|
“Qarabağ məsələsində istənilən sürprizə hazır olmalıyıq”

Elxan Şahinoğlu: “Lavrovun yerinə başqası olsaydı belə, Rusiyanın Azərbaycan siyasəti dəyişməyəcəkdi”; Fazil Mustafa: “Qarabağ məsələsində istənilən sürprizə hazır olmalıyıq”

Üzeyir Cəfərov: “Onun ermənilərə simpatiyası heç kimi təəccübləndirməməlidir”; Hikmət Hacızadə: “Bizim taleyimiz Ukraynada həll olunur

ATƏT-in Minsk Qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində iştirak edən Rusiyanın ədalətli mövqe tutacağı ilə bağlı şübhələri təsdiqləyən növbəti fakt ortadadır. Qəzetimiz son sayında sözügedən faktı özündə ehtiva edən materialı dərc edib. Söhbət Rusiyanın xarici işlər naziri Sergey Lavrovun ofisindən idarə edilən anti-Azərbaycan kampaniyası və rusiyalı nazirin erməni əsilli olması barədə diplomatik kanallarla əldə olunan sensasion məlumatlardan gedir. 
 
Hazırda Rusiya Xarici İşlər Nazirliyində (XİN) işləyən mənbə Qarabağın tənzimlənməsi prosesində söz sahibi kimi çıxış edən, hətta bir sıra hallarda münaqişənin həll vaxtının yetişdiyi barədə “ümidverici” bəyanatlarla çıxış edən S.Lavrovun ermənipərəstliyinin səbəbləri barədə təkzibolunmaz faktları təqdim edib. Erməni əsilli nazir, üstəlik, öz soydaşlarının Rusiya Xarici İşlər Nazirliyində məskən salması üçün ideal şərait yaradıbmış. 
“2004-cü ilin martında təmiz erməni olan Sergey Lavrovun (əsas familiyası Kalantarovdur, Lavrov isə atalığının soyadıdır) Rusiyanın xarici işlər naziri təyin olunmasına təsadüf elədi. Məhz 2004-cü ildən Rusiya XİN-in rəhbər postlarında ermənilərin sayı kəskin artdı”- mənbə deyir. Belə olan təqdirdə Qarabağ probleminin illər boyu uzanmasının, heç bir irəliləyişin olmamasının əsas səbəblərindən biri ortaya çıxır. Əgər Lavrovun bütün amalı ermənilərin ikinci dövlətinin yaradılmasına yönəlibsə, o halda Moskvadan normal mövqe gözləmək sadəlöhvlük olardı. 
Qarabağ konflikti başlayan illərdə ermənilər müxtəlif yollarla, hətta SSRİ-nin keçmiş prezidenti M.Qorbaçovun arvadına brilyant hədiyyə etməklə Kremlin dəstəyini qazana bildilərsə, indi də Lavrov faktorundan yararlanırlar. Təbii ki, burada Putin hakimiyyətinin də öz maraqları var və Azərbaycana təzyiq üçün Qarabağ münaqişəsinin on illər boyu uzanmasından ideal variant yoxdur. Lakin söhbət konkret Lavrovdan gedirsə, o halda ortaya haqlı sual çıxır: Belə bir şəxs Qarabağ məsələsində necə səmimi və obyektiv ola bilər? 
Deputat Fazil Mustafa hesab edir ki, Lavrovun hazırda erməni tezislərini müdafiə etməsi illərdir bilinən bir faktın davamıdır: “Ona görə də Rusiya ilə münasibətlərdə bu faktoru hər zaman diqqətdə saxlamalıyıq. Bu, yalnız Lavrovun erməni sevgisi ilə da əlaqədar deyil. Rusiyanın dəyişməz dövlət siyasəti var və onun da icrasına məhz bu obrazda bir şəxs başçılıq etməlidir. Bununla belə, biz Qarabağ məsələsində istənilən sürprizə hazır olmalıyıq”.
