbərin demokratik sədr dəyişikliyi modelinə Qubad İbadoğlunun göstərdiyi sərt təpkidə seçkinin nəticəsi deyil, “arxa bağça”dan gələn mesajlar hiss edilirdi. Q.İbadoğlu özünə qarşı narazılıqlar olduğunu dilə gətirməkdə bəlkə də haqlıdır. Lakin o, qurultaydan sonra açıqladığı mövqedən çox anlaşılmaz şəkildə geri çəkilməyə başladı.

Haqsızlıq əlbəttə ki olub. Lakin bu haqsızlıq Q.İbadoğlundan daha çox başqanlığa digər namizəd Tural Abbaslıya qarşı yönəlib. Partiya Məslisinin tərkibinə T.Abbaslının yalnız bir tərəfdarı seçilə bilib, Divanda isə onlar ümumiyyətlə təmsil olunmayıb. Nə MNTK-da, nə də ki partiya strukturlarında T.Abbaslının komandasının üzvləri yoxdur, bəziləri isə partiyadan xaric edilib. Bütün bunların arxasında yeni başqandan daha çox, sabiq başqanın durduğu ehtimalının da yaşamaq haqqı var.
Proseslərin arxasından səsi o qədər də çıxmayan daha bir funksionerin kölgəsi görünür. Sovet DTK-nın polkovniki bu sətirlərin müəllifinə verdiyi müsahibədə o şəxsi 1988-ci ildə özünün agenti etdiyini vurğulamışdı. Deyəsən, düyünlər elə bununla açılır...//Musavat.com