|
”Fuad Poladovu Musavata görə teatra qoymaq istəmirlər”
Akademik Milli Dram Teatrı ətrafında baş verən qalmaqal səngimək bilmir. 
Əgər bundan öncəki qalmaqallar  teatrın direktoru İsrafil İsrafilovla aktyorlar arasında baş verirdisə bu dəfəki qalmaqal teatrda fəaliyyət göstərən xalq artistlərinin arasında yaşanıb. Qalmaqal mətbuatda, sosial şəbəklərdə “Facebook” davası kimi səs-küyə səbəb olub.
Belə ki, bu günlərdə xalq artisti Ramiz Novruzun sosial şəbəkədə öz səhfəsində Azərbaycan Dövlət Akademik Milli Teatrının keçmiş rəhbəri Maqbet Bünyadovun və bir sıra həmkarlarının ünvanına sərt fikirlər səsləndirməsi həmkarları tərəfindən tənqid atəşinə tuş gəlib. 
Maqbet Bünyadov və aktyor Elçin Əhmədov mətbuata açıqlamalar verərək xalq artistinə qarşı öz narazılıqlarını bildiriblər. Xalq artistinin "bir şeydə bəxtiniz heç gətirməyib - o da doğum tarixinizdir, əgər siz 1900-cu ildə dünyaya gəlsəydiniz, 1937-cı ildə sizin “ən parlaq və çiçəklənən” dövrünüz olardı” deməsi isə həmkarı, xalq artisti Ramiz Məliki də özündən çıxardıb. O, bu barədə öz səhfəsində Ramiz Novruzu aşağılayan status paylaşıb:
“Sən yalnız səninlə tərəf müqabili olan sənətkarların hesabına nəsə əldə etmisən! Çulunu sudan çıxartmısan! Ayıbdı sənin üçün! Sən əsl sənətkarların hesabına aktyor olmusan, çulunu sudan çıxartmısan! Tək qalarsan! Onda da, heç nəsən! Çox da sinənə döymə!  Kimin hesabına Xalq artisti olduğunu yaddan çıxartma! Bunu sən də bilirsən, bütün teatr aləmi də! Yaxşı, yaxşı fikirləş! Sonra gec olar!”-deyə ittihamlar səsləndirib. 
Qeyd edək ki, xalq artistlərinin bir-birini sosial şəbəklərdə tənqid və təhqir etməsi ictimaiyyət tərəfindən də qınanılıb. Bəziləri bu qalmaqalda teatr rəhbərliyinin “əli” olduğunu, xalq artistlərini qalmaqala sövq edərək məqsədli şəkildə diqqəti öz üzərindən yayındırmağa çalışdığını bildirirlər.
Xalq artisti Ramiz Məlik səs-küyə səbəb olan qalmaqalın əsl səbəbi haqda “Yeni Müsavat”a danışıb:
“Bizim davamız “YUĞ” teatrının rejissoru Gümrah Ömərin üstündə olub, vəssalam. Onun teatrımızın xalq artistləri haqda nalayiq sözlər deməsi bizi ayağa qaldırdı. Hər şey bundan sonra baş verdi.
Ramiz Novruz da müdafiə xarakterli açıqlama verincə ona sərt cavab verdim”.
Xalq artisti həmkarına qarşı yenidən ittihamlar səsləndirməkdən çəkinməyib:
“Statusunda yazıb ki, guya mənim başımda problemlər var, məni həkimə göstərmək lazımdır. Sənin boyunu yerə soxum! Əgər sən öz dostların haqda belə deyirənsənsə, daha sənə sözüm yoxdur. 
Bizə deyir ki, “siz yaxşı ki, 1900-cu ildə anadan olmamısız, yoxsa camaatı qırardız”. Bir görün, bu nə deyir?! Mənim babam 1937-cil ilin qurbanlarından olub. Amma onun babası kim olub, bilinmir...”
Xalq artisti Ramiz Novruz “Yeni Müsavat”a danışaraq ona qarşı səsləndiriliən ittihamlara cavab verib. R.Novruz onun dediklərini doğru anlamadıqları üçün həmkarlarını qınayıb:
“Nədənsə müdir haqda nəsə yaxşı danışanda pis qarşılanır, bu hər yerdə belədir. Həmişə də haqlı görsənirlər, amma nəysə... Sanki, bizim nə danışacağımızı güdürlər ki, bir söz deyək, onu şişirtsinlər. 