Politoloq Elxan Şahinoğlunun fikrincə, Rusiya xarici işlər nazirinin etnik mənşəyinin Kremlin siyasətində elə bir rolu yoxdur: “Bəli, Sergey Lavrov erməni mənşəlidir, Rusiya xarici siyasət idarəsinə rəhbəri olduğu dövrdə Azərbaycanla münasibətlərə müsbət töhfə verəcək heç bir addım atmayıb. Ancaq Lavrovun yerinə başqası olsaydı belə, bu, Rusiya xarici siyasət idarəsinin Azərbaycana yönəlik siyasətinə müsbətə doğru ciddi dəyişiklik gətirməyəcəkdi. Lavrovdan əvvəl Rusiya xarici siyasət idarəsinə rus və yəhudi mənşəli diplomatlar başçılıq ediblər. Məgər həmin dövrdə həmin nazirlər Azərbaycanın başlıca problemi olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə çalışırdılar?” 
E.Şahinoğlu deyir ki, Rusiyada XİN başçısının kimliyindən asılı olmayaraq xarici siyasəti Kreml sahibi və hərbi-texniki kompleksə rəhbərlik edən şəxslər müəyyənləşdirirlər: “Onlar üçün isə Cənubi Qafqazda tək dayaq yeri var, o da Ermənistandır. Çünki Ermənistan Rusiyanın bütün əmrlərini əlavə sualsız yerinə yetirir. Ona görə də Kreml Ermənistanın və erməni separatçılarının maraqları əleyhinə heç bir addım atmır. Çünki bu maraqlar həm də Rusiyanın regional maraqlıdır. Başqa sözlə, Rusiya xarici işlər naziri hətta azərbaycanlı mənşəli biri təyin olunsa da, onun da iki yolu qalacaq: ya ədalətli olmaq və vəzifəsini itirmək təhlükəsiylə üzləşmək, ya da Kremlin tapşırıqlarını sorğu-sualsız yerinə yetirmək. Lavrov ikinci yolu seçənlərdəndir. O, prezident Putinin tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirir. Lavrov Putinin tapşırığı ilə ABŞ-a daima atmaca atır, NATO-nu hədələyir, Krımın işğalına və Donbas separatçılarına verilən dəstəyə hüquqi don geyindirir. Beləsi aydındır ki, heç zaman Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlini ağdan-qaraya vurmayacaq”.
Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, Rusiyanın xarici siyasət idarəsinin rəhbəri nə qədər gizlətməyə çalışsa da, onun həqiqətdə erməni milliyyətinə bağlı olması faktlarla-sübutlarla, ortalıqda olan təkzibedilməz digər məqamlarla öz təsdiqini tapıb: “Baxmayaraq ki, o, hər dəfə bu faktın üstündən sükutla keçməyə üstünlük verir, amma hamı bilir ki, onun soyadı Kalantarov, ya da Kalantaryandır. Və onun valideynlərinin erməni milliyyəti ilə birbaşa bağlılığı var. Ona görə də, onun ermənilərə simpatiyası, onların təəssübünü çəkməyə cəhdləri heç kimi təəccübləndirməməlidir. Belə bir şəxsin Qarabağ münaqişəsində hansı obyektiv mövqe tutacağını mən şəxsən heç cürə ağlıma yaxın buraxmıram. O, bu günə kimi var gücü ilə səlahiyyətləri çərçivəsində Ermənistanı müdafiə edib və etməkdə də davam edir. Lavrovun son bir neçə ayda Qarabağla bağlı boğazdan yuxarı səsləndirdiyi fikirlər də şəxsən onun mövqeyi deyildi. Bu, Lavronun birbaşa rəisi olan prezident Putin tərəfindən diktə edilmiş sözlər idi ki, biz də onun ”əhəmiyyətini" görürük. May ayının 29-da Moskvada Azərbaycan XİN-in başçısı Elmar Məmmədyarovla görüşdə səsləndirdiyi fikirləri o, bir neçə gün bundan öncə yenə eyni ardıcıllıqla təkrar etdi. Nədənsə heç bir xəcalət hissi belə çəkmədən unutdu ki, onun söylədiklərinə artıq lətifələr qoşulur və insanlar onu lağ-lağa obyektinə çevirirlər. Hər halda Rusiya kimi nəhəng bir dövlətin xarici siyasət kursunu müəyyən edən bir adamdan Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağla bağlı belə qeyri-ciddiliyi görəndə təəssüflənməyə bilmirsən".
 
