|
İki ölkə arasında WikiLeaks qalmaqalı böyüyür

"Bu cür faktın mövcudluğu müttəfiqliyə xələl gətirə bilər"

Yaponiya ABŞ-dan WikiLeaks saytında yerləşdirilmiş ölkənin yüksək rütbəli məmurlarının ABŞ xüsusi xidmət orqanları tərəfindən izlənilməsi barədə məlumatlarla bağlı izahat verməyi tələb edib. 
Bu barədə jurnalistlərə Yaponiya Nazirlər Kabinetinin baş Katibi Yosixide Suqa deyib.
"Bu cür faktın mövcudluğu təəssüfə layiqdir və iki dövlət arasındakı müttəfiqliyə xələl gətirə bilər", - deyə o bildirib.
Jurnalistlərin suallarını cavablandırarkən o həmçinin Yaponiya hökumətinin məxfi informasiyanın ələ keçirilməsinə qarşı ciddi tədbirlərin görüləcəyini bildirib.
ABŞ Milli Təhlükəsizlik Agentliyi (NSA) Yaponiyanın siyasi xadimləri və iri şirkətlərinin rəhbərlərinin telefon danışıqlarını dinləyib. İzlənilənlər arasında Yaponiya Mərkəzi Bankının, maliyyə və ticarət nazirliklərinin nümayəndələri, Mitsubishi və Mitsui şirkətlərinin bölmələri də olub.
WikiLeaks saytının məlumatına əsasən, Birləşmiş Ştatlar Yaponiyanın öz tərəfdaşları ilə ticarət əlaqələri, ölkənin nüvə sahəsində siyasəti və diplomatik münasibətləri barədə ətraflı məlumata malikdir.
 
ABŞ Prezidenti Barak Obama və Yaponiyanın Baş naziri Şinzo Abe Linkoln Memorialı qarşısında, Vaşinqton, 27 aprel 2015-ci il
Cia.az