Bu yaxınlarda mən bir məqalədə açıqlama verərək “YUĞ” teatrının işçilərinə qarşı kəskin aqressiya nümayiş etdirənləri qınadım. Sual verdim ki, “axı bu “YUĞ”-un uşaqları nə ediblər ki, siz belə aqressiv münasibət bəsləyirsiz? Axı onlar faşist, düşmən millətin nümayəndəsi deyillər, azərbaycanlıdırlar”.
Bu açıqlamanı Ramiz Məlikə necə çatdırıblarsa o da mənim barəmdə ittihamlar səsləndirir. Bəlkə də R. Məlik o məqaləni axıradək oxumayıb. Əgər tam oxusaydı mənə qarşı bu cür münasibət bəsləməzdi. O məni həmkarlarımı “faşist”adlandırmaqda ittiham edir. Lakin məni yaxından tanıyanlar bilir ki, mən bu cür tərbiyənin sahibi deyiləm.
Ümumiyyətlə isə heç vaxt Ramiz Məlikin dediklərini ciddi qəbul etməmişəm, yaşlı insandır, onun dediklərini o qədər də şişirtmək lazım deyil. Lakin, sözün düzü, onun hərəkətinə həm də təəccübləndim. Çünki, bundan öncə həmişə deyərdi ki, “mən Ramiz Novruzla fəxr edirəm”. Bəs indi nə baş verirsə, sadəcə anlamıram... 
Mən bu cür boş-boş söhbətlərin üzərində dayanmıram. Qalmaqal yarandığı gündən bəri sadəcə öz işlərimlə məşğulam. Elə bu günlərdə bir tamaşanı səhnələşdirdik, bir pyesi tərcümə etdim, hazırda da bir pyesi özüm yazıram. Yəni, bu müddət ərzində ittihamlara baş qoşmayaraq xeyli işlər gördüm. Yalnız bir gün öncə haqqımda deyilənlərə dözməyib səhifəmdə status yazdım. Bu da qalmaqalın daha da böyüməsinə səbəb oldu”.
Ramiz Novruz son vaxtlar “Azdrama”nın rəhbərliyi barədə gedən söz-söhbətlərə də münasibət bildirib:
“Bəli, il yarımdan çoxdur ki, bir sıra aktyorlar teatrın rəhbərliyindən narazıdırlar. Mən də onlara deyirəm ki, “bu şeylər siz aktyorların işi deyil, siz çox danışırsız, çox artıq yazırsız və çox da artıq səhvlər buraxırsız”. Yeri gəldi, gəlmədi bir-birilərinin  əsəbləri ilə oynayırlar.
Bəzən şikayətlənirlər ki, vaxtilə Fuad Poladov Musavatda, Rüstəm İbrahimbəyovun  teatrında işləyib, indi niyə onu teatra götürüb maaş verirlər? Bu nə demək, nə danışmaqdır, siz adam tutdurmaq istəyirsiz? Sizin bu hərəkətiniz insanlığa sığmır. Sual verirəm ki, “məgər biz 1937-ci ildə yaşayırıq?!” 
Xalq artisti onu “yalançı” adlandıran Maqbet Bünyadovun da ittihamlarına cavab verib:
“Mən demişdim ki, teatrın 1993-cü ildən bəri yığılmış 49 min borcu var. Yəni, pulları heç kim cibinə qoya bilməzdi. Bunu Maqbetə başqa çür çartdırıblar və o, da məndən inciyib. Halbuki, Maqbet teatrda yalnız iki il işləyib”. 
Ramiz Novruz mətbuat vasitəsilə qalmaqal yaradan həmkarlarını qınayıb:
“Anlaya bilmirəm işçi öz müdirindən narazı olanda nəyə görə mətbuat vasitəsilə debata çağırır? Mən hələ də onları başa düşə bilmirəm. Əgər bunu niyə etdiklərini anlasam mən də onlara qoşularam (gülür). 
Şəxsən mənim bir narazılığım olanda bunu direktora birbaşa özüm deyirəm və birlikdə problemi müzakirə edirik.  
Biz əslində teatrın başqa əsas problemlərini araşdırmalıyıq ki, niyə teatrlara tamaşaçı az gəlir, niyə yeni tamaşalar azdır və s. “Tikinti olan yerdə toz olar” deyiblər, təbii ki, iş varsa səhvlər də olacaq.
Biz tamaşa oynayanda tamaşaçılar deməsin ki, bu aktyorlar arasında intriqa var idi, indi onlar bir səhnədə oynayırlar. İcazə verməyək ki, tamaşa kənarda qalıb tamaşaçılar bizim şəxsi problemlərimiz haqda  arxamızca danışsın”.
Cia.az