Gürcüstandakı “5 günlük müharibə”nin Azərbaycana da zərbəsi dəyib; ekspert: “Dünya Ukraynaya görə Rusiyaya qarşı tutduğu mövqeyi 2008-ci ildə nümayiş etdirsəydi...”
Rusiyanın Gürcüstana genişmiqyaslı hərbi müdaxiləsindən 7 il keçdi. 2008-ci il avqustun 8-də Rusiyanın o zamankı prezidenti Dmitri Medvedyevin göstərişi ilə bu ölkənin ordusu Gürcüstanın ərazilərinə daxil oldu.
Abxaziya və Cənubi Osetiyanı ələ keçirən işğalçı ordu Tbilisinin 40 kilometrliyinə qədər irəliləmişdi. Rusiyanın Gürcüstana 5 günlük hərbi müdaxiləsi Gürcüstanın Abxaziya və Cənubi Osetiya üzərində hakimiyyətini yenidən bərpa etməsinin qarşısını aldı və bu bölgələr Moskvanın nəzarətinə keçdi. Kreml bu prosesi separatçı qurumların “müstəqlliyini” birtərəfli qaydada tanımaqla bir növ rəsmiləşdirdi.
Politoloq Natiq Mirinin sözlərinə görə, Rusiyanın 2008-ci ildə Gürcüstana hərbi müdaxiləsi təkcə Gürcüstan üçün hesablanmış hərəkət olmayıb, Moskva bununla bütün dünyaya sübut etmək istəyirdi ki, o, hələ də güclü Rusiya olaraq qalır və Cənubi Qafqaz onun təsir dairəsində olan zonadır: “Rusiya bu bölgəyə hər hansı başqa xarici gücü buraxmaq fikrində olmadığını bununla dünyaya göstərmək istəyirdi və istəyinə nail oldu. Məhz həmin hərbi müdaxilə zamanı Rusiya, demək olar ki, dünya gücləri tərəfindən cəzalandırılmadı. Dünya gücləri, xüsusən də o vaxtkı Gürcüstan iqtidarının arxalandığı Qərb yalnız quru bəyanatlarla kifayətləndi. Rusiyanın Gürcüstana hərbi müdaxiləsi və Qərbin, dünyanın bu cür yumşaq davranışı postsovet məkanında siyasi proseslərə, geosiyasi proseslərə çox ciddi təsir göstərdi, proseslərin, əsasən müşahidə olunan müsbət meyllərin qarşısını aldı, ən nəhayət, Ukrayna hadisələrini, Krımın işğalını doğurdu. Yalnız Ukrayna hadisələrindən sonra dünya Rusiyaya qarşı hərəkətə keçməyə başladı. Sanki Qərb, Avropa yuxudan ayıldı”
Rusiyanın Gürcüstana hərbi müdaxilədən sonra region dövlətlərini qorxu altına saldığını və bir çox demokratik proseslərin də qarşısını aldığını deyən politoloq bildirdi ki, məsələn, əgər bu hadisə olmasaydı, Azərbaycanın Qərbə, NATO-ya inteqrasiyası daha sürətli və effektli olacaqdı. Rusiya Gürcüstana müdaxilə etməklə Azərbaycanda bir qorxu, çəkingənlik yaratdı: “Azərbaycan ”gözü çıxmış qardaşı"ndan müəyyən ibrətlər götürdü. Bundan başqa Gürcüstana hərbi müdaxilə Azərbaycanda demokratik seçki ənənəsinin qarşısını alan amillərdən biri oldu. Diqqət edəndə görürük ki, məhz həmin vaxtdan sonra keçirilən bütün seçkilər rus modeli ilə getməkdədir. Ən nəhayət, güclənən Azərbaycan ordusunun işğalda olan torpaqlarımızı azad etmək planının, istəyinin qarşısını da Rusiyanın Gürcüstana hərbi müdaxilə edib Gürcüstan ərazilərini işğal etməsi almış oldu. Rusiyanın addımı göstərdi ki, Moskva istənilən zaman bu hərəkəti Azərbaycana qarşı da tətbiq edə bilər, Azərbaycan ordusu ərazilərimizi bərpa etmək üçün Ermənistanla müharibəyə başlayacağı halda Rusiya bəhanə ilə Qarabağa hərbi müdaxilə edə və orada yerləşə bilər. Bax bu təhlükə Azərbaycanı 7 ildir Qarabağda hərbi əməliyyatlara başlamaqdan çəkindirən məsələyə çevrilib. Beləliklə, məlum olur ki, 2008-ci ildə Rusiyanın Gürcüstana hərbi müdaxiləsinin zərbəsi Azərbaycana da ciddi dəyib".
N.Miri onu da qeyd etdi ki, Ukraynaya müdaxilədən sonra Qərbin, dünya güclərinin bəyanatlardan konkret sanksiyalara keçməsi Rusiyanın bundan sonra region ölkələrinə müdaxiləsini çətinləşdirib və Kremldə 2008-ci ildən sonra yaranmış arxayınçılığı aradan qaldırıb: “Dünya Ukrayna hadisələrinə görə Rusiyaya qarşı tutduğu mövqeni 2008-ci ildə Gürcüstan hadisələri zamanı nümayiş etdirsəydi, postsovet məkanında, hətta deyərdim ki, Yaxın Şərqdə proseslər başqa cür - müsbət yöndə inkişaf edəcəkdi. Gürcüstana görə Rusiyaya qarşı bəyanatlardan o tərəfə heç bir tədbir görülməməsi Rusiyada özünə arxayınlıq, özünə güvən, heç kimi saymamaq hissi yaratmışdı. Bunun təsiri altında Kreml 6-7 il idi dünyaya meydan oxumağa başlamışdı. Ukrayna hadisələrindən sonra vəziyyət dəyişdi. İndi artıq Rusiyada bu arxayınçılıq yoxdur”.
Cia.az
