|
Almaniyadan öz obyektiv vasitəçi imicınə ağır zərbə

Dövlətin maliyyələşdirdiyi “Alman dalğası” radiosunun əməkdaşının Qarabağa qanunsuz səfəri və hazırladığı təxribatçı reportaj aranı qatdı; rəsmi Bakıdan sərt reaksiya gəldi; Berlinin anti-Azərbaycan gedişinin arxasında nə durur?

ATƏT-in Minsk Qrupunun Qarabağ probleminin dinc yolla həllinə yönəlik fəaliyyəti fiasko olduğundan, son vaxtlar formatın dəyişdirilməsi zəruriliyi tez-tez gündəmə gəlir. Əsasən də daha obyektiv və neytral vasitəçi kimi Avropa Birliyinin favorit dövləti kimi Almaniyanın adı hallanır. Onu ya ermənipərəst Fransanın yerinə gətirmək, ya da 4-cü həmsədr kimi namizədliyini irəli sürmək təklifləri səslənir.

Xatırladaq ki, Almaniya da Minsk Qrupunun üzvüdür. İnsafən, rəsmi Berlin Azərbaycanın ərazi bütövlüyünü həmişə tanıyıb və ona hörmətlə yanaşdığını bəyan edib. Elə ötən ay Almaniya hökumətinin Dağlıq Qarabağa aid hazırladığı hesabatda Ermənistan birmənalı işğalçı dövlət kimi təqdim edilib, Dağlıq Qarabağ da daxil, ölkəmizin işğal edilmiş ərazilərinin boşaldılması zəruriliyi əksini tapıb.
Buna qədər də analoji sənədlərdə Berlinin mövqeyi birmənalı şəkildə beynəlxalq hüquq normalarına söykənib və Azərbaycanın xeyrinə olub. O sırada Dağlıq Qarabağla bağlı Avropa Parlamentinin, AŞ PA, ATƏT və NATO Parlament assambleyalarının obyektiv sənədlərini rəsmi Berlin dəstəkləyib. Öz növbəsində Almaniya kansleri Angela Merkel bu ilin əvvəlində Azərbaycan prezidenti İlham Əliyevlə Berlində görüşü zamanı eyni ədalətli yanaşmanə ortaya qoyub, Rusiyanın münaqişənin həllində destruktiv rolunu pisləyib.
 
Qarabağ məsələsində məhz belə ardıcıl, prinsipial mövqe nəticəsində də Azərbaycanda Almaniyaya rəğbət hissi yaranmaqla yanaşı, onun haqqında obyektiv vasitəçi imici möhkəmlənib.   
 
*****  
Əfsuslar olsun ki, bu günlər belə bir imicə zərbə vuran xoşagəlməz hadisə baş verib. Almaniyanın ictimai yayım şurasının orqanı olan “Alman dalğası” radiostansiyası Dağlıq Qarabağ məsələsində Azərbaycana qarşı açıq-aşkar düşmənçilik mövqeyindən çıxış edib (virtualaz.org). Belə ki, radiostansiya işğal altındakı ərazilərimizdən hazırladığı reportajda qərəzə yol verib, separatçı-işğalçı qüvvələrin mövqeyini tərənnüm edib.
 
Reportajdan aydın görünür ki, radiostansiya əməkdaşı Kristianna Trippe Ermənistan üzərindən Azərbaycanın işğal altındakı ərazilərinə daxil olaraq separatçıları mədh edib, azərbaycanlıları “hamilə qadınları və uşaqları qətlə yetirən qəddar cinayətkarlar” obrazında təsvir edib. 


Materialda Azərbaycan ərazilərinin işğalında iştirak etmiş erməni zabit V.Arzumanyandan sitat verilir: “Biz ancaq öz ölkəmizi, kilsəmizi, qəbirlərimizi, torpaqlarımızı və ailəmizi müdafiə edirik. Biz döyüşmək, müharibə istəmirik”. 
 
V.Arzumanyanın 40 yaşlı qardaşı Anuşavan isə bu yaxınlarda könüllü kimi “Qarabağ ordusuna” yazılıb və hazırda ön xətdə xidmət edir. Deyir ki, “veteran qardaşından nümunə götürmək və ölkəsinin müdafiəsinə öz töhfəsini vermək” istəyir. Alman jurnalist işğalçı ordunun ön xətdəki mövqeyinə də baş çəkib. Erməni serjantlardan biri ona deyib ki, gecələr Azərbaycan snayperləri çox fəal işləyir, istənilən hərəkətə reaksiya verir. Atışmalar tez-tez olur. 
 
Təmas xətti yaxınlığındakı kənddə hazırda ermənilər məskunlaşıb. Jurnalist Boris adlı sakinin sözlərindən də sitat gətirir: “Burada bizim qanımız axıb. Bu torpaqlar uğrunda həlak olmuşuq. Azərbaycanlıları heç vaxt bağışlaya bilmərik. Onlar müharibə vaxtı bizim hamilə qadınlarımızı və uşaqlarımızı öldürüblər”.

Daha sonra “Alman dalğası”nın əməkdaşı Xankəndinə baş çəkib, orada qondarma “DQR” rejiminin “nazirləri” ilə söhbətləşib. Onların münaqişəyə dair tamamilə təhrif olunmuş fikirlərinə gen-bol yer verib. Xankəndində “DQR bayrağının qürurla dalğalandığını” yazıb. Trippe habelə, Xocalı aerportunun yerində inşa edilmiş yeni aeroportdan bəhs edib, Azərbaycan tərəfinin ora enən və ya qalxan istənilən təyyarəni vuracağına dair hədələrindən sonra aeroportun istifadəsiz qaldığını xatırladıb. Dağlıq Qarabağa hərbi və mülki yüklərin Ermənistanla yeganə quru əlaqəsini təmin edən “Laçın dəhlizi” ilə daşındığını bildirib.

