Rusiyapərəst şəxslərin təsis etdiyi “Avrasiya Hərəkatı” artıq rayonlarda təşkilatlanmağa başlayıb. Bu təşkilatın məram və məqsədi məkrlidir. Artıq “Avrasiya Hərəkatı”nın Qazax və Ağstafada təşəbbüs qrupları yaradılıb. Maraqlıdır, bölgələrdə bu qurum təşkilatlana, özünə baza toplaya biləcəkmi?
Uzun illər bölgələrdə ictimai-siyasi fəaliyyətlə məşğul olan şəxslər bu barədə nə düşünür?
Müsavat Partiyasının Şəki rayon təşkilatının sədri Həbibulla Manaflı bildirdi ki, bu bölgədə insanlar Rusiyapərəst qüvvələrin ölkəmizdə meydan sulamasına imkan vermək niyyətində deyil: “Rusiyapərəst qüvvələrin təşkilatlarının yaranması üçün zəmin var.
Çünki Azərbaycanda ”beşinci kolon" var. Amma əhalinin mütləq əksəriyyəti anlayır ki, tarixən Azərbaycanın başına gələn bütün milli fəlakətlərin baiskarı Rusiyanın işğalçı xarici siyasəti olub. Bunu xalqın mütləq əksəriyyəti başa düşür, insanlar müstəqilliyin, istiqlaliyyətin zəruri olduğunu bilir. Təəssüf ki, sosial bəlalar, neqativ hallar əhalinin müəyyən hissəsində istiqlaliyyətin bizə heç nə vermədiyi düşüncəsini yaradır. Bir daha qeyd edim ki, böyük əksəriyyət Rusiyaya meyilli qüvvələrin Azərbaycanda at oynatmasına, meydan sulamasına imkan vermək niyyətində deyil. Amma əhalinin bu əhval-ruhiyyəsinə arxayın olub mübarizə aparmamaq, təbliğat, təşviqat işindən imtina etmək də düzgün deyil. Əhalinin güzəranı ağır vəziyyətdə olduğuna görə gündəlik qayğıların arxasına düşən adamların bəzisi düşünür ki, bəlkə Rusiyameyilli siyasət bizim iqtisadi-sosial durumumuzu yüksəldər. Amma bu, səhv fikirdir".
Müsavat Partiyasının Zaqatala rayon təşkilatının sədri Kamil Xeyrullayev bildirdi ki, təkcə 20 Yanvar hadisəsini yada salan vətəndaş həmin təşkilata nifrət edər: “Rusiya siyasətinin, ümumiyyətlə, Azərbaycana buraxılmasına qarşı olar. ”Avrasiya Hərəkatı"nın Zaqatalada təşəbbüs qrupunu yaratmağa cəhd etsələr, böyük əksəriyyət onun əleyhinə olacaq".
Partiyanın İsmayıllı rayon təşkilatının sədri Vidadi Həmidli “Avrasiya Hərəkatı”nın İsmayıllıda dayaq nöqtəsi yarada bilməyəcəyini dedi: “Bizim rayonda Rusiyapərəst bir qurumun yaranmasına imkan vermərik. Bilirik ki, onlar kimlərdir və hara işləyirlər. Düzdür, rayonda ”Rusiyanın təsiri altında olmaq yaxşıdır" düşüncəsi ilə yaşayanlarda var. Amma onların sayı çox deyil".
Müsavat Partiyasının Mingəçevir rayon təşkilatının sədri Nurəddin Rüstəmli ciddi siyasətlə məşğul olan insanların bu təşkilata qoşulmasına inanmadığını dedi: “Bundan əvvəl Rüstəm İbrahimbəyovun və digərlərinin təsis etdiyi Ziyalılar Hərəkatı var idi. O vaxt oradan bir qrup şəxslər ayrılıb və başqa təşkilat yaratmışdı. Həmin adamlardan bu ”Avrasiya Hərəkatı"nda yenidən istifadə edə bilərlər. Amma mən inanmıram ki, hər hansısa bir ciddi siyasi fəaliyyətlə məşğul olan insanlar bu quruma qoşulsunlar. Bu təşkilata qoşulanları yalnızca keçmiş nostalji hislərlə yaşayan Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) işçiləri arasında axtarmaq lazımdır. Hansı ki, indi onlar təqaüddədirlər. Onlardan başqa inanmıram ki, kimlərsə bu təşkilata qoşula və ya belə bir təşkilatın rayonlarda da yaranmasına təklif verə. Bu təşkilat yaransa belə, vaxtı ilə istifadə olunmuş adamlardan yararlanacaqlar".
Partiyanın Masallı rayon təşkilatının sədri Xasay Səfəroğlu Masallıda hələ ki, belə halın müşahidə olunmadığını dedi: “Rusiyanın imperiya xarakterli birliklər yaradıb Azərbaycanda kimlərisə ora cəlb etmək niyyəti ortadadır. Bu, Azərbaycanın strateji maraqlarına uyğun deyil. Bundan başqa, Azərbaycan cəmiyyətində belə təşkilata insanların maraq göstərəcəyi inandırıcı görünmür. Sadəcə, Rusiyaya münasibət hakimiyyətin maraqlarına uyğun olduğundan hazırlıqlar gedir. Çox təəssüf ki, Azərbaycan hakimiyyəti strateji seçimdə əhalinin maariflənməsi yönündə nəinki iş görmür, hətta görənlərə maneələr yaradır. Bu davranış vətəndaş cəmiyyətinin inkişafına kömək edəcək demokratik təsisatların, siyasi partiyaların sıradan çıxarılmasında, onun ayrı-ayrı fəal üzvlərinə qarşı repressiya siyasəti nümayiş etdirməkdə özünü göstərir. Həm də ötən 22 ildə demokratik düşərgəyə yaradılan siyasi maneələr Rusiya tərəfdarlarının aktivləşməsinə gətirib çıxarıb. SSRİ zamanında yaşamış müəyyən bir kəsim məsələnin siyasi tərəfini lazımınca dəyərləndirmədən Azərbaycanın inkişafının hansı istiqamətdə real olduğunun fərqinə varmır. Xüsusən nisbətən yaşlı kəsimin nümayəndələri və dolanışıq üzündən Rusiyaya üz tutmuş xeyli sayda Azərbaycan vətəndaşı Rusiyaya münasibətə nostalji hisslərlə yanaşırlar. Amma unudurlar ki, əgər bu dəfə hansısa birlik modeli olacaqsa, o zaman insan hüquq və azadlıqlarına münasibət SSRİ zamanındakından da betər olacaq. İqtisadi cəhətdən isə Azərbaycanın hansısa irəliləyişə nail olacağı inandırıcı deyil. Təkcə Qarabağ probleminin SSRİ-dən qalma olduğunu, bu gün də Kreml tərəfindən həllinə maneə yaradılması faktı kifayət edir ki, Rusiyanın Azərbaycana münasibəti aydın görünsün”.
X.Səfəroğlu regionlarda bu təşkilatın yaranmasının mümkün ola biləcəyini də istisna eləmədi: “Hazırda regionlarda Rusiya meylli təşkilatların yaradılması halı yoxdur. Amma təbii ki, hakimiyyət maraqlı olduğundan onun görüntü xatirinə olsa da yaradılması istisna deyil”.
Cia.az
