|
Partiya rəhbərləri gözləmə mövqeyində
Parlament seçkilərinə üç aydan da az vaxt qalıb. 20 gün sonra seçki kampaniyası başlanacaq. Seçkidə iştirak etmək qərarında olan partiyalar dairələr üzrə deputatlığa namizədlərini müəyyənləşdirməkdə davam etdiklərini bildirilər. Maraqlıdır ki, bu proses nədənsə bütün partiyalarda aylardır davam edir və hələ də bitmək bilmir. Diqqəti cəlb edən daha bir maraqlı məqam isə partiyaların əksəriyyətinin birinci şəxslərinin hansı dairədən namizəd olacaqlarının hələ də müəyyənləşməməsi və ya ictimaiyyətə açıqlanmamasıdır.
Müxalifət partiyalarının təmsilçiləri ilə seçki mövzusunda apardığımız sorğulardan və partiya rəhbərlərinin özlərinin açıqlamalarından belə məlum olur ki, partiya sədrlərinin əksəriyyəti hələ də hansı seçki dairəsindən namizəd olacaqları barədə yekun qərara gəlməyiblər. Bəzi partiya sədləri isə hətta ümumiyyətlə, seçkidə iştirak edib-etməyəcəyini müəyyənləşdirməyib. Seçkiyə isə çox az vaxt qalır. Seçki mütəxəssisləri hesab edir ki, seçkiyə bu qədər az vaxt qalmasına baxmayaraq partiya sədrlərinin seçkidə iştirak edəcəkləri dairələri dəqiqləşdirməməsi və ictimaiyyətə açıqlamaması onların özlərinin ziyanınadır, gecikmə seçki günü öz təsirini göstərəcək.
Siyasi şərhçi Elxan Şahinoğlu da hesab edir ki, seçicilərlə iş aparmaq, təmaslar qurmaq üçün namizədlərin seçki kampaniyasından xeyli əvvəldən müəyyənləşməsi vacibdir: “Partiyanın məramı və məqsədi məhz seçkilərdə iştirak etmək, öz varlığını göstərmək və qələbəyə çalışmaqdır. Əgər bunların heç biri yoxdursa, partiya tərifinin özü mənasını itirir. Ona görə də partiya mütləq seçkilərdə iştirak eləməlidir. Bəzilərinin hələ seçkidə iştirak edib-etməyəcəklərini bilmədiklərini bəyan etməsi suallar yaradır. Əgər partiyasansa seçkidə iştirak eləməlisən. İddia edə bilərlər ki, seçkilər saxtalaşdırılır, yenə də əvvəlki kimi olacaq. Onda yenə eyni sual çıxır ki, bəs, siz nəyə lazımsınız, əgər prosesi dəyişə, seçkiyə təsir edə bilmirsinizsə, nəyə lazımsınız? Deməli siz güclü deyilsiniz ki, prosesə heç bir təsir göstərə bilmirsiniz. Partiyalarda, onların rəhbərlərində bir qədər tənbəlləşmə də müşahidə olunur.
Seçkiyə az vaxt qalıb, ancaq onların çoxu hələ hansı dairədən namizəd olacaqlarını bilmirlər, yaxud cəmiyyətə elan etmirlər. Partiyalar bu baxımdan xeyli vaxtı itkiyə vermiş sayılırlar. Qarşıda iki aydan bir qədər çox vaxt qalıb. Bu müddətdə nə qədər çeviklik olsa belə vaxt o qədər azdır ki, tam əhatəli seçki kampaniyası aparmaq asan deyil. 
Mən indiki durumu bir tərəfdən anlayıram. O baxımdan ki, partiyalar obyektiv və subyektiv səbəblərdən o qədər zəifləyib maliyyə vəsaitləri çox azdır. Ona görə də seçki kampaniyası rəsmən başlamamış olan-qalan maliyyəni, enerjini xərcləmək istəmirlər. Amma nə mane olur ki, partiya sədrləri öz dairələrini elan etməsinlər? Elan etsələr həmin dairələrin seçiciləri indidən bilərlər ki, filan partiyanın lideri onların dairəsindən namizəd olacaq. Namizədin tanınması baxımından bunun ancaq müsbət təsiri var".
 
Ekspertin sözlərinə görə, müxalifətdə bir neçə qütbün formalaşması da seçkidə öz mənfi təsirini göstərəcək. Narazı elektoratın səsləri parçalanacaq: “Bax, bu vəziyyətlə üzləşməmək üçün də əvvəldən partiyalar müzakirə aparmalı, indidən qərarlar verməli idilər və verməlidirlər. Bu cür qeyri-müəyyənlik yaxşı nə isə vəd etmir.
 
Ola bilsin ki, partiya liderləri hakim partiyanın hansı dairədən kimi namizəd irəli sürəcəyini gözləyirlər. Amma bu gözlənti müxalifəti vaxt itkisinə məruz qoyur. Belə davam etsə, biz yenə də çox qısa müddətli seçki yarışının şahidi olacağıq. Yenə də müxalifət partiyaları parlamentdə az təmsil olunacaqlar".
Cia.az