“Kristal” qrupunun rəhbəri Mədinə Məlik əməkdar artist Şamil Süleymanlının qızı olduğu haqda məlumat yayıb.
Cia.az-ın məlumatına görə, prodüser sosial şəbəkədə Milli Kino günü münasibəti ilə aktyoru “ata” adlandıraraq təbrik edib:
“Atam, canım, səni və sənin simanda bütün aktyorlarımızı təbrik edirəm. Allah səni mənə çox görməsin”. Daha sonra Mədinə axsam.az-a açıqlamasında həqiqətən də Şamil Süleymanlının qızı olduğunu qeyd edib: “Bəli, o mənim atamdır. Bu haqda heç vaxt danışmamışam və danışmayacam da. Onunla bağlı danışmaq istəmirəm. Bu o demək deyil ki, bizim münasibətimiz yoxdur. Atamla çox gözəl münasibətimiz var, tez-tez də danışırıq. Allah onu mənə çox görməsin. O mənim hər şeyimdir”.
Xatırladaq ki, əməkdar artist ötən il "5-də 5"in qonağı olarkən yeganə övladı "Zəif Bənd" verilişinin aparıcısı Solmaz Süleymanlı olduğunu bildirmişdi.
Məsələyə aydınlıq gətirmək üçün Qafqazinfo-nun əməkdaşı əməkdar artist Şamil Süleymanlı ilə əlaqə saxladı. Əməkdar artist məşhur prodüserin onun qızı olmadığını bildirdi:
“Bir dəfə də olsun Mədinəni adı ilə çağırmamışam. Həmişə ona “qızım” deyirəm, onunla fəxr edirəm. O isə məni “atam” deyə çağırır. Mədinəni üzdən mənə oxşadanlar var. O məni sadəcə olaraq sosial şəbəkədə təbrik edib, xəstəxanada olanda tez-tez mənə zəng edirdi. Mədinə kimi qızı olmaq pisdir? Mən Mədinənin bioloji atası deyiləm”.
Cia.az
