Mehdi Hüseynlə də aramızda mübahisə yaranmışdı.
Bu sözləri xalq şairi Fikrət Qoca təhsil aldığı Maksim Qorki adına Ədəbiyyat İnstitutu ilə bağlı xatirələrini danışarkən deyib.
Fikrət Qoca həmin institutun onun üçün bir ailə olduğunu bildirib: “Mənim gənclik illərimdə Bakıda Maksim Qorki adına Ədəbiyyat İnstitutunun Tərcümə fakültəsi üçün tələbə yığırdılar. Onda mən də sənədlərimin və şeirlərimin rus dilinə sətri tərcüməsini vermişdim. Bəyəndilər və məni dəvət elədilər ki, gedim oxuyum. Bizim institut SSRİ Yazıçılar Birliyinin nəzdində idi. Hər il SSRİ ölkələrindən bir nəfər yazıçı sədrlik edirdi. Biz oxuyan vaxt Mehdi Hüseyn sədr idi. Mehdi Hüseynlə də aramızda mübahisə yaranmışdı.
Sonra o, mənə dedi ki, sən yaxşı şair imişsən. Bəzən orada dəcəlliklərim olurdu, məsələn, 1 il yaradıcılıq ezamiyyətinə gedib-gəlməmişəm – Kamçatkaya, Sibirə gedib gəzirdim. Çağırırdılar ki, Fikrət, gəl, imtahan ver, yoxsa o biri kursa keçməyəcəksən”.
Xalq şairi bu əməllərinə görə hətta məhkəməyə verildiyini də qeyd edib: “O vaxt dalaşdığıma görə rektor məni yoldaşlıq məhkəməsinə verdi. Amma hamı rektoru günahkar çıxartdı. O da küsdü, əsəbləşib dedi ki, mən neyləyim axı, bu şuluqluq eləyir, amma istedadlıdır, çıxara bilmirəm, çıxarmaq istəmirəm. O illər bir başqa idi... Orada Rusiyanın ən böyük yazıçıları ilə oxumuşam.
Məsələn, Vasili Belov mənim seminar yoldaşım olub. Əvvəl şair kimi başlamışdı, sonra nəsr yazdı, amma seminardan çıxmadı. Dedi, mənim xoşuma gəlir, axıra qədər bizimlə qaldı, müdafiə etdi. İstedadlı şairlər çox idi orada. İndi həmin institutda iş başında olanların hamısı bizim tələbə yoldaşlarımız olub. Ümumiyyətlə, bizim institut ailə kimi idi”.
Cia.az
