ADP, Ümid və adı hələlik açıqlanmayan üçüncü tanınmış partiya arasında bu gün danışıqlar olacaq
ADP avqustun 5-də Ümid Partiyası ilə birlikdə “Qarabağ” bloku olaraq toplantı keçirib və parlament seçkilərində vahid bir blok şəklində iştirak etmək barədə razılığa gəlinib. Bu barədə ADP sədri Sərdar Cəlaloğlu “Yeni Müsavat”a açıqlamasında məlumat verib. Onun sözlərinə görə, yaradılacaq yeni bloka üçüncü bir partiya da qoşulmaq istəyir.
Bu məsələ avqustun 6-da saat 12-də həmin partiyanın rəhbəri ilə birlikdə müzakirə ediləcək. Ümumi prinsipial razılıqlar əldə ediləcəksə və əgər həmin partiya da qoşulacaqsa, blokun adı “Qarabağ” blokundan fərqli ad olacaq və yeni blokun rəsmi təsisçisi Ümid Partiyası, ADP və həmin adını hələ çəkməyi məqsədəuyğun saymadığım partiya olacaq. Partiyanın adı da razılıq əldə olunduqdan sonra ictimaiyyətə açıqlanacaq: “125-lər” isə həmin blokun tərkibində öz namizədlərini verib seçkilərdə iştirak eləyə biləcək. Bu barədə də bizim prinsipial razılığımız var".
S.Cəlaloğlu son qərar verilmədiyindən adını hələ açıqlamadığı üçüncü partiyanın tanınmış müxalifət partiyalarından biri olduğunu dedi.
ADP sədri onu da vurğuladı ki, əgər həmin partiya ilə razılıq əldə olunmayacaqsa belə, ADP ilə Ümid Partiyasının parlament seçkilərində birlikdə blok şəklində iştirak etmək qərarı qüvvədə qalır. Hər iki partiya seçkiyə “Qarabağ” bloku olaraq gedəcək.
Cia.az
