Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyənin Sarıqamış rayonu ərazindən keçən hissəsində partlayış baş verib. Qars valisi Günay Özdəmir hadisə ilə bağlı araşdırmaların davam etdiyini, bölgəyə mavi yanacaq nəqlinin dayandırıldığını bildirib. Onun sözlərinə görə, hadisə Sarıqamış rayonunda qeydə alınıb. Meşə sahəsində baş verən partlayışın səbəbi araşdırılır. Yanğının meşəyə keçməsinin qarşısı alınıb. Şahidlərin bildirdiyinə görə, partlayışın səsi 20 km uzaqlıqdan eşidilib.
Türkiyədə Bakı-Tiflis-Ərzurum qaz kəmərində partlayış qaz sızması nəticəsində baş verib və terror aktı deyil.
Bunu “Trend”ə boru kəmərinin keçdiyi Türkiyənin Qars vilayətinin valisinin ofisindən telefonla deyiblər. Qeyd edilib ki, partlayışa səbəb boru kəmərindəki qaz sızması olub.
ARDNŞ-in İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyevin sözlərinə görə, baş vermiş partlayış Azərbaycan tərəfinə zərər vurmayıb. “Qaz kəmərinin partlayışın baş verdiyi hissəsinin mühafizə işini Türkiyə tərəfi, "Botaş" şirkəti həyata keçirir. "Botaş" şirkəti ilə daimi əlaqələrimiz var.
Qeyd edim ki, xoşbəxtlikdən qrafikə uyğun olaraq cari təmir işləri ilə əlaqədar partlayış baş verməmişdən 8-9 saat əvvəldən Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Türkiyəyə qədər olan hissəsinə qaz verilməyib. Buna görə də Azərbaycan tərəfinə ziyan dəyməyib. Hazırda partlayışın səbəbləri araşdırılır. Bununla bağlı əlavə məlumat olanda bu barədə ətraflı məlumat veriləcək”, - deyə N.Quliyev vurğulayıb.
Axşama yaxın Bakı-Tiflis-Ərzurum qaz kəmərini PKK-nın partlatdığı rəsmən təsdiqlənib.
Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız deyib: “Terror təşkilatı xalqımızın dinc və rifah halına qəsd etdiyini bir daha göstərdi. Bu gecə saat 01:15-də Bakı-Tiflis-Ərzurum (Şahdəniz) təbii qaz boru xəttinin Sarıkamış Yağbasan kəndindəki hissəsinə terror təşkilatının etdiyi hücum qaz nəqlinin dayanmasına səbəb olub. Bunlar əllərindən gəlsə, təkcə Çuxurcada yaşayan qardaşlarımızı deyil, Nişantaşındakı vətəndaşlarımızı da elektriksiz və təbii qazsız qoymaq fikrindədirlər”.
Qeyd edək ki, Türkiyədə partlayışlarla bağlı xəbərlərə qadağa qoyulub.
Türkiyədə mediaya partlayış xəbərləri ilə bağlı rəsmi məlumatların verilməsi ilə bağlı bütün dövlət qurumlarına qadağa qoyulub
Bu barədə “Report”a Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Məlumata görə, Bakı-Tiflis-Ərzurum qaz kəmərinin Qars vilayətindən keçən hissəsində baş verən qəzadan sonra nazirlik Boru Xətləri ilə Yanacaq Daşıma Şirkətinə (BOTAŞ) bu hadisə ilə bağlı məlumat yaymağı qadağan edib. Şirkətdən isə sayta verilən açıqlamaya görə, hadisə ilə bağlı məlumatları nazirlik yayacaq.
Yeri gəlmişkən, İranın Türkiyə ilə şimal-qərb sərhədi bağlanıb. Virtualaz.org “Milliyet” qəzetinə istinadən bildirir ki, bunu İranın polis rəisi Hüseyn Aştari deyib.
H.Aştari deyib ki, sərhədin bağlanması barədə qərar. Türkiyədə son vaxtlar baş verən terror aktları ilə əlaqədar Ali Beynəlxalq Təhlükəsizlik Şurası tərəfindən qəbul olunub.
Polis rəisi deyib ki, sərhədin bağlanması ilə bağlı bütün suallar həmin quruma ünvanlanmalıdır.
Cia.az
