O halda həll modeli hüquqi qüvvəsi olmayan “Madrid prinsipləri”nə əsaslanacaq, yoxsa BMT, ATƏT, AŞ PA, AB qətnamələrinə? Bakı hadisələrin hər iki inkişaf ssenarisinə hazırlaşmaq zorundadır...; Üzeyir Cəfərov: “Rusiya olmasaydı, Azərbaycan öz ərazi bütövlüyünü çoxdan bərpa eləmişdi”
Gələn ay Nyu-Yorkda BMT Baş Məclisinin yubiley sessiyası çərçivəsində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaq. Bəllidir ki, belə bir təşəbbüs ABŞ-a məxsusdur. Prezidentlərin sonuncu Paris görüşünün ardınca (27 oktyabr 2014) bu, sayca 27-ci birbaşa təmas olacaq.
Bəzi nikbin siyasi müşahidəçilər hesab edir ki, Rusiya prezidenti Vladimir Putinin də eyni vaxtda Nyu-Yorkda olması təmasa xüsusi rəng qata, hətta Rusiya liderinin iştirakı ilə hansısa ilkin anlaşma da əldə oluna bilər.
Lakin o da var ki, Rusiya ilə Qərb arasında Ukraynaya görə gərgin atmosfer davam edir. Hətta son məlumatlara görə, Kremlə qarşı sanksiyalar daha da gücləndiriləcək və yeniləri tətbiq ediləcək.
*****
Moskvali politoloq Vladimir Çibulkoisə isə mətbuta açıqlamasında bildirib ki, Qərb Rusiyaya öldürücü zərbə vurmağa hazırlaşır: “Hazırda Putin ya dünya liderlərinin şərtlərini qəbul edəcək, ya da ona qarşı yeni sanksiyalar tətbiq olunacaq”. Onun sözlərinə görə, neft qiymətləri və zəifləyən rubl Rusiya siyasi sinfinə ciddi dərəcədə təzyiq edib: “Putin ya dünya liderlərinin şərtlərini qəbul edəcək, ya da ona qarşı yeni sanksiyalar tətbiq olunacaq. Buna da Rusiya tab gətirməyəcək. Çünki söhbət ölkənin bank sisteminin və neft ixracının bütöv bloklanmasından gedir. Qərb artıq bu addıma qərar verəcək”.
Belədə Qarabağ kontekstində məntiqli sual ortaya çıxır: əcəba, konfliktin həllində təşəbbüskarlıq, patronajlıq bütünlüklə Qərbə keçsə və Rusiyanın məsələyə təsir imkanları minimuma ensə, problemin həlli hansı istiqamətdə gedəcək, Azərbaycanın köklü maraqları nəhayət, nəzərə alınacaqmı?
Doğrudur, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir və bu, bizim danışıqlarda vazkeçilməz üstünlüyümüz olaraq qalır. Münaqişənin ölkəmizin xeyrinə həlli üçün hüquqi baza da mənafeyimizə cavab verir. Bu - BMT Təhlükəsizlik Şurasının, Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, ATƏT və NATO Parlament assambleyalarının, İslam Əməkdaşlıq Təşkilatınin Dağlıq Qarabağa dair ədalətli, Ermənistanı təcavüzkar kimi tanıyan qətnamələridir, BMT Nizamnaməsi, ayrı-ayrı ölkələrin parlamentlərinin qərarlarıdır.
Dağlıq Qarabağda “referendum” nəzərdə tutan “Madrid prinsipləri”ndən fərqli olaraq, bunlar konkret hüquqi sənədlərdir və onları Azərbaycanın razılığı olmadan heç kim ləğv edə bilməz. Qalır bu sənədlərin gerçəkləşməsi.
*****
İş də ondadır ki, vasitəçilik imkanları tamamən Qərbə, ABŞ-a keçəndən sonra həll modeli tərəflərin qəbul etmədiyi, daha çox da Azərbaycan üçün “gec partlayacaq mina” effekti daşıyan “Madrid prinsipləri”nə əsaslanacaq, yoxsa az yuxarıda sadalanan beynəlxalq hüquqi sənədlərə?
