|
İqtidara sanksiyalar yenə gündəmə gəlir
ABŞ-da yerləşən “Freedom House” təşkilatının prezidenti Mark Laqon “Amerikanın səsi” radiosuna Azərbaycandakı vəziyyətlə bağlı müsahibə verib. O, bildirib ki, Azərbaycanda vətəndaş cəmiyyətinə, müstəqil mətbuata və siyasi fəallara qarşı vüsət alan basqılar hökumətin sistematik siyasətinin göstəricisidir və Qərb dövlətləri Azərbaycan hökumətinin davranışına sərt reaksiya verməlidir: “Vəziyyət olduqca ağırdır. Avropa və Avrasiya üzrə müşahidəçilər dərk edirlər ki, bu, insan haqlarının bərbad durumda olduğu bir ölkədir. Buradakı siyasi məhbusların sayı Rusiya və Belarusda olduğundan ikiqat artıqdır. İfadə azadlığına, toplaşma azadlığına və vətəndaş cəmiyyəti təşkilatlarına qarşı basqılar sistematik hal alıb. Avropa İttifaqı və ABŞ enerji çıxışına, ticarətə və təhlükəsizlik maraqlarına verdiyi diqqəti insan haqlarına verməyib.  Onlar da hesab edirlər ki, bu cür sərt tədbirlərə əl atmağa imkan var.

Amerika olaraq biz ünvanlı sanksiyalardan istifadə etməliyik. Biz pozuntulara və korrupsiyaya görə məsuliyyət daşıyan insanları hədəf almaq üçün dəqiq mexanizmlər inkişaf etdirmişik. Bu, həmin hədəfli sanksiyaları işlətmək üçün kamil situasiyadır".
 
Qeyd edək ki, bir müddət əvvəl ABŞ-da Azərbaycan hökumətinə, onun ayrı-ayrı təmsilçilərinə qarşı sanksiyalara tətbiq olunması qaldırılmışdı.
 
ABŞ dövlət katibinin sabiq köməkçisi David Kramerin açıqlamasında bildirmişdi ki, sanksiyalar ünvanlı olacaq və insan haqlarını pozulmasında məsul olan məmurlara tətbiq olunacaq. Bura viza qadağası və bank hesablarının dondurulması daxildir.
 
Bəs, deyilənlərin reallaşması ehtimalı varmı? ABŞ-ın Azərbaycan hakimiyyətinə sanksiyalar tətbiq etməsi realdırmı?
Politoloq Qabil Hüseynli bildirdi ki, indiki vaxtda ABŞ-ın Azərbaycan hakimiyyətinə qarşı sanksiyalar tətbiq edəcəyi inandırıcı deyil. Çünki ABŞ regionda bu qədər gərginliyin, problemlərinin olduğu vaxtda işi-işə qatmaz: “Ən azından bu saat ABŞ-ın başı Rusiya ilə bağlı, İŞİD-lə bağlı problemlərə qarışıb. Belə bir şəraitdə regionun mühüm dövlətlərindən biri olan Azərbaycanla münasibətləri kökündən korlayacaq addım atmaq, müxtəlif sanksiya qanunlarını Azərbaycan siyasi elitasına tətbiq yerinə düşməzdi. Heç bunun əsası da olmazdı”.
 
Politoloqun fikrincə, Amerika Azərbaycanla münasibətləri düzəldəcək. Bu münasibətlərin düzəlməsi üçün lazım olan nə varsa hamısı ediləcək: “Çünki Azərbaycan-ABŞ münasibətlərinin o qədər də uzaq olmayan keçmişi yaxın dostluq və strateji əməkdaşlıq tellərinə əsaslanırdı. İndi münasibətlər bir qədər soyuyub və müəyyən qarşıdurma elementləri müşahidə olunur. Amma bəzən bu, mediada həddən artıq şişirdilmiş şəkildə təqdim olunur. 
 
Mən güman edirəm ki, hər halda Azərbaycan tərəfi də müəyyən kompromislər yolu seçməklə bu münasibətlərin normal məcraya yönəlməsinə çalışacaq. ABŞ tərəfi də sözsüz ki, Azərbaycanla münasibətlərin sanksiyalar tətbiqi səviyyəsinə qədər pisləşməsini istəməz”.
Cia.az