Şahin Cəfərli: “Hakimiyyətin ABŞ-a baxışı, yerli KİV-də aparılan təbliğat sözsüz ki, insanların mövqeyinə təsir göstərir”
Pentaqon Azərbaycanda əhalinin ABŞ-a münasibətini öyrənmək üçün sosioloji araşdırma sifariş verib və ortaya maraqlı nəticələr çıxıb. Virtualaz.org saytı xəbər verir ki, araşdırma nəticəsində Azərbaycanda ABŞ-ın nüfuzunu xeyli itirdiyi məlum olub
Araşdırmanı ABŞ-ın Viskinson Universitetindən sosiologiya professoru, Rusiyanı, Mərkəzi Asiyanı və Şərqi Avropanı araşdırma Mərkəzinin rəhbəri Teodor Gerber və Arizona Universitetindən adyunkt-professor Ceyn Zaviska aparıblar. Araşdırmanı ABŞ ordusunun Araşdırma laboratoriyası qrant şəklində dəstəkləyib.
Professorlar araşdırmanın nəticələri barədə “Newsweek” jurnalında dərc edilmiş geniş məqalədə məlumat veriblər.
Araşdırma göstərib ki, Azərbaycanda sadə insanlar ABŞ-ı dünya nəhəngi statusuna iddia edən, eyni zamanda başqa dövlətlərin daxili işlərinə müdaxilə edən, öz maraqlarını güdən dövlət hesab edirlər.
Müəlliflər hesab edirlər ki, bu, Rusiyanın apardığı təbliğatın birbaşa nəticəsidir. Araşdırma 2014-cü ilin aprelindən avqustuna qədər Azərbaycan, Ukrayna, Rusiya və Qırğızıstanın müxtəlif şəhərlərində əvvəlcədən elmi metodlarla seçilib müəyyən edilmiş 18 fokus-qrup arasında keçirilib. Məlum olub ki, araşdırmanın aparıldığı qalan ölkələrdə də əhalinin ABŞ-a qarşı münasibəti əsasən mənfidir.
ABŞ-ın Azərbaycan cəmiyyəti arasında nüfuzu doğrudanmı aşağı düşüb? Düşübsə, səbəb nədir? ABŞ-ın yanlış siyasəti rol oynamırmı bunda?
Siyasi şərhçi Şahin Cəfərli bildirdi ki, əvvəla, Azərbaycanda keçirilən istənilən rəy sorğusunun nəticələrinin şübhə doğurduğunu, ən azı etibarlı olmadığını söyləmək lazımdır: “Həmin sorğu səhv eləmirəmsə, yerli tərəfdaşların köməyi ilə aparılıb. Bu zaman hansı sosioloji metodikadan istifadə edildiyi, sorğunun hansı sosial qruplar, hansı yaş qrupları arasında keçirildiyi aydın deyil. Digər tərəfdən, Azərbaycan kimi ölkələrdə rəy sorğuları lap obyektiv və elmi metodlardan istifadə olunmaqla keçirilsə belə, həmin sorğular zamanı insanların öz rəyini ifadə etməsinə təsir göstərən müəyyən konyuktur amillər mövcuddur.
Məsələn, sözügedən sorğu Azərbaycan hakimiyyəti ilə ABŞ arasında münasibətlərin soyuqlaşdığı bir dönəmə təsadüf edib. Hakimiyyətin ABŞ-a baxışı, yerli KİV-də aparılan təbliğat sözsüz ki, insanların mövqeyinə təsir göstərir. Hətta Azərbaycan reallıqlarını nəzərə alsaq, təkcə respondentlərin yox, sorğunu keçirən qurumların özlərinin də konyuktur səbəblərdən etkiləndiyini qeyd etmək lazımdır. Onların ölkədəki hakim düşüncəyə zidd bir nəticə ortaya qoymasını gözləmək yanlış olardı”.
Ekspert bununla belə, onu da dedi ki, tam obyektiv sorğu keçirilərsə, Azərbaycanda ABŞ-ın reytinqinin yenə yüksək olmadığı ortaya çıxar. Bunun bir neçə səbəbi var: “Əvvəla, Azərbaycanda qardaş ölkə Türkiyə istisna olmaqla, bizim xalqın xüsusi simpatiya duyduğu ikinci bir xarici dövlət yoxdur. Bəlkə Türkiyədən sonra bu sırada Pakistanı qeyd edə bilərik. Sirr deyil ki, Azərbaycan ictimaiyyətinin xarici dövlətlərə münasibətinin formalaşmasında həmin ölkələrin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu mövqe önəmli rol oynayır. Pakistanın bu məsələdə mövqeyi Azərbaycanda simpatiya ilə qarşılanır. ABŞ-ın mövqeyinə gəldikdə, bu ölkənin münaqişənin yaranmasında, Azərbaycan ərazilərinin işğalında rolu olmasa da, problemin həllində tutduğu neytral mövqe, işğalçı ilə işğala məruz qalan arasında ciddi fərq qoymaması Azərbaycan ictimaiyyətində təbii ki, rəğbətlə qarşılanmır. ABŞ-ın yeganə super güc, 1 saylı qlobal oyunçu kimi münaqişənin həllində daha aktiv olması və ədalətli mövqe tutması gözləntisi doğrulmayanda təbii ki, bu dövlətə soyuq münasibətin yaranması normal qəbul edilməlidir. Bundan başqa, ABŞ-da güclü erməni lobbisinin mövcudluğu, bu lobbinin Vaşinqtonda qərarların qəbuluna müəyyən təsir gücünün olması da Azərbaycan ictimaiyyətində ABŞ-a yönəlik şübhələrin yaranmasına rəvac verir”.
Ş.Cəfərlinin sözlərinə görə, digər amil isə islam təəssübkeşliyi məsələsidir: “Aydındır ki, Azərbaycanda dindar və yaxud dinə meyl edən insanlar arasında ABŞ-a qarşı antipatiya var. Eyni zamanda, dindar olmayan bəzi əhali təbəqələrinin də ABŞ-a, Qərbə münasibətində dini təəssübkeşliyin müəyyən rol oynadığını söyləməliyik. Müsəlman dünyasının problemlərində, xüsusən bütün İslam dünyasının ortaq problemi olan Fələstin məsələsinin yaranması və davam etməsinin əsas səbəbkarı kimi insanlar məhz ABŞ-ı görür. Doğrudur və ya yanlışdır, o ayrı məsələ, amma baxış budur. İsrailin əsas dəstəkçisi və himayəçisi də ABŞ-dır və bu, dini təəssübkeşlik prizmasından məsələlərə yanaşan kəsimlərdə qıcıq doğurur.
Azərbaycanlıların ABŞ-a münasibətinin formalaşmasında Rusiya faktorunun da müəyyən qədər rolu var. Ölkədə Rusiya telekanalları izlənir və bunun Azərbaycan ictimai rəyinə təsirsiz ötüşmədiyini qeyd etməliyik. Lakin bu amilin rolunu şişirtmək yanlış olardı. Əsas amil Azərbaycan-ABŞ ikitərəfli əlaqələrinin səviyyəsi və xarakteri, eyni zamanda Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı siyasətidir".
Cia.az
