|
Gürcüstanda azərbaycanlı şair-jurnalistin 95 illik yubileyi qeyd olunub

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) şair-jurnalist Dünyamalı Əliyevin (Dünyamalı Kərəm) 95 illik yubileyi qeyd olunub.

AMM-nin və Gürcüstanın Azərbaycanlı Jurnalistlər Biliyinin birgə təşkil etdiyi tədbirdə çıxış edənlər şair-jurnalistin həyat və yaradıcılığından danışıblar.

Bildirilib ki, Bolnisi rayonunun Qoçulu kəndində anadan olan Dünyamalı Kərəm 1937-1940-cı illərdə Tiflisdəki Pedaqoji Məktəbdə təhsil alıb, 1949-cu ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1954-cü ildə universiteti bitirdikdən sonra bir müddət “Kommunist” qəzetində çalışıb. Gürcüstana qayıtdıqdan sonra Dünyamalı Kərəm 1961-ci ildən “Sovet Gürcüstanı” qəzetində jurnalist fəaliyyətini davam etdirib.

D.Kərəm gənc jurnalist kadrların yetişməsində, milli mədəniyyətimizin, ədəbiyyatımızın inkişafında, azərbaycanlılarla bağlı həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında, eləcə də Azərbaycan-Gürcüstan dostluq münasibətlərinin inkişafında mühüm işlər görüb.

Tədbirdə yubilyara Gürcüstanın Mədəniyyət Nazirliyinin və digər təşkilatların diplomları və fəxri fərmanları təqdim olunub, xatirə hədiyyələri verilib.

Aşıqlar şairin şerlərinə bəstələnmiş mahnılar ifa ediblər.

Dünyamalı Kərəm tədbirin təşkilatçılarına və iştirakçılara minnətdarlıq edib, ona göstərilən diqqətdən və qayğıdan razı qaldığını bildirib.

Cia.az