|
Demokratik mühit olmayan seçkidə namizəd “tıxacı” yaranır
Parlament seçkilərinə 3 aydan az vaxt qalır. Bir müddət sonra seçki kampaniyasına rəsmi start veriləcək. Azərbaycanda əksər siyasətçilər, ictimai fəallar seçkilərdən danışarkən ölkədə demokratik seçki mühitinin olmadığını, demokratik seçkilər olacağını gözləmədiklərini bəyan edirlər. Maraqlıdır ki, belə deyilməyinə baxmayaraq hər kəs də seçkiyə qatılacağını bəyan edir. Beləliklə paradoksal bir durum və sual ortaya çıxır. Deyilən kimidirsə, seçkiyə qatılmaq istəyənlərin sayı nədən çoxdur?
 
“Region” Beynəlxalq Analitik Mərkəzin rəhbəri Razi Nurullayev hesab edir ki, Azərbaycanda siyasət iflasa uğrayıb. Digər tərəfdən isə, siyasətdə səmimiyyət tam olaraq yoxa çıxıb. Ən çox inandığımız və ən çox özünü radikal qüvvə kimi göstərənlər belə, hakimiyyətlə oyun içindədir. Bir çoxlarının isə hakimiyyətlə danışıqları iflasa uğrayıb deyə seçkidə iştirak üçün ya şərt irəli sürürlər, ya da gözə kül üfürürlər: “Ümumilikdə isə seçkiyə qatılanları bir neçə qrupa bölərdim.
Birinci qrup, təcrübəsiz və seçkiyə ilk qatılanlardır ki, onlar fil qulağında yatıblar. Çünki, Azərbaycan mühitində seçki təcrübələri yoxdur. Sadəlövhcəsinə səs alacaqlarına və seçiləcəklərinə inanırlar.

İkinci qrup isə fürsətçilərdir. Onlar seçki ərəfəsində yaranan şəraitə uyğun hərəkət etmək istəyənlərdir. Birdən kimsə vuruldu, birdən vəziyyət və siyasət dəyişdi, yaxud potensial namizəd əhəmiyyətli mərhələdə ciddi bir “quş” buraxdı. Bu zaman bu fürsətçilərə meydan açıla bilər.
 
Üçüncü qrup isə bəxtini sınayanlardır. Bunlar zərərsizdirlər.
 
Dördüncü qrup pul qazanmaq üçün qatılanlardır. Onlar müəyyən mərhələdə səs-küy yaradıb sonra isə pullu və potensial namizədin xeyrinə geri çəkilərək pul alırlar. Bu artıq bir biznesə çevrilib. Beşinci qrup hakimiyyətlə razılaşdırıb ortaya real iddia qoyanlardır".
 
R.Nurllayev altıncı qrupun həvəskarlar olduğunu bildirdi və qeyd etdi ki, onlar təcrübə toplamaq üçün seçkiyə qatılırlar.
Cia.az