“Qarabağ” kimi Avropada gücünü yeni göstərməyə başlamış klublar transfer məsələsində diqqətli olmalı, hətta lazım gəldikdə oyunçusunu belə satmamalıdır. Ta o zamana kimi ki...
Avqustun 7-də Avropa Liqasının pley-off mərhələsinin püşkü ilə “Qarabağ” və “Qəbələ”nin rəqibləri müəyyənləşdi. Çempionlar Liqasının III təsnifat mərhələsində iki oyunun nəticəsinə görə “Seltik”ə uduzan “Qarabağ”ın pley-off mərhələsində bəxtinə bu dəfə nisbətən asan rəqib - İsveçrənin “Yanq Boyz” klubu düşdü.
“Yanq Boyz” klubu haqda nə bilirik?
“Apollon” səddini keçməklə tarixində ilk dəfə pley-off mərhələsində oynamaq hüququ əldə edən “Qəbələ” isə bu dəfə yunan Kiprinin “böyük qardaşları” Yunanıstanın klubu ilə rəqib oldu. “Qəbələ”yə “Panatinaikos” səddini keçmək asan olmayacaq.
“Qarabağ”ın Çempionlar Liqasının təsnifat mərhələsində keçirdiyi oyunlar klubun əvvəlki mövsümə nisbətən zəiflədiyini göstərdi. “Qarabağ” əvvəlki heyətlə “Seltik”i yarıyolda buraxmaq gücündə idi. Klubun yeni transferləri hələ ki özünü təsdiqləyə bilmir. “Qarabağ” kimi Avropada gücünü yeni göstərməyə başlamış klublar transfer - oyunçu alıb-satmaq məsələsində diqqətli olmalı, hətta lazım gəldikdə oyunçusunu belə satmamalıdır.
Ta o zamana kimi ki, komandada transferlər zamanı boşluqlar yaranmasın. Bir oyunçuya klubda yerini möhkəmlətmək, dilini belə bilmədiyi oyunçularla anlaşmaq üçün bəzən aylar lazım olur. Doğrudur, klub da transferlərdən qazanmalı, yeni futbolçular heyətinə daxil etməlidir. Amma onu da nəzərə almaq lazımdır ki, “Qarabağ” indi Azərbaycanın brend klubudur, hətta milli komandadan belə daha çox azarkeşi var. Bu səbəbdən transferlə bağlı kluba olan iradları bölüşmək olar. Amma indi Çempionlar Liqasının qrup mərhələsini unutmaq və Avropa liqasının qrup mərhələsinə düşmək barədə düşünmək lazımdır. Yuxarıda da qeyd etdiyimiz kimi, bu dəfə püşk “Qarabağ”ı “Ayaks” kimi klubla rəqib etmədisə, sevinmək lazımdır.
“Avropa Liqasının bu mərhələsində zəif rəqib olmur. Püşkatmadan sonra ”Yanq Boys" haqda kiçik araşdırma apardım. Maraqlı komandadır. Zəngin Avropa təcrübəsinə malikdirlər. Həmçinin avrokuboklarda yaxşı nəticələri var". Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov püşk haqda danışarkən deyib. O, İsveçrənin “Yanq Boyz” klubunun əsl gücünü ilk oyundan sonra görəcəklərini bildirib: “Püşkatmadan sonra rəqib barədə konkret fikir səsləndirmək çətindir. Rəqibin oyununu canlı görmədən fikir söyləmək çətin olur. Məncə, ilk qarşılaşmadan sonra onlar barədə hərtərəfli məlumatımız olacaq. Yəni rəqibin oyununu canlı görmək başqadır. Onun əsl gücünü onda görürsən”.
Miralem Suleymani kimdir?
İndi isə rəqib haqqında “Yeni Müsavat”ın topladığı məlumatları təqdim edirik:
“Yanq Boyz” 1898-ci ildə yaradılıb. Oyunlarını paytaxt Berndəki 32 min tamaşaçı tutan “Stad de Syussi”də keçirir. Komanda sarı-qara formasına görə “Arılar” kimi tanınır. UEFA-nın reytinqində 68-ci yeri tutur. Komandanın prezidenti Verner Müllerdir. Klub 11 dəfə ölkə çempionu olub. Sonuncu dəfə isə uzaq 1986-cı ildə çempionluğu bayram edib. Elə həmin il 1987-ci ildə Kuboklar Kubokunun dörd klubu arasına düşə bilib. Çempionlar liqasının yarımfinalçısı isə 1958-ci ildə olub. Statistikadan da göründüyü kimi, klubun tarixi qədim olsa da, uğurları ilə öyünə bilməz. Üstəlik həftəsonu “Yanq Boyz” baş məşqçisiz qalıb. İsveçrə klubunun çalışdırıcısı Uli Forte istefa verib. Buna səbəb komandanın Çempionlar Liqasının III təsnifat mərhələsində “Monako”ya hər iki görüşdə məğlub olması olub (1:3, 0:4). Bu məğlubiyyət baş məşqçinin istefa verməsi ilə nəticələnib.
Komandanı Fortenin köməkçisi Harald Qamperle çalışdıracaq. Qarşıdakı çempionat matçlarında o komandaya qələbələr qazandırsa, baş məşqçi kimi təsdiqlənə də bilər.