Yeri gəlmişkən, ötən həftə Azərbaycan prezidenti amerikalı həmkarına göndərdiyi təbrik məktubunda da Qarabağ münaqişəsinin nizamlanmasında Vaşinqtonun önəmli rol oynaya biləcəyi barədə fikirlər əksini tapmışdı. Son zamanlar münaqişənin tənzimlənməsi prosesində Rusiya və ABŞ arasında rəqabət mühitinin yaranmasından da çox danışılır. Bu mənada sentyabrda keçiriləcək Azərbaycan və Ermənistan prezidentlərinin Amerika görüşündən də gözləntilər müzakirə mövzusudur. 
 
Üzeyir Cəfərovun bu barədə maraqlı fikirləri var: “Cənab İlham Əliyev Amerikanın Müstəqillik Günündə ünvanladığı məktubdakı kimi budəfəki məktubunda da Azərbaycanın Vaşinqtonla əməkdaşlıqda hər zaman maraqlı olduğunu bir daha vurğulayıb. Hər iki məktubda Azərbaycanın ABŞ-kimi dünya supergücünün dəstəyinə ehtiyac duyulduğunu qeyd edir. Bu xüsusən də Qarabağ münaqişəsinin həllində ABŞ-ın səylərinin artırılması və digər vacib məqamları əhatə edir. Amerika ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi Rusiya və Fransa ilə birgə Qarabağ münaqişəsinin tənzimləməsində davamlı səylər göstərməsinə baxmayaraq, ortada heç bir müsbət nəticə yoxdur. Bizdən fərqli olaraq qonşu İranla çox qısa bir zamanda başladılan gərgin müzakirələr nəhayət ki, öz müsbət effektini göstərdi. Qərbin İranla münasibətləri yoluna salması region ölkəsi kimi Azərbaycan üçün də çox vacib amillərdən biridir. 
 
Yəni Amerika və onun tərəfdaşları istəsələr, İrandan qat-qat zəif və demək olar ki, onunla bütün parametrlər üzrə müqayisəyə gəlməyən Qarabağ münaqişəsi ilə bağlı Ermənistanla da lazım olan diplomatik, siyasi işləri görüb, onları beynəlxalq hüquq və normalara sayğı ilə yanaşmağa məcbur edə bilərlər. Prinsip etibarı ilə, amerikalı həmsədrin ”işğal altında olan Azərbaycan torpaqları azad edilməlidir" bəyanatını rəsmi Bakı alqışlasa da, ortalıqda heç bir konkret nəticə yoxdur. Şəxsi qənaətimə görə, adətən dövlət başçıları bir-birinə təbrik məktublarını ya yazılı, ya da şifahi şəkildə - telefon zəngləri ilə çatdırırlar. Düşünürəm ki, nəhayət, Qarabağ məsələsinin tənzimlənməsində, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında digər ölkələr kimi Amerika dövlətinin rəsmiləri də hərəkətə keçəcəklər. Dövlət başçısının, eyni zamanda, son vaxtlar bəzi maraqlı dairələrin, cəbhə bölgəsində vəziyyəti daha da gərginləşməyə cəhdlər etməsini də Azərbaycanın asanlıqla həzm etməyəcəyi mesajını da verdiyini hiss etmək mümkündür".
 
Politoloq Hikmət Hacızadə isə ABŞ-ın davranışlarından konkret hansısa bir fiziki addım gözləmədiyini vurğuladı: “Amerikanın başı Ukraynaya qarışıb. Bizim da taleyimiz orda həll olunur. Əgər Qərb Rusiyani orada durdura bilsə, onda bizim də həm xarici, həm daxili siyasətimizdə nəsə dəyişəcək”.
 
Ancaq çətin ki, erməni əsilli rus nazir və onun anti-Azərbaycan komandası ABŞ-ın hansısa xoşməramlı addımlarını təqdir edib münaqişənin həllinə imkan versinlər. Bu mənada Amerika görüşü ərəfəsində Qarabağ cəbhəsində yeni-yeni sürprizlərlə, ermənilərin təxribatları ilə üzləşə bilərik. Kalantarovun (Lavrovun) da yenidən təşəbbüsü ələ alması və tərəflərə “sülh çağırışı” etməsi üçün də bu gərginlik ideal imkan yaradır.
Cia.az