Rusiya prezidenti Vladimir Putin bu il sentyabrın ortalarında Nyu-Yorka yola düşmək və BMT-nin Baş Məclisinin yubiley sessiyasında çıxış etmək niyyətindədir. ANS-in məlumatına görə, sessiya tarixi hadisələrlə yadda qalacaq. ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaradılan ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində ümumi rəsmi əməkdaşlıq formatına malikdir.
Onlar Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevi və Serj Sarkisyanı təsadüfən Nyu-Yorka dəvət etmirlər və dövlət başçılarına orada görüşməyi və razılaşmağı təklif edirlər. Bu səfər baş tutacaqmı, bunu demək çətindir, hərçənd ki, Putin ABŞ-da olacaq, demək, Dağlıq Qarabağ problemi üzrə görüşün və hansısa razılığın əldə edilməsi ehtimalı yüksəkdir. Qarabağ problemində iki əsas məsələ var, hansı ki, indiyədək nə tərəflər, nə də vasitəçilər razılaşa bilmirlər. Bu, neytral zonaya yerləşdiriləcək sülhməramlı qüvvələrin tərkibi və sərhəd məsələsidir.
Görünən odur ki, Rusiya neytral zonaya öz qoşunlarını yerləşdirməyi, Qarabağ və Azərbaycan arasında yeni sərhədləri özü müəyyənləşdirməyi təkid edir. Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib ki, ABŞ Dağlıq Qarabağ üzrə beynəlxalq sülhməramlıların yaradılması haqqında BMT-nin yeni qətnaməsinin qəbulunda maraqlıdır. Erməni mətbuatı yazır ki, çox ehtimal ki, Ermənistanın müdafiə nazirinin birinci müavini David Tonoyanın ABŞ-a səfəri məhz bununla bağlıdır. O, Nyu-Yorkda BMT-nin sülhməramlı missiyalar üzrə nümayəndəsi ilə görüşüb. Onların Qarabağda BMT sülhməramlılarının ehtimal edilən yerləşdirməsi haqqında danışıb-danışmamaları barədə rəsmi informasiya yoxdur. Amma hadisələrin gedişatı və məntiq onu göstərir ki, görüşdə bu mövzu əsas idi. Göründüyü kimi, Qarabağ probleminin nizama salınması Rusiya və ABŞ arasında yeni əməkdaşlıq mərhələsinin nişanəsi kimi BMT Baş Assambleyasının iclasında imperativ olacaq.
Ehtimal var ki, Azərbaycanın ərazi bütövlüyü əsasında, müəyyən sərhədlər çərçivəsində Dağlıq Qarabağa hansısa status verilsin. Belə olan təqdirdə Ermənistanın Rusiya, yaxud beynəlxalq sülhməramlılar arasında seçim üçün manevr etməyə imkanı qalmayacaq.
Rusiyanın və ABŞ-ın sülhməramlıları hansı sərhədlərdə yerləşdirmək barədə Ermənistana verəcəkləri təklifdən çox şey asılı olacaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Nikolay Bordyuja və Rusiya Silahlı Qüvvələri Baş Qərargahı rəisinin müavini, general-polkovnik İqor Serqun iyun və iyul aylarında İrəvana səfərləri zamanı yeni sərhədin xəritəsini təqdim ediblər, hansı ki, bu, Ermənistanın maraqlarına tamamilə uyğun deyil. Ona görə də David Tonoyan ABŞ-a gedib. ABŞ-ın sərhədlə bağlı nə təklif etdiyi isə hələlik bəlli deyil. Bir sözlə, indiki status-kvonun saxlanılması İrəvan üçün çətinləşir.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri hesab edir ki, sülhməramlı xarici qoşunların Qarabağda yerləşdirilməsi o qədər də asan məsələ deyil: “Əvvəla, nəzərə almaq lazımdır ki, regional ölkələr, xüsusilə regionda İran və Rusiya kimi böyük dövlətlər Qərb dünyasının hərbçilərinin sülhməramlı adı altında olsa da Cənubi Qafqazda yerləşməsini birmənalı olaraq istəmir. Xüsusilə İran öz sərhədləri boyunca ABŞ-ın və Qərb ölkələrinin hərbi qüvvələrinin yerləşməsini qətiyyən arzulamır. Ona görə də Qərb-İran nüvə anlaşması kontekstində mən bu prosesi çox ağrılı və çətin görürəm. Başqa tərəfdən, əgər Rusiya iddia edirsə ki, sülhməramlılar ancaq Rusiya hərbi qüvvələrindən ibarət olacaq, bunu qətiyyən qəbul etmək olmaz. Bu, Azərbaycanın dövlət və milli maraqlarına ziddir. Çünki Rusiya sülhməramlılarının böyük ”praktikası" var. Biz bunu Gürcüstanda Abxaziya və Cənubi Osetiyada gördük. Məhz həmin sülhməramlılar vasitəsilə Gürcüstan torpaqları işğal olundu. Bu gün ilhaq olunaraq tədricən Rusiyaya birləşdirilmək üzrədir. Rusiyanın sülhməramlıları Moldovada Dnestryanı bölgədə yerləşir. Həmin bölgəni də Moldovadan demək olar ki, qoparıblar. Həmin sülhməramlı qüvvələr Moldova dövləti üçün potensial təhlükədir. Bütün bu təcrübələr göstərir ki, əgər Rusiya sülhməramlıları Qarabağda yerləşdiriləcəksə, bu, o anlama gələcək ki, Qarabağ birmənalı olaraq Azərbaycanda qoparılıb Rusiyaya təhvil veriləcək. Çünki Qarabağda rus qoşunlarının yerləşməsi Azərbaycanın suveren hüquqlarını əlindən alacaq. Azərbaycan istənilən müstəqil geosiyasi qərar verdiyi təqdirdə və bu qərar Rusiyanın maraqlarına uyğun olmadığı halda Rusiya yenidən Qarabağ yarasını qanadacaq və bu prosesi orada yerləşən sülhməramlı adlanan hərbi qüvvələri vasitəsilə idarə edəcək. Odur ki, rus qoşunlarını Azərbaycan ərazisinə dövlət adına buraxmaq böyük bir cinayət olardı".
O ki qaldı həm Rusiya, həm də Qərb dünyasının birgə sülhməramlılarının yerləşdirilməsinə, ekspert düşünür ki, Rusiya və ABŞ qoşunlarındansa, əgər sülhməramlı qoşunların yerləşməsi vacib şərt olacaqsa, bu, yalnız BMT-nin himayəsi altında mümkün ola bilər. Bu da konkret şərtlər altında mümkündür: “Birmənalı bəlli olmalıdır ki, gələcəkdə Dağlıq Qarabağın statusunun müəyyənləşməsi məsələsi orada referendumun keçirilməsinə bağlı olmalı deyil. Bu məsələ Dağlıq Qarabağ regionunun gələcəkdə sosial inkişafına bağlanmalıdır. Bəlkə həqiqətən də Azərbaycan elə böyük investisiya qoyacaq ki, Dağlıq Qarabağda yaşayan ermənilər heç vaxt Ermənistanla birləşmək və ya müstəqil olmaq istəməyəcək. Biz bu təcrübəyə şərqi Timurda və digər Avropa ölkələrində rast gəlmişik. Müəyyən sosial-iqtisadi inkişafdan sonra orada yaşayan etnik qruplar müstəqil olmaq ideyasından imtina ediblər”.
Cia.az
