Vətəndaş Həmrəyliyi Partiyası (VHP) 1 noyabr parlament seçkilərinə hazırlaşır. Lakin seçkidə neçə namizədlə iştirak edəcəyi hələ dəqiqləşməyib. Bu barədə “Yeni Müsavat”a açıqlamasında VHP sədri, deputat Sabir Rüstəmxanlı bildirdi ki, rəhbərlik etdiyi partiya yaranandan indiyə qədər keçirilən bütün parlament və bələdiyyə seçkilərində iştirak edib: “Bütün çağırışlarda parlamentdə Vətəndaş Həmrəyliyi Partiyasının deputatları olub.
Bu il də şübhəsiz ki, parlament seçkilərində iştirak edəcəyik. Bloklara qoşulmamaq haqqında partiyanın əvvəldən qərarı var. Bu, o demək deyil ki, biz siyasi partiyalarla əməkdaşlıq eləmirik, əməkdaşlıq eləmək niyyətimiz yoxdur. İkitərəfli danışıqlar gedir, müəyyən seçki dairələrdə hansısa problemlər olsa danışmağa, razılaşmağa nail olmaq üçün əməkdaşlıq qaçılmaz bir yoldur. Partiyalarla əməkdaşlıq bəlkə vaxtıilə bloklarda olduğumuzdakından daha sıxdır, səmimidir. Seçki blokları yaranır, dağılır və həmçinin də ortada narazılıqlar qalır. Bəzən ciddi hazırlıq olmadan, epizodik bloklar yaranır. Bu cür blokların da təbii ki, ciddi effekti ola bilməz. Ona görə də biz qatılmırıq”.
VHP-nin seçkilərdə neçə namizədlə iştirak etməsi və şəxsən özünün seçkilərdə namizədliyini irəli sürüb-sürməyəcəyinə gəlincə, Sabir Rüstəmxanlı məlumat verdi ki, seçkidə nə qədər dairədən namizəd irəli sürməsi ilə bağlı iki fikir var: “Birinci fikir belədir ki, bütün dairələri əhatə eləmək. Belə olanda bəzi dairələr olur ki, oradan namizəd irəli sürülməsi yalnız siyahını doldurmaq üçün edilir. Bunu eləmək mümkündür. Bizim partiyanın 80-ə yaxın rayonlarımızın əksəriyyətində yerli təşkilatı var və bu işi görmək, imza toplamaq çətin deyil. Amma ikinci yol da var ki, mənə ikinci yol daha normal görünür. Bu da ondan ibarətdir ki, dairələrin çoxluğu dalınca qaçmamaq, daha real görünən dairələrdə daha real görünən namizədləri müdafiə eləmək. Dairələrin çoxluğu dalınca yox, reallığın dalınca qaçmaq variantı daha cəlbedicidir. Bu iki variantın üzərində işləyirik. Müzakirələrin nəticəsində bu variantların hansı daha çox məqbul sayılsa onun da üzərinə dayanacağıq. Məncə, say dalınca yox, partiyanın üzvü oldu-olmadı daha keyfiyyətli namizədlər vermək haqqında düşünməliyik.
Şəxsən özümün namizədliyim məsələsinə gəldikdə, düzünü deyim ki, həm Milli Məclisdə, köhnə deputat yoldaşlarım, həm seçicilərim arasında tez-tez belə deyirlər ki, sən burda olmalısan, seçilməlisən. Belə söhbətlər olur. Bu beş ildə də uğurlu nəticələr göz qabağındadır. Hər il sorğu keçiriləndə ən fəal deputatlar sırasında mənim adım olub. Bunları düşünəndə əslində seçkiyə getmək doğru qərardır. Amma hələ tam son sözümüzü də deməmişik. Ümumiyyətlə hələ namizədlərin rəsmi irəli sürülməsi prosesi də başlanmayıb. Ona görə də bu barədə qəti bir söz deyə bilmərəm. Hər halda çalışacağıq ki, partiyamız Milli Məclisdə təmsil olunsun, əsas niyyətimiz budur".
Cia.az