Klubun əsas oyunçularından biri hücumçu 26 yaşlı Miralem Suleymanidir. O, futbolçu karyerasına Belqradın “Bataynitsa” gənclər komandasında başlayıb. Sonra isə “Partizan”ın gənclərdən ibarət komandasında oynayıb. 2007-ci ildə Avropa klublarının diqqətinin cəlb edib və Hollandiyanın “Herenven” klubuna transfer olunub. İlk sezonda o, Hollandiya çempionatının ən yaxşı gənc oyunçu" adı alıb.
18 yaşlı Miralem ilə Hollandiyanın “Ayaks”, “Feyenoord”, “Eyndhoven” və İngiltərənin “Çelsi” kimi klubları maraqlanmağa başlayıblar. 2008-ci il Suleymani 16,25 milyon avroya “Ayaks”a tranfer olub ki, bu da Hollandiya futbol tarixində ən bahalı transfer hesab olunurdu. “Ayaks”la 5 illik müqavilə imzalasa da, klub 2010-cu ildə onu “Vesthem Yunayted”ə icarəyə vermək istəyib. Amma Süleymani İngiltərədə iş icazəsi ala bilmədi və bu səbəbdən də transfer baş tutmadı. “Ayaks”a Frenk de Bur baş məşqçi təyin ediləndən sonra o, əsas heyətdə yerini itirdi. Onunla “Beşiktaş”, “Volfsburq”, “Borussiya” və “Everton” maraqlansa da, transfer danışıqlartı nəticəsiz qalıb. “Ayaks”da müqavilə müddəti başa çatdıqda Miralem sərbəst agent kimi Portuqaliyanın “Benfika” klubuna keçib.
Bu ilin iyun ayının 9-da isə Miralem İsveçrənin “Young Boys” klubu ilə üç illik müqavilə imzalayıb.
2008-ci ildən Serbiya yığmasının heyətində oynayan Suleymani 13 oyun keçirib və bir qol vurub.
31 yaşlı yarımmüdafiəçi Rafael Nuççaloda klubun kapitanı olmaqla yanaşı təcrübəli oyunçu hesab olunur. O, 2011-ci ildən klubda oynayır.
Qeyd edək ki, “Yanq Boyz” və “Qarabağ” arasında ilk oyun avqustun 20-də İsveçrədə, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək. Ümid edirik ki, bu oyundan sonra “Süleymani” oynayan biz olacağıq...
“Qəbələ” yenə qələbə qazanarsa...
“Qəbələ”nin Avropa Liqasının pley-off mərhələsinədək irələməsi artıq klubun uğuru hesab oluna bilər. Əlbəttə, Avropada hələ təzə-təzə tanınmamağa başlayan “Qəbələ”nin püşkdə bəxtinə “Panatinaikos” düşməsəydi klubun Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması daha real ola bilərdi. Amma “Qəbələ”nin dikbaş Kipr yunanlarını - “Apollon”u mübarizədən kənarlaşdırması klubun inamlı oyununu göstərir. “Panatinaikos" la bizi çətin oyun gözləyir. “Qəbələ” üçün çətin olacaq. Ancaq burada da eyni düşüncə ilə oynamalıyıq. “Panatinaikos”u keçmək şansımız var. Uğur qazanmaq üçün bütün gücümüzü ortaya qoymalıyıq. Qələbə qazanmaq istəyiriksə, bütün şanslarımızdan istifadə etməliyik". Bunu klubun prezidenti Taleh Heydərov deyib. O bildirib ki, komandanı səfər matçlarında dəstəkləmək əla ideyadır: “Afinadakı qarşılaşmaya getməyi düşünürəm. Çünki bizi ağır oyun gözləyir. Komandamızın belə ağır qarşıdurmada dəstəyə ehtiyacı var”.
“Panatinaikos” klubunun baş məşqçisi Yannis Anastasiou “Qəbələ” haqda bunları deyib: “Rəqibin tanış olmaması hər zaman bizi işimizə daha çox köklənməyə vadar edir. Azərbaycanda son illərdə futbol inkişaf edir. Rəqib haqda ətraflı məlumatımız yoxdur. Ancaq ”Qəbələ"nin daha öncəki mərhələlərdə keçirdiyi oyunların videoyazılarını izləyərək rəqibi daha yaxşı öyrənəcəyik".
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk “Panatinaikos”un Avropada sayılıb-seçilən klub olduğunu xatırladıb: “Əlbəttə, rəqib favoritdir. Ancaq bizim heç olmasa bir şansımız var. Bax, həmin şansdan maksimum yararlanmaq üçün canımızı meydanda qoyacağıq”.
Yunanıstan klubunun kapitanı Xose Karlos Qonçalves Rodrigez “Qəbələ" ilk dəfə play-offa kimi gəlsə də, yaxşı komandadır" deyib.
Xatırladaq ki,UEFA “Qəbələ” ilə “Panatinaikos” arasındakı ilk oyunun yerini dəyişib. Buna səbəb Avropa Liqasındakı hər iki komandamızın - “Qarabağ”la “Qəbələ”nin cavab oyunlarını evdə keçirməsi olub. Belə ki, UEFA yalnız zəruri hallarda eyni gündə bir şəhərdə iki matçın baş tutmasına icazə verir. Püşkün nəticəsinə əsasən “Qarabağ” “Yanq Boyz”la, “Qəbələ” “Panatinaikos”la ilk oyunu səfərdə, cavab matçını evdə keçirməli idi. UEFA-nın qərarından sonra avqustun 20-də “Qəbələ” və “Panatinaikos” arasında baş tutacaq oyun Bakıda, bir həftə sonrakı qarşılaşma isə Afinada baş tutacaq.
Cia.az
