|
Türkiyədə saxlanılan azərbaycanlı IŞİD-çilər qayıdır

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyədə İraq İslam Şam Dövlətinə qoşulmaq üçün Suriya ilə sərhəddi keçmək istədikləri iddia olunan Azərbaycan vətəndaşları ilə bağlı məsələni araşdırmaq üçün Türkiyədəki nümayəndəliyinə müvafiq təlimatlar verib.

“Türkiyənin dövlət qurumları ilə də məsələnin araşdırılması üçün təmaslar davam edir. Bu şəxslərin həqiqətən də Azərbaycan vətəndaşı olub-olmaması və Suriyaya hansı məqsədlə getdiyi araşdırmalar başa çatdıqdan sonra məlum olacaq”, - XİN mətbuat katibi Hikmət Hacıyev BBC Azərbaycancaya deyib.

Baş Prokurorluğun mətbuat xidmətindən BBC Azərbaycancaya məsələ ilə bağlı hər hansı şərh verilməyib və “ehtiyac yaradığı zaman açıqlama veriləcəyi” bildirilib.

Çərşənbə günü 4 Azərbaycan vətəndaşının Türkiyədə həbs olunması xəbərini Azərbaycanın İstanbuldakı Baş konsulu təsdiqləyib.

Həsən Zeynalov BBC Azərbaycancaya deyib ki, Türkiyə polisindən alınan məlumata əsasən, Türkiyənin cənubunda yaxalanan azərbaycanlılar arasında uşaq da olan eyni ailənin üzvləridir.

Onların sənədlərilə bağlı problem olmadığı üçün “biz işlə bilavasitə məşğul olmuruq”, amma polis konsulluğu bununla bağlı mütəmədi məlumatlandırır, diplomat BBC Azərbaycancanın Türkiyədəki müxbiri İlhamə Qasımlıya deyib.

Baş konsul saxlanılan şəxslərin İstanbul hava limanından Azərbaycana göndəriləcəyini qeyd edib.

"Saxlanılan şəxslərin Suriyadakı təşkilatlarla əlaqəsi təsdiqlənibmi" sualına cavabında Həsən Zeynalov deyib ki, Azərbaycanda durumun "sabit olması və Suriyadakı vəziyyətin sabit olmadığı bəlli olduğu üçün bu şəxslərin Suriyaya terror təşkilatlarına qatılmaq niyyətləri birmənalıdılr”.

Baş konsul saxlanılan şəxslərin Azərbaycanda hüquqi məsuliyyətilə bağlı sualı cavablayarkən deyib ki, bu məsələlər “Azərbaycandakı araşdırmalardan sonra bilinəcək”.