|
Emin Milli qohumları ilə bağlı yeni bəyanat yaydı

“Onlar əmim oğlunu azad etdirmək üçün...” 

“İndi öyrəndim ki, bir neçə gün qabaq mənim əmim oğlu Polad Abdullayev həbs edilibmiş. Qohumlarımın mənimlə qohumluqdan imtina bəyanatı onu azad etdirmək üçün məcburi atılan bir addım idi. Polad indi azad olunub. Qohumlarıma qarşı kütləvi repressiyaların tətbiq olunması davam edir. Bir çoxu bu barədə danışmaq belə istəmir”. Bu sözləri Meydan TV-nin rəhbəri Emin Milli öz Facebook hesabında yazıb.

O qeyd edib ki, qohumlar məcburi şəkildə prezidentə məktub yazdıqlarını inkar edirlər: “Əcəb edirlər. Qınamıram. Başqa qohumlar da məndən imtina eləsinlər. İncimərəm. Amma mən heç bir halda öz yolumdan dönən deyiləm. Mənim yolum haqq yoludur və bu yolu da mən sona qədər gedəcəm. Bunu hər kəs bilsin və öz qərarını indidən versin".
Meydan TV-nin direktoru daha sonra hakimiyyəti sərt tənqid edib. Eyni zamanda, bildirib ki, hakimiyyət haqlıdır, hədəfləri də düz seçiblər: ”Amma mənim kimi hədəfləri vurduqca zəifləyəcəklər və daha çox insanı söz azadlığı uğrunda mübarizəyə qoşulmağa vadar edəcəklər. Son iki gündə yüzlərlə insan mənə və Meydan TV-yə dəstək olacaqlarını bildirdilər".
Qeyd edək ki, Meydan TV-nin direktoru Emin Millinin qayını Nazim Ağabəyovun və “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin qohumlarının həbsi artıq bir sıra beynəlxalq təşkilatlar tərəfindən tənqid edilməkdədir. 
Emin Millinin və Qənimət Zahidin qohumlarının son günlərdə onlardan imtina etməyə başlaması isə yaranmış vəziyyəti bir qədər də tündləşdirib.  

Bu mövzuda danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu xaricdə yaşayan Qənimət Zahidə və Emin Milliyə görə onların Azərbaycanda yaşayan qohumlarının həbs olunmasının bəzi məmurların hakimiyyətə “ayı xidməti” olduğunu bildirdi. Onun sözlərinə görə, bu hadisələr hakimiyyətin zərərinədir, beynəlxalq təşkilatlarda Azərbaycana münasibəti sərtləşdirir: “Kiminsə mövqeyinə görə onun qohumlarının cəzalandırılması, qohumların da həmin şəxslərlə qohumluqdan imtina etməsi qətiyyən xoş deyil, ölkəyə başucalığı gətirmir. Ata övladının, övlad atasının siyasi mövqeyinə görə cavabdeh deyil, nəinki kənar qohumlar cavabdeh olsunlar. Bəzi məmurlar özlərini göstərmək, guya hakimiyyətin keşiyində durduqlarını nümayiş etdirmək üçün məlum zərərli addımları atırlar, guya düşünürlər ki, Qənimət Zahidi, Emin Millini qohumlarını həbs etməklə qorxudacaqlar. Daha düşünmürlər ki, xaricdə olan həmin adamların heç veclərinə də deyil ki, Azərbaycanda qohumları var, ya yox... Açıqlamalarından da bu görünür. Onların qohumlarının həbs olunması məmurların özbaşınalığıdır və ölkəmizin ziyanınadır. 
 
Qəti surətdə bu iş pislənməlidir və buna son qoyulmalıdır. Bacarırlar xaricdə olan həmin adamlarla mübarizə aparsınlar. Qohumluqdan imtina edənləri isə müəyyən dərəcədə başa düşürəm. Azərbaycan xalqının canında 60-70 il öncənin qorxu hissi hələ də yaşayır. Həmin insanlar həbs növbəsinin onlara çatmaması üçün, özlərini xilas eləmək naminə qohumluqdan imtina edirlər. Əslində bununla həm də özbaşınalığı pisləyirlər. Hər bir halda yaranmş durum ölkəmizin imicinə mənfi təsir edir. Emin Milli və Qənimət Zahidin qohumlarını cəzalandırdıqca beynəlxalq təşkilatlar daha çox təzyiqi Azərbaycana göstərəcək, həmin adamlar da daha sərt danışacaqlar, yazacaqlar. Bu, Azərbaycana lazımdırmı? Xeyr! ”  
Politoloq Razi Nurullayev isə hesab edir ki, məsələyə bir neçə aspektdən yanaşmaq lazımdır.
Birincisi, qohumundan hakimiyyəti tənqid etdiyinə görə imtina etmək yaraşan hərəkət deyil. Amma əgər qohumlar da ciddi təzyiq ilə üzləşərək və çarəsizlikdən ediblərsə, o zaman bəlkə də onları da başa düşmək olar: “Yəni doğrudanmı onların digər çıxış yolu olmayıb? Emin Milli hakimiyyəti sərt tənqid edir. Amma o, xalq düşməni deyil axı. Belə görünür ki, biz də qohumlarımızı gərək təlimatlandıraq. Amma məsələnin ədalətli bir tərəfi də var. Emin Milli və Qənimət Zahid Avropada təhlükəsiz yaşayırlar. Onların əvəzinə isə hakimiyyət məhrumiyyəti və həbsi onların qohumlarına yaşadır. Bax bu nə qədər ədalətlidir? Təbii ki, bu, cəmiyyətin problemidir, siyasi sistemin repressiyasıdır. Amma hər kəsin iradəsi, hər kəsin yaşayışı və baxışı eyni deyil. Qohum da olsan belə.
 
Emin Milliyə münasibətim çox müsbətdir. O, həbsxana həyatı da yaşayıb. Geriyə dönsə, yeri yenə də həbsxanadır. Onun qohumları ilə bağlı münasibətini hələ bilmirəm. Amma Qənimət Zahidin münasibəti isə qıcıqvericidir. Münasibətini heç bəyənmədim və düşünmürəm ki, kimsə aydan arı, sudan durudur".
R.Nurullayev də baş verən hadisələrin Azərbaycanı sıxışdırmaq üçün bir sıra beynəlxalq təşkilatların əlinə fürsət verəcəyini düşünür.
Hakimiyyət təmsilçiləri və hüquq-mühafizə orqanları isə Qənimət Zahidin və Emin Millinin qohumlarının həbsinin həmin şəxslərin siyasi mövqeyi ilə bağlı olmadığını, həbs olunanların konkret qanun pozuntularına yol verdikləri üçün həbs edildiyini bildirirlər.
Cia.az