*    *    *    *    *
Söhbət ilk dəfə olaraq sıradan alman KİV-lərindən birindən deyil, məhz “Alman dalğası”ından getdiyi üçün və radiostansiyanın mövqeyinin bir qayda olaraq rəsmi Berlinin mövqeyi sayıldığı üçün məsələ əlbəttə ki, ikiqat önəm daşıyır. 
 
Elə ona görə də hadisəyə Azərbaycanın rəsmi reaksiyası özünü çox gecikdirməyib. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev insidentlə bağlı Almaniyanın müvafiq qurumlarına müraciət ediləcəyini bildirib. Sözsüz ki, əcnəbi jurnalistin “qara siyahı”ya salınması da öz yerində.  
 
“Almaniya Federativ Respublikasının ”Deutsche Welle" ictimai yayım şirkətinin (“Alman dalğası” - red.) 31 iyul 2015-ci il tarixli “Dağlıq Qqarabağ münaqişəsində gərginlik artır” adlı verilişi qərəzli və birtərəflidir, obyektiv jurnalistika prinsiplərindən uzaqdır" - deyib XİN sözçüsü və radionun öz çəkiliş qrupunu qanunsuz olaraq işğal olunmuş ərazilərə göndərməsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və qanunlarının pozulması demək olduğuna xüsusi diqqət yönəldib.

 
“Verilişdə yalnız Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalının nəticəsində Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə yaradılmış qondarma rejimin ”hərbi və mülki nümayəndələri"nin yalan fikirlərinə yer ayrılır. Münaqişənin bilavasitə qurbanı olmuş və etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqları və əzab-əziyyətləri barədə isə məqsədli şəkildə heç nə deyilmir. Mahiyyət etibarilə veriliş Azərbaycan xalqına qarşı törədilmiş qanlı etnik təmizləmə əməlləri, Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü və bunun nəticəsində yaradılmış qondarma kriminal rejimin təşviqinə xidmət edərək, münaqişənin qurbanı olmuş bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə və Azərbaycan ictimaiyyətinə qarşı hörmətsizlik mənası daşıyır".
 
Hikmət Hacıyevin sözlərinə görə, “Alman dalğası” əsas məqsəd və məramlarından birinin dünya mədəniyyətləri və xalqları arasında anlaşmaya xidmət etdiyini iddia etsə də, bu veriliş vasitəsilə dini və etnik zəmində nifaqın gərginləşməsinə xidmət eləmiş olub: “Münaqişənin əsl mahiyyətini təhrif edərək, qərəzli və obyektivlikdən kənar veriliş təqdim etməklə radio eyni zamanda öz yerli və beynəlxalq tamaşaçı auditoriyasına da hörmətsizlik nümayiş etdirir. Bu cür yanaşma, eləcə də ifadə və mətbuat azadlığı prinsiplərinin kobud şəkildə pozulması və ondan sui-istifadə edilməsi kimi qiymətləndirilir. Ciddi narazılıq doğuran məqam ictimai yayım şirkəti olan ”Alman dalğas"nın Almaniyanın dövlət büdcəsi vasitəsilə maliyyələşdirilməsidir. Azərbaycan Almaniyadakı səfirliyi məsələ ilə əlaqədar bu dövlətin müvafiq qurumlarına rəsmi qaydada müraciət edəcək".
 
 
“Ümid edirik ki, Azərbaycan-Almaniya əlaqələrinin ruhuna, Minsk Qrupunun üzvü kimi münaqişə ilə əlaqədar Almaniyanın rəsmi mövqeyinə və media azadlığına zidd olan bu verilişin hazırlanması və efirə verilməsi məsələsi Almaniyanın aidiyyəti qurumları tərəfindən lazımınca araşdırılacaq və adekvat münasibət bildiriləcək”, - deyə XİN rəsmisi fikrini tamamlayıb.
 
*****
Diqqətli olmamız lazım. Çünki qalır məsələyə rəsmi Berlinin (o cümlədən Bakıdakı səfirliyin) və radionun özünün reaksiyası. Bu reaksiya Almaniya dövlətinin Dağlıq Qarabağ, işğal məsələsində sərgilədiyi mövqeyə adekvat olacaqmı? Bir az gözləyək. 
 
Sonda əlavə edək ki, məlum insidentədək Azərbaycan XİN-in “qara siyahısı”na Almaniya vətəndaşlarından demək olar, kimsə düşməyib. Axırıncı olay isə göstərir ki, Qərbdəki erməni dairələri və Azərbaycan əleyhinə olan digər dairələr məqsədli şəkildə Almaniya haqda obyektiv vasitəçi imicini dağıtmaq, Bakı ilə Berlinin arasını həmişəlik vurmaq, Qarabağ məsələsində Almaniyanı da öz tərəflərinə çəkmək üçün hərəkətə keçib. 
 
Odur ki, bu yandan da rəsmi Bakının anti-Berlin ritorikası işin yalnız ziyanına, məkrli dairələrin əlinə işləyə bilər. Bəlkə də “Alman dalğası” radiosunun bu addım elə son vaxtlar Azərbaycanda Almaniya əleyhinə aparılan rəsmi təbliğata bir cavab olaraq düşünülüb. Bütün hallarda öncə Qarabağdır.
Cia.az