Bütün hallarda soyuq məntiq diktə edir ki, rəsmi Bakı indidən bu variantlarla bağlı tədbirli olmalı və hadisələrin hər iki inkişaf ssenarisi üzrə inkişafına hazırlıq görməlidir. Unutmaq olmaz ki, nüfuzlu beynəlxalq erməni lobbisinin demokratiya paytaxtları ilə işləməkdə çox böyük təcrübəsi var. Azərbaycana təcavüzə məruz qaldığı halda ölkəmizə qarşı ABŞ Konqresinin “Azadlığa dəstək aktı”na elədiyi və hələ də ləğv olunmayan 907-ci düzəliş məhz erməni lobbisinin fəaliyyətinin nəticəsi idi.
*****
Bu xüsusda hərbi ekspert Üzeyir Cəfərovun 1 in.am erməni portalına müsahibəsində söylədiyi fikirlər də maraq doğurur. Ekspertin qənaətincə, əgər Rusiya olmasaydı, Azərbaycan çoxdan öz ərazi bütövlüyünü bərpa eləmiş, milyonlarla vətəndaş həm o tərəfdən, həm də bu tərəfdən iztirabdan qurtulmuşdu: “Bəli, müvəqqəti olaraq bizim ərazilərimiz işğal altındadır. Ancaq hamı başa düşür ki, indi 21-ci əsrdir və heç bir ölkə bu cür vəziyyətlə barışmayacaq. Və proses də ona doğru gedir ki, çox tezliklə hər şey əvvəlki vəziyyətinə qayıtmalıdır. Bu, necə olacaq, proqnozlaşdırmaq çətindir, ancaq təki qısa zamanda və minimal itkilərlə reallaşsın”.
Üzeyir Cəfərova görə, Rusiya Qarabağ məsələsində heç vaxt səmimi olmayıb: “Bunu Azərbaycanda da, Ermənistanda da, hər yerdə bilirlər. Mənim fikrimcə, Rusiyaya, hətta ABŞ və Fransaya da ara-sıra cəbhə xəttindəki gərginlik sərf edir. Onlar bundan məharətlə istifadə edərək Azərbaycana və Ermənistana silah-sursat verirlər. Şəxsən mən nə ATƏT-in Minsk Qrupuna, nə də onun həmsədrlərinə inanıram. 20 ildən çox müddətdə onlar nəyə ”qadir olduqlarını" sübut elədilər. Və heç kimə də sirr deyil ki, amerikalı həmsədr, cənab Ceyms Uorlik Qarabağ nizamlanması tarixinə az qala hər həftə bu mövzuda yazdığı və heç bir nəticəyə gətirməyən “şedevr” statusları ilə düşəcək. Əgər Uorlikə inansaq, Qarabağda çoxdan sülh və əmin-amanlıq bərqərar olub! Əslində isə o, yoxdur və heç vaxt da olmayıb. Düşünürəm ki, bunu Azərbaycanda da, Ermənistanda da anlamağın zamanı çatıb".
Hərbi ekspert Dağlıq Qarabağın statusunun önə çıxarılmasını perspektivsiz hesab edir: “İndi də tərəflərə az qala 20-30 dəfə müzakirə edilmiş bir variant (paket həll - red.) təklif olunur. Əgər məsələdə hər hansı irəliləyiş yoxdursa, hansı statusdan söhbət gedə bilər? Ona qalsa, Azərbaycan Dağlıq Qarabağa dünyada ən yüksək status vəd edib və indi də edir. Doğrudanmı aydın deyil ki, Azərbaycan beynəlxalq səviyyədə tanınmış ərazilər daxilində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək? Bu barədə dəfələrlə Azərbaycan prezidenti, müdafiə və xarici işlər nazirləri bəyan ediblər”.
O ki qaldı ədaləti Qərbdən gözləməyin mümkünlüyünə, Üzeyir Cəfərov bütün hallarda öncə BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair qətnamələrinin ciddi şəkildə yerinə yetirilməsini əsas şərt sayır: “Bu qətnamələrdə erməni silahlı birləşmələrinin Azərbaycan ərazilərindən çıxmalı olduğu aydın və konkret şəkildə əksini tapıb. Yalnız ondan sonra başqa məsələlərə baxıla bilər. Öncə insanlar öz daimi yaşayış yerlərinə geri dönməlidir. Məhz bundan sonra status və sülhməramlı qüvvələr məsələsi də daxil, yerdə qalan digər məsələlər müzakirə predmeti ola bilər”.
Cia.az
