Maliyyə Nazirliyi poliuretan üzlüklərin alınmasına pul ayırmayıbmış; Baş Prokurorluq istintaqın gedişi ilə bağlı “Yeni Müsavat”a açıqlama verdi
Bu il mayın 19-da Binəqədi rayonunda 15 nəfərin ölümünə, 56 nəfərin xəsarət almasına gətirib çıxaran yanğın baş verdi. Qısa bir vaxtda məlum oldu ki, bina poliuretan adlı materialla üzlənib və həmin material tezalışandır. Belə bir vəziyyətdə binanın kibrit kimi yanan materialla kimin və hansı hesabdan üzlətdirməsi sualı ortaya çıxdı.
Redaksiyamıza bu suallara qismən cavab olan məlumatlar daxil olub. Qaynağımız deyib ki, Binəqədidə binaların üzlənməsinə ayrılan vəsait dövlət büdcəsindən verilməyib. Həmin vəsait vergilər naziri Fazil Məmmədovun olub. Məlumdur ki, vergilər naziri 3 rayonun - Binəqədi, Şəmkir və Gədəbəyin qeyri-rəsmi kuratorudur. Həmin rayonlardakı abadlıq işlərinə də icra başçıları vasitəsilə nazirin özü nəzarət edir. Belə iddia var ki, Binəqədidəki binanın üzlənməsinə nazirin nəzarətindəki hesabdan pul ayrılıb. Yəni yanan binaya “ölüm paltarı” Fazil Məmmədovun pulu hesabına alınıb.
Qeyd edək ki, “Yeni Müsavat” mayın 23-də Maliyyə Nazirliyinə informasiya sorğusu yollayıb. Həmin sorğuda aşağıdakı suallara aydınlıq gətirilməsi istənilib:
1. Binəqədi rayonunda binaların üzlənməsinə dövlət büdcəsindən hər il nə qədər vəsait ayrılıb?
2. Vəsaitin təyinatı üzrə xərclənib-xərclənməməsinin auditi hansı nəticələr verib?
3. Ayrılmış vəsaitdən bilavasitə yanmış binanın üzlənməsinə nə qədər vəsait xərclənib?
4. Həmin binaya ayrılan vəsaitin təyinatı üzrə xərclənib-xərclənməməsinin auditi həyata keçirilibmi?
5. Keçirilibsə, nəticəsi necə olub?
Maliyyə Nazirliyinin mətbuat katibi, informasiya azadlığı üzrə məsul şəxs Mais Piriyev müvafiq araşdırmalardan sonra sorğumuza mayın 29-da cavab verəcəklərini bildirmişdi. Lakin hələ də sorğumuz cavabsızdır...
Qeyd edək ki, yanğından sonra həyata keçirilən istintaq tədbirləri çərçivəsində 2012-2013-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov tutulub. Onun barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Onun həbsi ilə bağlı yayılan ilkin rəsmi məlumatda deyilir ki, Q.Novruzov binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olub, lakin nəzarət etməyib və bu gün də səhlənkarlığının cəzasını çəkir. Bəs həmin o poliuretan üzlüyün binaya vurulmasına kim göstəriş verib? Həmin poliuretan üzlüyün binaya vurulması üçün pulu kim verib?
Hazırda istintaqçılar yanğınla bağlı araşdırmalarını davam etdirirlər. Artıq yanğının hansı səbəbdən baş verməsi haqda rəy də istintaq orqanına təhvil verilib. Binanın təsadüfi qığılcımdan və ya bilərəkdən yandırılması haqda suallara istintaq cavab verməlidir.
Baş Prokurorluğun mətbuat xidmətinə müraciət edib binadakı yanğının səbəbinin müəyyən edilməsinə yönələn istintaq hərəkətlərinin nəticəsi ilə maraqlandıq. Xidmət rəhbəri Eldar Sultanov bildirdi ki, hazırda cinayət işi üzrə istintaq davam etdirilir: “Cinayət işi üzrə zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə hadisənin çoxlu sayda zərərçəkmişləri və 200-dən artıq şahidləri dindirilib, yanğının baş vermə səbəbləri, yanğın nəticəsində vurulmuş ziyanın müəyyənləşdirilməsi məqsədi ilə iş üzrə məhkəmə-yanğın-texniki, tikinti-texniki, fiziki-kimyəvi, məhkəmə-tibbi və digər ekspertizalar təyin edilmiş, eyni zamanda müvafiq prosessual hərəkətlər yerinə yetirilir. İş üzrə təyin edilmiş ekspertizalar tamamlandıqdan sonra müvafiq qayda dA rəylərIN istintaqa təqdim olunması təmin ediləcək”.
Bu həbsləri ekspertlər, həmçinin ictimaiyyət yetərli hesab etmir. Əsas arqument kimi tutulan şəxslərin səlahiyyətlərinin çox aşağı olması göstərilir. Başqa sözlə desək, tutulanların binalara üzlük vurulmasında texniki işçilər olduğu vurğulanır. Qeyd olunur ki, bu şəxslər istəsəydilər belə binaların poliuretanla üzlənməsini özbaşına təmin edə bilməzdilər.
Bəs Baş Prokurorluq sözçüsü bu etirazları haqlı sayırmı?
E.Sultanov bildirib ki, hazırda istintaq davam edir: “Hadisənin baş verməsində təqsiri olan digər vəzifəli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək onların məsuliyyətə cəlb olunması istiqamətində istintaq əməliyyat tədbirləri aparılır”.
Yanğının ortaya çıxardığı suallar çoxdur, cavablar isə suallara adekvat deyil.
Cia.az
